“Xəzər-Lənkəran” liqaya qayıdır? – “20 dəqiqəyə hər şey HAZIR OLACAQ”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2016-cı ildə Premyer Liqadakı fəaliyyətinə son qoyulan,
cənubun fırtınalı klubu “Xəzər-Lənkəran”ın geri dönüşü barədə
iddialar yayılıb.

Publika.az-a mövzu ilə bağlı açıqlama verən
klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bunları
dedi:

“Bu, çox həssas mövzudur ki, minlərlə insan bu arzu ilə
yatıb-durur. Ona görə qeyri-dəqiq xəbərlərlə minlərlə insanın hissi
ilə oynamaq olmaz. Müzakirələr gedir. Ancaq “Xəzər-Lənkəran”ın
gələn mövsümdən liqaya qayıdacağı ilə bağlı konkret qərar
yoxdur.

Hazırda akademiyamız fəaliyyət göstərir. Stadion yerində, baza
yerində. İşlər qaydasında gedir. Bircə çatışmayan
“Xəzər-Lənkəran”ın əsas komandasıdır. Buna da qərarı Mübariz
Mənsimov verəcək. Komandanın liqaya geri qayıtması üçün
infrastruktur baxımından tələb olunan hər şey hazırdır. Bu gün əmr
verilsin ki, “Xəzər-Lənkəran” liqaya geri dönür, biz 20 dəqiqəyə
hazır olacağıq. Yəni, durum bu səviyyədədir”.

H.Cəbrayıloğlu stadiouna məxsus ərazidə fəaliyyət göstərən
mağazaların bağlanma səbəblərinə də aydınlıq gətirdi:

“Əsas komanda olmadığı üçün təbii olaraq mağazaların iş
qabiliyyəti aşağı düşüb. Hər ay 3-4 oyun keçirirdik. 15 000 azarkeş
qəbul edirdik. Karnaval kimi matç olurdu. Ona görə də mağazalarda
satış yaxşı olurdu. İndi komanda yoxdur. Stadionla üzbəüz hərbi
hissə var idi. O da fəaliyyətini dayandırıb. Belə olduğu halda
mağazaların bir qismi bağlandı”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” klubu 2004-ci ildə fəaliyyətə
başlayıb. Klub Lənkəran şəhərini təmsil etsə də, futbol aləmində
bütün cənub zonasının təmsilçisi kimi daha çox məşhurluq qazanıb.
“Gəmiçilər”in “Neftçi” ilə qarşılaşmaları bütün ölkədə maraqla
izlənib və bu matçlar “Böyük oyun” adlandırılıb.

Xəzər Lənkəran 1 dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan
kubokunun sahibi, 1 dəfə isə Birlik Kubokunun qalibi olub. “Dəniz
Piyadaları” ev oyunlarını 15 000 azarkeş tutumuna malik olan
Lənkəran şəhər stadionunda keçirib. Stadion klubun pərəstişkarları
arasında “Fırtınalar meydanı” kimi məşhurdur.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp