Summativ qiymətləndirmə ilə bağlı təklif olunan YENİLİKLƏR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Orta təhsil müəssisələrində 2014-2018-ci tədris ili üçün
summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsində
məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.

Publika.az-ın məlumatına görə, bunu Təhsil
Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin
Əmrullayev deyib.

E.Əmrullayevin sözlərinə görə, aparılan təhlillərdən aydın olub
ki, şagirdlər kifayət qədər çox imtahan verirlər: “Şagirdlərin
tez-tez psixoloji gərginlik yaşaması düzgün deyil. Birinci sinifdə
təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik.
Bunu nəzərə alaraq, summativ qiymətləndirmənin sayını əsaslı
şəkildə azaltmağa çalışırıq. Yeni layihə hazırlanarkən beynəlxalq
təcrübə öyrənilib. Bu cür dəyişikliklər təhsilin keyfiyyətinə fayda
verəcək”.

Şöbə müdiri qeyd edib ki, qiymətləndirmə ilə bağlı
dəyişikliklərin edilməsi bəzi mübahisəli məqamların da həllinə
imkan verəcək.

Nazirlik rəsmisi əlavə edib ki, valideynlər eyni gündə bir neçə
summativin keçirilməsindən narazı qalırdılar. Bu məsələnin həlli
üçün hazırlanan yeni layihədə gün ərzində keçiriləcək summativlərin
maksimum sayı müəyyən edilib: “Hesab edirik ki, gün ərzində 3-dən
çox summativ qiymətləndirmə olmamalıdır. Eyni zamanda, başqa
mübahisəli məsələlərdən biri summativlərin müddəti ilə bağlı idi.
Bəzi müəllimlər summativləri 30, bəziləri isə 45 dəqiqə müddətində
edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin (KSQ) keçirilmə
müddətinin 45 dəqiqə olması təklif olunub”.

E.Əmrullayev bildirib ki, digər mübahisəli məqamlardan biri
şagirdlərin yekun qiymətinin müəyyən edilməsi ilə bağlıdır: “Indi
şagirdlər həm 3 və 4, həm də 3 və 5 qiyməti alanda, yəni hər iki
halda ona yekunda ortalama 4 qiyməti verilir. Yeni layihədə
summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi və
yekun nəticənin də bala əsasən müəyyən edilməsi təklif edilir. Yəni
yarımillik qiymət hesablandıqda KSQ-lərin qiymətləri deyil, ballar
toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də
şagirdlərdə oxumağa həvəs yaradacaq. Onlar hər dəfə ballarını
yüksəltməklə qiymətlərini yüksəltmiş olacaqlar. Yeni layihə biliyin
ölçülməsi baxımından qiymətlərin daha düzgün müəyyən edilməsinə
yardım edəcək “.

Şöbə müdiri deyib ki, yeni layihədə şagirdlər üçün bal şkalası
da aşağı salınıb: “Misal olaraq, şagird 3 qiyməti almaq üçün 40 bal
toplamalı idisə, indi onu 30 bala salmışıq. Layihədə hər kəsin
istədiyi kimi imtahan keçirməmək üçün imtahan suallarının sayı və
mahiyyəti ilə bağlı məsələlərə də aydınlıq gətirilib”.

E.Əmrullayev məktəbdaxili qiymətləndirmə ilə bağlı ilkin sənədin
2009-2010-cu illərdə hazırlandığını da söyləyib və əlavə edib ki,
hazırda layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırma
mərhələsindədir. Dövlət İmtahan Mərkəzi artıq layihəyə rəyini
təqdim edərək onu dəstəklədiyini bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyinin hazırladığı yeni layihədə
2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ
qiymətləndirmələrin sayının azaldılması, 1-ci siniflərdə summativ
qiymətləndirilmənin ümumiyyətlə ləğv edilməsi, bəzi siniflərdə isə
Böyük Summativ Qiymətləndirmənin keçirilməməsi təklif edilir.
(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp