Azərbaycan XİN Zaxarovaya etiraz etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin
fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Yeni Azərbaycan Partiyasının Vl Qurultayında səsləndirdiyi
fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla
qarşılandı. Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq
münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, dövlət
başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün
hesab etmirik”.

Publika.az xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın
fikrilərini şərh edərkən deyib ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin yürütdüyü siyasət regional sülh və
təhlükəsizliyin təmin olunmasına, regional əməkdaşlığın
güclənməsinə və potensial regional risklərin aradan qaldırılmasına
xidmət edir.

“Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının Vl Qurultayında
Azərbaycanın tarixi torpaqlarının qaytarılması deyil,
azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsi barədə
danışıb. Dövlət başçısının çıxışı müxtəlif dillərində, o cümlədən
rus dilində tam tərcüməsi ilə kütləvi informasiya vasitələrində
yayılıb.

Tarixin müxtəlif mərhələlərində, o cümlədən də keçən əsrin 80-ci
illərinin sonlarında azərbaycanlıların kütləvi şəkildə
Ermənistandan zorakılıqla qovulması, Ermənistan ərazisində köklü
Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan və məhv edilməsi
tarixi faktlardır və sənədlərlə təsbit olunub.

Ümumiyyətlə, Azərbaycan xalqının sülh şəraitində öz tarixi
torpaqlarına qayıtması nəyə görə kimisə də narahat etməlidir? BMT
başda olmaqla, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in
müxtəlif münaqişələrin tənzimlənməsi ilə bağlı bütün sənədlərində
insanların öz doğma torpaqlarına, daimi yaşadığı yerlərə
qayıtmasının təmin olunması fundamental hüquqlardan biri kimi
təsbit olunub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə
uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli prosesinin vacib tərkib elementlərdən biri də qanlı etnik
təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlının öz
tarixi torpaqlarına qayıtmasının təmin olunmasıdır.

Ermənistanın hərbi güc tətbiq edərək Azərbaycanın Dağlıq Qarabağ
bölgəsi və ətraf yeddi rayonunun işğalını davam etdirməsi,
Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları
regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir və
vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan beynəlxalq
humanitar hüququ kobud şəkildə pozaraq qəsdən Suriyadan olan etnik
erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir.
Ermənistanın siyasi rəhbərliyi ictimai çıxışlarında Naxçıvana və
digər Azərbaycan ərazilərinə iddialar irəli sürür, erməni gəncləri
qarşısında çıxış edərək “böyük Ermənistan” xülyası naminə onların
yeni torpaqlar əldə etmək üçün gələcək müharibələrdə iştirak etməli
olduğunu deyir. Ermənistanın konstitusiyasında digər qonşu dövlətə
qarşı açıq ərazi iddiaları öz əksini tapıb. Bununla bərabər,
ziddiyyətli “Armenian Highland” (Армя́нское наго́рье) mifik
ideologiyası əsasında Ermənistanın bütün qonşularına qarşı ərazi
iddiaları vardır. Hesab edirik ki, məsələlərə münasibət bildirərkən
onun mahiyyəti dəqiq bilinməli, konteksdən çıxarılmamalı və
Ermənistan kütləvi informasiya vasitələri və siyasətçilərinin
məqsədyönlü təhrifləri və dezinformasiyasına deyil, bilavasitə
ilkin autentik mənbəyə istinad edilməlidir”, – deyə XİN sözçüsü
vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp