Dinini dəyişib xristian olan azərbaycanlı məşhur xanım: “Niyə bir qadının üç əri olmaz?”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Elə situasiyalar var ki, gördüyün obyektdən, hiss
etdiyin enerjidən və dayandığın mövqedən asılı olmayaraq,
heyranlığının aurasına bürünüb qalırsan. Bütün ayrı-seçkiliklərə,
fərqliliklərə rəğmən uğurun dalınca qaçan adamların həyat eşqi səni
dəhşətə gətirir. Necə ola bilər ki, bir insan hər saniyəsini
çərçivəyə saldığı, planlaşdırdığı halda həmin çərçivənin içində
rahatlığını tapsın? Görəsən, uğurun sirri budur? Bir insanı bütün
həyatını həsr edəcək şeylərə bağlayan yeganə qüvvə təkcə uğur ola
bilməz.

Bu sualların cavabını Fəridə Əzizovada axtarmağa
çalışdıq. Çünki onun döyüşü təkcə cəngavərlikdən ibarət deyil, həm
də bir həyat mübarizəsidir. Çünki o, kişisayağı tərzi özünə qalxan
edib onlarla kişinin içində təkcə təpiklə deyil, ağılla, məntiqlə
vuruşan bir qadındır.

Publika.az 2012-ci il London olimpiadasında
Azərbaycanı təmsil edən ilk taekvondoçu qadın, yeniyetmələr
arasında dünya çempionu, gənclər arasında Avropa çempionu, qadınlar
arasında dünya üçüncüsü, Avropa oyunlarının gümüş medalçısı
Fəridə Əzizova ilə müsahibəni təqdim edir:

“Mənə təkan verən səhhətimdəki məhdudiyyətlər
oldu”

– Fəridə, başlayaq idmana gəlməyindən. Bu sahəyə marağın
necə yarandı?

Uşaqlıqdan səhhətimdə problemlər var idi. Qan
dövranı ilə bağlı həkim məsləhət gördü ki, idmanla məşğul olum.
Həmçinin, hiperaktiv uşaq idim. Hərəkətdə olmağı sevirdim. Mənə
təkan verən elə səhhətimdəki məhdudiyyətlər oldu. Müalicədən 6 ay
sonra valideynlərim idmandan uzaqlaşdırmaq istədi. Ancaq mən davam
etməyi seçdim. İdmana çox bağlanmışdım və sevdiyim döyüş növünü
seçərək karyerama başladım. Döyüş növlərini çox sevirdim.

– Bu döyüşkənlik, yəqin ki, uşaqlıqdan
gəlir?

Bəli.

“Bütün günüm oğlanlarla keçirdi”

– Oğlanlarla aran necə idi?

Həyətə düşəndə bütün günüm oğlanlarla
keçirdi. Futbol oynayırdıq, bizdə “vayna-vayna” deyilən bir oyun
var idi, döyüş növlərindən ibarət. Ondan oynayırdıq. Qızlarla heç
oynamırdım, çünki oğlanlarla daha maraqlı idi. Onlar adətən
gəlinciklərlə evcik-evcik oynayırdı. Elə oyunlar isə mənə maraqlı
gəlmirdi.

– Kifayət qədər uğur qazanmısan. Bununla
kifayətlənəcəksən?

– Əlbəttə ki, yox. Hər bir professional idmançı üçün
karyerasının pik nöqtəsi olimpiyanın birincilik kürsüsüdür. Mən iki
dəfə iştirakçısı olsam da, medal qazana bilməmişəm. İstəyirəm
2020-ci il olimpiyadasında iştirak etmək şansı məndə olsun. Atalar
üçdən deyib. Bu dəfə artıq yaxşı bir nəticə əldə etməyə
köklənmişəm.

Ümumiyyətlə, bir idmançı üçün vacib olan xüsusiyyətlər
nələrdir?

– İlk növbədə, işini sevməlisən. Daha sonra səbir etmək,
təmkinli olmaq. Sonra isə intizamlı olmaq. Psixoloji baxımdan isə
hər şeyə hazır qalmaq önəmlidir. Elə dövrlər olur ki, ard-arda
medallar qazanırsan. Ancaq bir müddət sonra bədən yorulur. O zaman
nəticə verməyə də bilirsən. Elə həmin zamanda səbir etmək lazımdır
ki, o prosesi yaşayıb öhdəsindən gələ biləsən. Məhz bu səbəbdən
karyeralarına son qoyan idmançılar az deyil. İdman tez başa gələ
bilən bir iş deyil. Məşqdə 100 təpik atırıqsa, döyüşdə sadəcə 10
təpik şansımız olur.

“Hər dəfə o kürsüyə qalxanda elə bil torpaqlarımızı geri
qaytarıram”

– Bir müddət idmandan uzaqlaşmaq kimi bir təhlükə ilə
üzləşdin, amma sevimli sənətini buraxmadın. Bunun öhdəsindən necə
gələ bildin?

Əslində bu yaxınlarda da travma
almışdım.Əməliyyat olundum. Ancaq tez bir zamanda məşqlərə
qayıtdım. Travmadan sonra ruhdan düşmədim. Bilirdim ki,
müvəqqətidir. Bundan əvvəl də dəfələrlə ağır zərbələr almışdım.
Hətta yatağa düşdüyüm vaxtlarda belə mənim üçün sonluq gəlməyib.
Çünki işimi sevirəm.

Londonda keçirilən olimpiya oyunlarına vəsiqə qazanan
ilk azərbaycanlı qadın və ən gənc taekvondoçusan. Nə hiss
edirdin?

– Düzü, qorxmurdum. Bir idmançı lisenziya mərhələsindən keçib,
olimpiya oyunlarında rəqibin qarşısında dayanıbsa, demək onda qorxu
yoxdur. Amma həyəcan vardı və olmalı idi. Bu, hər bir professional
döyüşçüyə xas xüsusiyyətdir. Məsuliyyət hissi olanda, təbii ki,
həyəcan yaratmalıdır. Çünki uduzanda heç bir şey hiss etmədinsə,
deməli gələcəyin yoxdur.

– Uğurlu nəticə əldə edəndə hansı hisslər
yaşayırsan?

– Hər dəfə bu tip suallar veriləndə cavabım eyni olur. Çünki bu
hiss həqiqətən də, mənim üçün eyni qalır. Təsəvvür edin ki, səhər
oyanmısız işğal olunan torpaqlarımız geri qaytarılıb və bütün ölkə
bunu bayram edir, hər yerdə insanların bayrağımızla gəzdiyini
görürsünüz. O, anda hansı hissləri keçirərsiniz? Məhz mən də hər
dəfə kürsünün ilk pilləsinə qalxıb, himni səsləndirəndə həmin
hisslərə bürünürəm. Elə bil, hər dəfə o kürsüyə qalxanda
torpaqların bir hissəsini geri qaytarıram.

– Bəs bir qadın, bir insan kimi?

– Çəkdiyim əziyyətin qarşılığını almaq məni qane edir.
Çempionata qatılmaq üçün əvvəl açıq birinciliklərə qatılırıq. Orada
zədə alırıq, yoruluruq. Ancaq bütün çətinliklərə baxmayaraq, davam
edirik. Böyük, kiçik olmasından asılı olmayaraq hər yarışdan öncə
qarşıma məqsəd qoyuram ki, mən bunun öhdəsindən gəlməliyəm. Yarış
bitdikdən sonra isə öz-özümə deyirəm “mən bunu da bacardım”. Buna
görə özümlə qürur duyuram. Ancaq təbii ki, hədəflər bununla bitmir.
Bir professional idmançı kimi illər ötdükcə idmanı daha yaxşı başa
düşürəm. Lap əvvəllər təcrübəsiz olursan, ancaq döyüşürsən. Bir
müddət sonra isə döyüşdə cəngavərlik deyil, daha çox ağıl, taktika
tələb olunur. Zaman ötdükcə idmanı daha dərindən anlamağa
başlayıram.

“Deyirdi ki, qız uşağısan, neynirsən döyüş
sənətini”

– Peşənə ailənin münasibəti necədir?

– Anam qarşı çıxırdı. Deyirdi ki, qız uşağısan, neynirsən döyüş
sənətini. Ancaq indi qarışmırlar, sağ olsunlar. Yetkinlik yaşıma
çatmışam. Onlar da başa düşür ki, mənim tutduğum yol düzgündür.
İdmançıyam, pis vərdişlərim yoxdur, iki universitet oxuyuram və
bütün günü göz önündəyəm. Öz taleləri ilə barışıblar, çünki idmanı
atmayacağımı bilirlər.

– İdmançı olmasaydın həyatını hansı istiqamətdə
qurardın?

– Həmişə fikirləşirdim ki, idmançı olmasaydım, hüquqşünaslığı
seçərdim. Ancaq indi idmançıyam və eyni zamanda, hüquqşünaslıq
təhsili də alıram. İdman karyerası həmişəlik deyil. Müəyyən yaşdan
sonra bitirmək məcburiyyətindəsən. Mən də karyeram bitdikdən sonra
hüquqşünas kimi çalışmağa qərar vermişəm. Hazırda Xarkov
Universiteti Hüquqşünaslıq fakültəsinin 1-ci kurs tələbəsiyəm.

– Niyə məhz hüquqşünaslıq?

– Çünki nizam-intizama öyrəşmiş adamam. Hüquq sahəsində də hər
şey qanunlar çərçivəsindədir. Bizim cəmiyyətdə gender bərabərliyi
problemi olduğuna görə qadınların hüquqları tapdalanır və bu,
olduqca normal hal hesab edilir. İstəyərdim ki, elə qadınların da
hüquqlarını müdafiə edim. Şəhərdə yenə vəziyyət normaldır. Ancaq
rayonlarda elə qadınlar var ki, hüquq sözündən xəbərləri belə
yoxdur. Niyə bir kişinin üç arvadı ola bilər, ancaq bir qadının üç
əri ola bilməz? Qadınlar bunları bilmir. Ya da cəmiyyət belə
aşılayıb ki, bilməməlidir. Lakin bunlar hamısı birbaşa insan
hüquqlarının pozulmasıdır.

– Yeri gəlmişkən, ötən həftə qatıldığım BMT-nin
konfransında məhz səni uğurlu bir qadın taekvondoçu kimi gender
bərabərliyinə misal çəkmişdilər. O zaman sənin kifayət qədər
nüfuzunun olduğuna şahidlik etdim. Bu, sənə kifayət
edirmi?

BMT mənə gender bərabərliyi mövzusunda
videoçarxa çəkilməyi təklif etmişdi. Təbii ki, sevindim və
razılaşdım. Həmin videoçarx ən çox baxılan çarxlardan olmuşdu.
Məmnunluq hissi duyurdum ki, mənə gender bərabərliyilə bağlı
fikirlərimi çatdırmağa şans verildi. Çünki həmişə cəmiyyətimizə
qadınla kişi arasında fərq olmadığını başa salmaq istəyirdim.
Vətəndaş qanunları qadınla kişi arasında heç bir fərq qoymur.
Sadəcə müsəlman olduğumuza görə bu qanunları ya qəbul etmirlər, ya
da qəbul etmək istəmirlər.

“Dinimi dəyişəndən sonra həmin insanlar yaxamdan əl
çəkdilər”

– Müsəlmanlıq demişkən, hələ də
xristiansan?

– Bəli.

– Nə kimi dəyişikliklər hiss edirsən?

– Rahatlıq. Müsəlmansansa, kişi kimi görünə bilməzsən, geyinə
bilməzsən. Saçın uzun, başın bağlı olmalıdır. Namaz qılmalısan və
s. Bu kimi şeylərdən uzağam. Allaha inanıram. Sadəcə mənim tərzim
insanlar üçün anlaşılmaz idi. Dinimi dəyişəndən sonra həmin
insanlar artıq yaxamdan əl çəkdilər.

– Yəni dinini dəyişmək kənar təsirlər sayəsində
oldu?

– Demək olar ki…

– Şəxsi həyatda vəziyyət necədir?

– İki universitet oxuyuram, idmanla məşğulam. Gündə iki dəfə
məşq edirəm, dərs oxuyuram. Beləliklə, şəxsi həyata ayırmağa vaxtım
qalmır. Sosial hesabımda da belə bir status yazmışdım “12 fevral,
13 fevral, nə isə, 15 fevral” (gülür). Yəni ki, sevgilim yoxdur və
belə şeyləri qeyd etməyi mənasız hesab edirəm. Şəxsi həyata vaxt
ayırsam, digər işlərimə zaman qalmayacaq. Düşünürəm ki, şəxsi
həyatımı sonra da qura bilərəm. İndi əsas olan karyeram və
dərslərimdir. Ailə, həyat yoldaşı həmişə tapılar. İndi öz
ayaqlarımın üstündə durmaq üçün çalışıram.

– Sevgilinin idmançı olmasını istəyədin? Yoxsa, sənin
üçün fərq etmir?

– Onu oturub fikirləşmək düzgün deyil. Allahın öhdəsinə
buraxmışam. Oturub yalvarmıram ki, gələcəyim belə bir insanla olsun
(gülür).

– Fiziki cəhətdən səndən zəif olsa necə?

– Təbii ki, məndən zəif olacaq (gülür).

– 22 yaş, qadın, taekvondo, xristianlıq. Bunlar hamısı
ağır gəlmir?

– 18 yaşıma qədər problemlər yaşayırdım. Ancaq sonra vəziyyət
dəyişməyə başladı. Düşüncələr, həyata baxış formalaşdı. Getdikcə
hər şeyi öz rəfinə yığmağı bacardım.

“Oğlanlar yaxınlaşıb “qaqaş, siqaretin olmaz?”
deyirlər”

– Üstəgəl kişisayağı tərz…

– Aha. Heç kimin gözündən qaçamayan tərzim (gülür). Belə çox
rahatam. Sırf bu tərz təzyiqlər səbəbilə dinimi dəyişdim. Ancaq hər
zaman doğru bildiyim yollardan getməyi üstün tuturam və gedirəm.
Təzyiqlər həmişə olur. Bir dəfə davam gətirə bilmədinsə, heç vaxt
qarşısını ala bilməyəcəksən. Stilimi, tərzimi dəyişmək istəyən çox
adam oldu. Ancaq mən istəmədim. Bir dəfə fotosessiya etdirdik.
Makiyaj, qadın geyimi, hündürdaban ayaqqabı filan. Atam mənə
birtəhər baxdı ki, niyə belə geyinmisən.

Doqquz yaşımdan Bakıdayam və təkəm. Uşaq vaxtı axşam qaranlıqda
məşqdən çıxırdım və təkbaşıma Əcəmi kimi bir yerdə evə gedirdim.
Orada bir qız uşağı kimi geyinib gəzsəydim, başıma çox hadisələr
gələrdi. Ancaq belə idman geyimində, böyük çanta ilə olanda heç bir
problem yaşamırdım. Ən çoxu oğlanlar yaxınlaşıb “qaqaş, siqaretin
olmaz?” deyirdilər (gülür). Bu tərzdə vaxt baxımından da işimə
yarayır: makiyaja vaxt ayırmıram.

– Məşqçi kimi fəaliyyət göstərmək planın
var?

Hazırda vaxtım yoxdur.Ancaq gələcəkdə niyə də
olmasın? Bir professional idmançı kimi gələcəkdə öz təcrübələrimi
gənc nəsillərlə bölüşmək istəyirəm. Valideynlər sosial şəbəkələrdə
çox yazıb xahiş edirlər ki, uşaqlarına dərs keçim. Ancaq özüm keçə
bilməsəm də, məşqçim Səbuhi Zülfüqarovu məsləhət görürəm.

– Adətən, hərbçilər, idmançılar incəsənətin müəyyən
sahələri ilə məşğul olurlar. Bəs sənin hobbin nədir?

– Rəsm çəkməyi çox sevirəm. Foto çəkməyi də xoşlayıram, ancaq
rəsm məni sakitləşdirir və zamanımı səmərəli keçirirəm. Bundan
başqa siyasətlə bağlı nələrsə oxumağı sevirəm.

– Gələcəkdə səni uğurlu bir siyasətçi kimi görə
bilərik?

– Ola bilər. İstəyərəm.

– Sosial şəbəkələrlə, izləyicilərinlə aran yaxşıdır.
Aktiv istifadə edirsən sosial mediadan?

– Yazanlar çox olur. Hamısını cavablandırmağa çalışıram. Çox
insan məni sosial şəbəkələr vasitəsilə tanıyır. Elə bilirlər ki,
çox eqoist, özündənrazı biriyəm. Ancaq nə qədər uğur qazansam da,
çalışıram ki, “bar gətirdikcə” başımı aşağı əyim. Qazandığım
hörməti itirməmək üçün əlimdən gələni edirəm. Olimpiya çempionu
olsam belə, insanların məni özündənrazı, yekəbaş biri kimi
tanımasına icazə verə bilmərəm.

“Mənə evlilik təklif edənlərin
əksəriyyəti…”

– Özünü bir ev qadını kimi təsəvvür edə
bilirsənmi?

– Yox, heç mənlik deyil. Düzdür, evdə bütün işləri özüm görürəm.
Yemək bişirirəm, paltarlarımı özüm qaydaya salıram. Ancaq özümü
evdar qadın kimi təsəvvür edə bilmirəm. Ancaq hüquq diplomumu
alandan sonra özümə iş yeri açmağı, yəni iş qadını olmağı
düşünürəm. Çünki evdə otura bilmərəm. Hiperaktiv biri üçün evdə
oturmaq depressiya mənbəyidir.

– Tək yaşamağın çətinlikləri varmı?

– Heç bir çətinliyi yoxdur. Sadəcə evdən çıxanda pişiklərimə
baxacaq kimsə olmur (gülür).

– Keçən il evinə oğrular girmişdi. Ancaq kim olduğunu bu
yaxınlarda öyrəndin. Tandığın adamlar olduğunu biləndə necə
qarşıladın?

– Hə. Rəfiqəmin sevgilisi idi. Ancaq onu tanımıram. Bu işdə
rəfiqəmin əli olub-olmadığını deyə bilmərəm. Çünki bunun isbatı
yoxdur. Məsələyə professional yanaşıram və inanmıram ki, rəfiqəmin
bu işdə əli var. Özü də “ikinci yarısına” görə üzr istədi və
kompensasiya ödəyəcəyini dedi.

– Əks cinsin nümayəndələrinin sənə münasibəti
necədir?

– Xoşlamıram yanımda oğlan olsun. Özümü rahat hiss etmirəm.
Əsasən, sosial şəbəkələrdən tapırlar məni. Dostluq göndərirlər,
hətta evlilik təklif edirlər. Deyirəm, ay qurban olum, get bir
özünə bax, sonra mənə bax. Seçilmirik, heç biz.

Cavanıq e biz. Mənim hələ 22 yaşım var. İndi ailə, sevgili
düşünsəm, nə karyera qura biləcəm, nə də normal ailə. Hazırda 25
yaşa qədər heç bir oğlan ciddi münasibətə hazır deyil. Evim,
maşınım, normal maaşım var. Ancaq mənə evlilik təklif edənlərin
əksəriyyətində bunlar yoxdur. Onlar hazıra gəlmək istəyirlər.

“Hər dəfə çempion olan kimi eşq elanları
gəlir”

– Məqsədlərini hiss edirsən də yəqin?

– Əlbəttə. Çünki nədənsə evlilik təklif edənlər Avropa Oyunları,
Çempionat, Olimpiya Oyunlarından sonra peyda olurlar (gülür).
Nədənsə eşqləri məhz mən çempion olanda biruzə verir.

– Qarşı tərəfin maddi imkanlarını
önəmsəyirsən?

– Bu əsas deyil. Ancaq ailə qurmaq istəyənlərin məhz mən nələrsə
qazandıqdan sonra üzə çıxması onların niyyətini göstərir ki, söhbət
əslində mən yox, mənim var-dövlətimdədir. Mənim üçün önəmli olan
insanlıqdır. Təəssüf ki, qarşıma çıxanlarda buna rast
gəlməmişəm…

– Gənclərə nə məsləhət görərdin?

– Oxusunlar, karyera qursunlar. “14 fevral”, ay nə bilim, “evdə
qaldım” söhbətləri boş şeylərdir. Kişi oxumaya bilər. Ancaq qadın
gələcəyi üçün, övladları üçün mütləq təhsil almalıdır. Sabah başına
bir iş gəlsə, övladlarını saxlaya bilmək üçün lazımsız işlərə baş
qoşmasın. Önəmli deyil ki, professional idmanla məşğul olsunlar.
Ancaq sağlam həyat üçün idman önəmlidir.

– Əziz Fəridə, sənə vurduğun zərbələr qədər uğur, şans
arzu edirəm. Səndən Olimpiya çempionu olandan sonra ilk müsahibəni
mənə vermək sözünü almaq istəyirəm.

– Mütləq.

Zümrüd Kərimova,

Foto: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp