Fransanın sevdiyi azərbaycanlı yazıçı: “Kitabı çap olunmayıb, intihar edib”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Publika.az-ın müsahibi Banindən sonra Fransanın ikinci
azərbaycanlı tanınmış yazıçısı, həmçinin Fransanın ilk Azərbaycan
Nəşriyyat Evinin yaradıcılarından biri Nicat
Kazımovdur.

– Öncə əsərləriniz barədə danışmağınızı
istərdim.

– Bugünədək iki kitabım işıq üzü görüb. Bunlardan biri hələ Bakı
Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil
alarkən nəşr edilib. Kitab “İblisin oyunu” adlanır. O romanı 17-18
yaşlarımda qələmə almışam. Xeyli oxucu qazandıqdan sonra yaratdığım
bloqda və tanınmış saytlarda yüzdən çox hekayəm yayımlanıb. Korsika
adasında fransızca öyrəndiyim müddətdə “Rəngli daşlar” adlı
romanımı yazmağa başlamışam. Strazburq şəhərinə köçdükdən sonra isə
həmin roman üzərində daha operativ işlədim və nəhayət 2015-ci ildə
“Les Pierres en couleurs” (Rəngli daşlar), Parisdə tanınmış
nəşriyyat olan “Pantheon” tərəfindən çap olundu. İlk dəfə idi ki,
fransız oxucular mənim kitabımı əldə edib, oxuyurdular. Bu kitabın
fransızdilli ölkələrdə satışı ilə yanaşı, eyni zamanda internetdə
də satışı gerçəkləşirdi. Sevinirəm ki, günümüzədək kitab satılır və
oxunur. Romanla bağlı müəyyən uğur əldə etdikdən sonra
“Yuridiçeskiy sentr” (Юридический центр) nəşriyyatı mənimlə əlaqəyə
yaradaraq, kitabımı rus dilində çap etmək arzusunda olduqlarını
bildirdilər. Müqavilə imzalandıqdan sonra əsər rus dilinə tərcümə
olundu və “Разноцветные камни” adı ilə çap edildi. “Rəngli daşlar”
romanı yazıçılıq karyeramın ilk peşəkar məhsuludur.

– Bəs kitabınız Azərbaycan dilinə tərcümə
edilməyib?

– Azərbaycan dilli versiyası da var idi. Avropa İnsan Haqları
Məhkəməsində tanış olduğum Vəkillər Kollegiyasının sədri Anar
Bağırov kitabımı rus dilində oxuyub, bəyəndiyini bildirdi və
Azərbaycanda çapına qərar verdi. Lakin, sonra onunla razılığa
gəlib, kitabı internet üzərindən oxuculara pulsuz vermək niyyətində
olduğumu bildirdim. Sağ olsun, fikrimə hörmətlə yanaşdı. Bundan
sonra kitabı bloqumda paylaşdım. Onlayn şəkildə oxumaq nə qədər
çətin olsa da, “Rəngli daşlar” yenə uğur qazandı.

– Fransada fəaliyyət göstərən ilk Azərbaycan
nəşriyyatının əsasını qoymusunuz. Bu çox sevindirici haldır. Bu
haqda danışın, lütfən.

– “Editions Kapaz” (Kapaz yayınları) nəşriyyat evinin maraqlı
yaranma tarixi var. Strazburq şəhərində yaşayan tanınmış vəkil
Dilbadi Qasımovun “Balaca quş” adlı romanı işıq üzü görmüşdü.
“Rəngli daşlar” və “Balaca quş” romanlarının birgə təqdimatını
etmək qərarına gəldik. Kitab mağazalarının birində baş tutan
təqdimat mərasiminə xeyli oxucu gəlmişdi. “Rəngli daşlar” romanını
oxuyan bir fransız təqdimatın sonunda ikimizə də sual verdi:
“Azərbaycanlı yazıçılardan başqa kimin əsərləri ilə tanış ola
bilərikʔ” Belə bir sualın gələcəyini bilmirdik, üzülərək dedik ki,
Baninin əsərindən başqa, bu gün başqa kitab tapmaq çox çətindir.
Etiraf edim ki, Baninin əsərinə də kitab mağazasında nadir hallarda
rast gəlinir. Təqdimatdan sonra Dilbadi bəylə bu missiyanı öz
üzərimizə götürə biləcəyimizi qərarlaşdırdıq. Çətin qərar idi.
Böyük səbr, vaxt tələb edən iş idi. Nəşriyyat sistemi haqqında isə
demək olar ki, heç nə bilmirdik. Daha dəqiq belə izah edə bilərəm,
kitab oxumaq vaxt tələb edirsə, yazıçı olaraq kitabı yazmaq ikiqat
vaxt tələb edir, iş nəşrə gəlincə, məsuliyyət üçqat artır. Amma
bizim motivasiyamız çox yüksək idi.

– İlk nəşr edilən kitab hansı oldu?

– Əhməd Bəy Ağaoğlunun 1890-cı illərdə fransız dilində yazdığı
məqalələrin hamısını müəyyən mənbələrdən topladıq və çapına qərar
verdik. Bundan sonra komandamız da böyüməyə başladı. Fransanın
başqa tanınmış vəkilləri də bizim nəşriyyata qoşuldu və işlərimzin
sürəti durmadan artdı. Jan Emmanuel Medina (Jean-Emmanuel Medina),
Teri Edmon (Therry Edmond), Əbdülkərim Mamuri (Abdelkarem
Maamouri), Albert kimi ədəbiyyat həvəskarları “Editions Kapaz”in
üzvlərinə çevrildilər. Və əlavə olaraq böyük tərcüməçi komandası
yaratmağa müvəffəq olduq. Peşəkar tərcüməçilər bizimlə işləməyə
başladı.

– Yəqin ki, yalnız azərbaycandilli ədəbiyyatı tərcümə və
çap etmirsiniz.

– Həm Azərbaycanın klassik ədəbiyyatını, həm Türkiyənin, eləcə
də başqa ölkələrin əsərlərini çap edirik. Yəqin komandamızın
uğuruna görədir ki, Xorvatiyanın best seller yazıçısı Edin Hadzic
bizimlə əlaqə yaradıb, kitablarının yayın haqqlarını Fransada bizə
vermək istədiyini dedi. Bu xəbər bizi qürurlandırdı və tezliklə
xorvat tərcüməçimiz dərhal işə başladı. Bundan sonra Serbiyanın
Nobel mükafatlı yazıçısı olan İvo Andriçin serb dilindən fransız
dilinə tərcüməsinə də start vermiş olduq. Nəşriyyatımız, həmçinin
Fransanın çoxmillətli ölkə olduğunu nəzərə alıb, hər il bir dəfə
xüsusi nəşrlərlə məşğul olmağa qərar verib. Yəqin bilirsiniz ki,
Fransada çoxlu türk yaşayır. Bu ölkədə artıq üçüncü nəsil türk
yetişir. Sevinirik ki, Strazburqda yaşayan türk yazıçı da öz
müəllif haqqlarını bizə verdi. Həmin əsərin çapını yeni
bitirmişik.

– Fransada əcnəbi yazıçı kimi tanınmaq nə dərəcədə
mümkündür?

– Çətin sualdır. Bilirsiniz, Fransa 66 milyonluq ölkədir. Bu
qədər əhali arasında tanınmaq mümkün deyil.

– Elə götürək sizi …

– Ətrafımdakı insanlar və məni uzaqdan tanıyanların hamısı
yazıçı olduğumu bilirlər. Özəlliklə Strazburq şəhərində yaşayanlar.
Düşünürəm ki, buna səbəb Strazburq Universitetinin keçmiş
prezidenti Alen Beretzin kitabımla şəkil çəkdirməsi olub. Bunun özü
Strazburq Universitetində bir çox tələbələr arasında yazıçı kimi
tanınmağıma səbəb oldu. Bilirsiniz, əslində bugünədək dəfələrlə
müsahibə təklifi almışam, amma ilk müsahibəni sizə verirəm.
Düşünürəm ki, insanlar tərəfindən yazıçı kimi tanınmağıma ehtiyacım
yoxdur. Yazmaq, ədəbiyyat mənim üçün böyük bir bağlılıqdır,
zövqdür. Bu zövqümü ictimailəşdirmək qəribə gəlir.

– Mənsə düşünürəm ki, xaricdə yaşayan həmvətənlərimizin
uğurlarını qabartmalıyıq.

– Şübhəsiz, hər bir yazıçı müəyyən dərəcədə eqoistdir. Amma bu
eqoizmi öz içində yaşayan və biruzə verib, kommersiyaya çevirən
yazıçılar var. Bu ikisinin arasında çox fərq var.

– İstedadlı insanlarımızın PR kampaniyaları mütləq
aparılmalıdır. Məsələn, Banin haqda araşdırma yazanda rəsmi varisi
üzülərək bildirdi ki, o, Fransada yetərincə tanınmayıb. Mən hələ
ölkəmizdən danışmıram.

– Bilirsiniz, Fransada nəyinsə və ya kiminsə tanınması üçün ən
önəmli şey məhsulun keyfiyyətidir. Məhsul keyfiyyətlidirsə, işin
50% görülmüş olur. Zənnimcə, Baninin tanınmamasına əsas səbəb onu
çap edən nəşriyyatın keyfiyyətdə axsaması olub. Bizim nəşriyyatın
ən böyük işi elə PR kampaniyasının üzərində qurulur. Amin Maaloufun
yayım haqqlarını almağa maddi imkanımız yoxdur, amma ədəbiyyata
yeni gəlmiş bir yazıçının əsəri keyfiyyətlidirsə, onu kəşf edib,
Amin Maalouf dərəcəsində tanıtmaq vəzifəmizdir. Bayaq da qeyd
etdiyim türk yazıçının üzərində hazırda belə bir kampaniya
başlamışıq. 17 fevral tarixində Strazburqun ən böyük
restoranlarından birində böyük bir təqdimat keçirəcəyik. Bura
Strazburqda yaşayan tanınmış insanlar da gələcək. Biz həmin şəxsin
kitabını çap etməklə kifayətlənə bilərdik, amma başa düşürük ki,
gələcəyimiz üçün ən böyük iş reklam kampaniyalarıdır. Oxucu
tanımadığı yazıçının kitabını almaqda çətinlik çəkə bilər.
Məqsədimiz elə peşəkar təqdimat etməkdir ki, kitab mütləq
alınsın.

Məşhur tərcüməçi Elvin Abbasbəyli Nəriman Nərimanovun Azərbaycan
ədəbiyyatında ilk roman sayılan “Bahadır və Sona” əsərini tərcümə
etdi və biz bu ay həmin əsəri çap edəcəyik. Kitab hələ hazır deyil,
lakin Strazburq Universitetinin Türkologiya fakültəsi artıq
kitabımızın təqdimatını etmək istəyir. Burada ciddi bir nüans var.
Çünki, çap etdiyimiz əsərlər böyük kitab mağazasında satılır, hətta
bunlardan biri nəinki Fransanın, dünyanın ən nəhəng nəşriyyatı olan
Gallimardın kitab mağazasıdır. Azərbaycanlı yazıçıya aid bir
kitabın bu mağazada olması böyük uğurdur. Təkcə yazıçı, nəşriyyat
üçün yox, eləcə də Azərbaycan və çap edəcəyimiz başqa ölkələr
üçün.

Картинки по запросу ИНТЕРЕСНЫЕ БИБЛИОТЕКИ ВО ФРАНЦИИ

– Həmçinin fransızlar kitaba bizdən çox maraq
göstərirlər.

– Əbəttə, bir kitabın mağazada olması gün ərzində ən az min
nəfərin kitabı əlinə alıb, incələməsi deməkdir. Nəzərə alın ki,
Fransada kitab mağazalarına axın restoranlardan qat-qat çoxdur.
Kitabı əlinə alan hər bir şəxs yazıçı, nəşriyyat və əsərlə
tanışlıqdan əlavə, həmin ölkənin adını da eşitmiş olur. Bu ölkəni
tanımaq istəyən şəxs isə mütləq həmin kitabı alır.

– Nəşriyyatınızın rəsmi saytı var?

– Hazırda hazırlıq prossesi gedir. Saytımızın hazırlanması PR
kampaniyamızı daha da sürətləndirəcək.

– İxtisasca hüquqşünassınız. Sahəniz üzrə
çalışmısınız?

– Gəncədə ziyalı ailədə anadan olmuşam. Cəfər Cabbarlı adına 6
saylı orta məktəbi bitirmişəm, Bakı Dövlət Universiteti Beynəlxalq
münasibətlər fakültəsində 1 il təhsil aldıqdan sonra təhsilimi
Hüquq fakültəsində davam etdirirəm. Hüquq karyerama görə hüquqi
işlərlə tez-tez məşğul oluram. Avropa Şurasında, eləcə də başqa
beynəlxalq qurumlarda akreditasiyası olan “Oriw” cəmiyyətində
işləyərkən, Fransada yaşayanların rastlaşdığı islamofobik
hadisələrin raportlarını vermişəm. Belə inkişaf etmiş cəmiyyətlərdə
bu cür hadisələrlə qarşılaşmaq üzücüdür. Fransada müəyyən iş
qurumlarında, məktəblərdə müsəlman fransız vətəndaşların
diskriminasiya olduğu haqqında hesabatla tanış olub, müəyyən
qurumlara məruza etmişik.

– Necə düşünürsünüz, fəaliyyətiniz öz bəhrəsini
verib?

– Müəyyən dərəcədə bəli, çünki buna görə işlədiyim orqan
Brüsseldə və Cenevrədə böyük konfranslara dəvət olunaraq həmin
hesabatlar orada da səsləndirilib və bunların hamısı qeydə alınıb.
Həmin təşkilat diskiminasiayaya uğramış şəxsləri vəkillə təmin
edərək hüquqlarını müdafiə edib.

– Sizcə, çağdaş yazıçı hansı yaş həddindən olan
oxucuların maraqlarını nəzərə almalıdır?

– Elə bir limitin olduğunu düşünmürəm. Əsərlər kateqoriyaya
bölünür. Həmin kateqoriyaları isə müxtəlif yaş həddindən olan
insanlar oxuya bilir.

– Yaxşı yazmağı öyrənmək üçün mütləq yazmaq lazımdır.
Bəs siz necə düşünürsünüz?

– Anamın bir sözü var: “Yaza-yaza yazıçı oldun”. Bəlkə də
doğrudur.

– Deyirlər, bir neçə uğursuz əsər yazmadan istedadlı
yazıçı olmaq mükün deyil.

– Sizə Con Kennedy Tul adlı bir yazıçıdan danışmaq istəyirəm.
1937-ci ildə Amerikada anadan olub. Həyatı boyunca “A Confederacy
of Dunces” adlı bir əsər yazır. Lakin onu heç bir nəşriyyat qəbul
etmir. Nəhayət, bunu özünə sığışdıra bilməyən yazıçı intihar edir.
Yazıçının anası oğlunun əsərini oxuyaraq, əslində yaxşı əsər
yazdığını, nəşriyyatların niyə qəbul etmədiyini başa düşə bilmir.
Bu səbəbdən oğlunun əsərini götürüb, əsərin çapından imtina etmiş
böyük nəşriyyatlardan birinə gedir və nəşriyyatın sahibini göz
yaşları ilə razı salır ki, oğlunun əsərini oxusun. Nəşriyyatın
sahibi əsəri oxuyur və çox bəyənir. Kitab çap olunur və dünyanın
demək olar ki, hər bir dilinə tərcümə olunur. Sözüm ondadır ki, hər
bir yazıçı bəlkə də uğursuz başlayır, amma ən önəmli məsələ
şansdır. Bəzən uğurlu əsərlər işıq üzü görmür, bəzən də tərsinə
olur.

– Sonda ədaləti cəmiyyəti bir neçə cümlə ilə təsvir
edin.

– Hüquq sisteminin işlədiyi, insanlar arasında bərabərlik
prinsipi olan cəmiyyət ədalətli cəmiyyətdir.

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp