Rəsmi maaşı 230 manat idi, amma 25 min manat alırdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləmiş
Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları
Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva,
Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır
Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş
tutan prosesdə şahid Xalidə Məmmədova ifadə verib.

O, deyib ki, klinikada mama-genekoloq işləyib: “Hazırda Gömrük
Xidmətinin hospitalında işləyirəm. Hamilə qadınlar qeydiyyata
düşürdü, müayinə olunurdu. Doğuşdan öncə kassaya pul köçürürdü, biz
də əməliyyat edirdik”.

Şahid qeyd edib ki, klinikadan nə qədər əməkhaqqı alması yadında
qalmayıb: “Əməkhaqqının məbləği xəstənin sayından asılıydı.
Ödənişin 50 faizi bizə verilirdi. Hər ayın sonunda kassada Nadya
xanımdan pulu götürürdüm. Aylıq qazancım 7-12 min manat
olurdu”.

Dindirilmədən məlum olub ki, Xalidə Məmmədovanın rəsmi maaşı 230
manatmış, reallıqda isə aylıq 25 min manat alırmış.

Növbəti proses fevralın 23-də davam edəcək.

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla
Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad
Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena
Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı)
maddələri ilə ittiham olunurlar.

Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, Leyla Şıxlinskayanın Klinikasının keçmiş baş
mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə
görə işdən ayrılıb.

Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək,
keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham
edib.

Leyla Şıxlinskayanın Klinikasında aparılan araşdırmalar zamanı
müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən
yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq
idarəsində araşdırma aparılır.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp