DMX və DTX birgə əməliyyat: 26 əcnəbi saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Təhlükəsizlik
Xidməti (DTX) ilə birgə fevralın 12 və 14-də qanunsuz miqrasiyaya
qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər
Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26
əcnəbi saxlanılıb.

DMX-dan Publika.az-a verilən məlumata görə,
araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər
Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama
qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə
gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.

Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən
Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav
Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə
göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən
edilib.

Qeyd olunan şəxslər Hindistan vətəndaşlarını aldadaraq yüksək
aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azərbaycan
Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə
müəyyən məbləğdə pul vəsaitlərini mənimsəyiblər.

N.D.Patel aldadılaraq ölkə ərazisinə gətirilən Hindistan
vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi rayonları
ərazisindəki müxtəlif ünvanlarda yerləşdirib, özü isə məqsədli
şəkildə Gürcüstan istiqamətində Azərbaycan Resublikasını tərk
edib.

Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər
tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına
gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya
kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp