“Arvadım paxıllığımı çəkir” – Tanınmış şairdən qalmaqllı MÜSAHİBƏ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Publika.az tanınmış şair Yafəs Türksəslə müsahibəni
təqdim edir.

– Yafəs bəy, çox gözəl şeirləriniz var. Amma 64 yaşınız
olmasına baxmayaraq, ortalıqda hələ də özünü təsdiq etməmiş bir
şair kimi gəzib-dolaşırsınız. Bunun səbəbi barədə əslində, sizdən
çox soruşmuşam, amma mənə elə gəlir ki, doğru-dürüst cavab ala
bilməmişəm.

– Yox, o fikirdə deyiləm ki, mən şair kimi hələ də özümü təsdiq
eləməmişəm. Məni istedadlı bir adam kimi tənqidçilər də, şairlər,
yazıçılar da, cəmiyyətin elitası da qəbul eləyir, çoxsaylı
oxucularım da. Ədəbiyyat üzrə nə qədər professor var, hamısı məni
qəbul eləyir, tanıyır. Sadəcə, müxalif ruhlu olmuşam, durub mənə
vəzifə verməyəcəkdilər ki…

– Deməli, özünüzdə heç bir problem
görmürsünüz?

– Mən şeirimi yazmışam, imzamı təsdiq eləmişəm, artıq pensiyaya
da çıxmışam, nə problemim olasıdır? Nazir olası deyildim ki…
Ədəbiyyatdan nə lazımdırsa, götürmüşəm. Sadəcə, mənim adım pis
çıxıb. Kitablarımı əl yayımı ilə satmışam. İdarə müdirlərinə
hədiyyə eləmişəm, 5-10 manat cibimə pul qoyublar. Kitabımı
mağazalara verməmişəm, kitabxanalara qoymamışam. Ümumiyyətlə,
ədəbiyyatın boğazından çox sallaşmaq istəməmişəm. Adi oxucular üçün
Musa Yaqub, Məmməd İsmayıl, Ramiz Rövşən güclü şairdir, amma mən
hazırlıqlı oxucuların şairiyəm. Mənim 10-15 şeirim var ki, bu üç
şairin şeirlərinin hamısından güclüdür və bunu da əsl oxucular
bilir.

– Niyə özünüzü Musa Yaqub, Məmməd İsmayıl, Ramiz
Rövşənlə müqayisə edirsiniz ki?

– Ona görə ki, cəmiyyət heç vaxt əsl həqiqəti bilməyib. Camaata
sırınan şairlərin əksəriyyətinin ortada 4-5 şeiri yoxdur. Məsələn,
Musa Yaqubun “Əlini əlimə öyrətmə, gülüm” şeirindən başqa bütün
yaradıcılığı orta, bir çox məqamlarda ortadan da aşağı səviyyəli
şeirlərdir. Cəmiyyət isə onu şişirdib başımıza çıxardıb. Çoxları
elə bilir ki, şair ancaq Musa Yaqubdur, Yafəsin şeirə dəxli yoxdur.
Nəriman Həsənzadənin “Bir vaxt ipək saçlarını oxşayan mən
olmamışam” şeirindən başqa, məni silkələyən bir şeirini görməmişəm.
Yəni əsl həqiqət başqadır, xalqa sırınmaq bir başqadır.

Nə yaxşı heç olmasa, sənin kimi üst zövqə malik oxucular bilir
ki, Yafəsin 5-10 dənə yaxşı şeiri var. Sən özün də bir dəfə
yazmışdın ki, Yafəs mənim üçün beş maraqlı şairdən biridir. Amma
orta statistik oxucu üçün Qabil, Əliağa Kürçaylı daha yaxşıdır.
Ümumiyyətlə, Azərbaycan xalqı zövq baxımından orta statistik
insanlardan ibarətdir, onlar isə nə ədəbiyyatı düzgün qavrayır, nə
siyasəti, nə mədəniyyəti, nə də iqtisadiyyatı… Bu cür insanlar nə
bilir Vaqif Mustafazadə kimdir? Onlar üçün hamının tanıdığı bir-iki
bəstəkar var, elə bilirlər bəstəkar ancaq onlardır.

Məsələn, Salam Sarvanın üzünə demişəm ki, sən mənim şairim
deyilsən. Düzdür, maraqlı ola bilərsən, oxuna bilərsən. Amma sənin
şeirlərin krasvortdur, nə həyat var, nə həyəcan var, nə sevgi var,
nə hərəkət var. Başdan ayağa söz oyunudur.

Sənin ad gününə gül dərmək üçün,

Sinəmə çəkdiyin dağa çıxıram.

Salamın misralarıdır. Burda nə var? Şeirdir bu? Krasvortdur.
Dərd burasındadır ki, bizim Azərbaycan insanı obyektiv deyil,
bəziləri bilərəkdən, qəsdən, bəziləri isə bilməyərəkdən səhv
informasiya yayırlar, səhv fikir formalaşdırırlar. AYO məktəbi
keçmiş Şərif Ağayar və yaxud, Şəhriyar del Gerani, Ayxan Ayvaz, elə
sənin özün də Salamı o qədər göylərə qaldırırsınız ki, camaat da
bilir, o, doğrudan da böyük şairdir. Və sizin bu cür təqdimatınız
qabağında Salam haqqında əsl həqiqəti nə qədər desən də, yenə də
aciz görünürsən.

– Nə demək istəyirsiniz, Salam
istedadsızdır?

– Şübhəsiz ki, istedadlı adamdır, amma təqdim olunduğu kimi
deyil. Yaxud, Rüstəm Behrudinin uzağı 5-6 maraqlı şeiri var, amma
böyük şair kimi təqdim olunur. Ramiz Rövşən də təqdim olunduğu kimi
deyil.

– Siz təqdim olunduğunuz kimisiniz?

– Mənim hardasa 30 şeirim var ki, orda yeni ideya, yeni təfəkkür
var. Bu yeni təfəkkürü nə Ramiz Rövşəndə görürəm, nə Vaqif
Bayatlıda, nə Musa Yaqubda, nə də o birisində. Buna baxmayaraq, mən
həmişə olduğumdan aşağı səviyyədə təqdim olunmuşam.

– Yenə söhbətimizin əvvəlinə qayıdaq. Bəs nə üçün siz
olduğunuzdan aşağı səviyyədə təqdim olunursunuz? Bəlkə şəxsiyyət
kimi probleminiz var.

– Əslində, doğrudur, özümdə də problem var. Başqaları orda-burda
elədiklərini demir, amma mən demişəm. Məsələn, kitab verib, hansısa
bir şirkət rəhbərindən pul almışam. Bunu hamı eləyir. Amma heç kim
demir. Mən isə deyirəm. Hansı idarə müdirinin yanına getmişəmsə,
deyiblər ki, Arif Quliyev indicə çıxdı, filan şair indicə çıxdı və
s. Görürsən, hamı gizlədir, bircə məndən başqa. Bu da mənim
reytinqimi aşağı salıb. Bəzən yaxşı geyinməmişəm, bəzən özümü çox
sadə aparmışam, bəzən kiminsə təhqirinə cavab verməmişəm, hətta
təhqir eləyəndən güclü də olsam.

Bizim evdə iki dənə qara kəmər karateçi var. Nəslimizdə 7-8
idman ustası var, bacım oğlu, qardaşım oğlu və s. Özüm də
Azərbaycanda istənilən şairi fiziki cəhətdən diz çökdürərəm.
İstənilən şairi bircə yumruğa yerə sərərəm. Lazım olsa, adam da
göndərib döydürərəm, gözünü də qorxudaram, hər şey eləyərəm. Amma
eləməmişəm.

Bu yaxınlarda Əlisəmid Kürlə zarafatlaşdım. Dedim ki, Ramiz
Rövşəni tənqid eləmişəm, ona görə də mənə salam verməyə qorxursan.
Natəvan klubunda Əlisəmidə salam verdim, qorxa-qorxa aldı. Səhəri
gün Nəşriyyatın birinci mərtəbəsində oturmuşduq, Vəli Xramçaylı,
Ağacəhər Həsənli, Xanəmir də orda idi. Oqtay Rza bizə qonaqlıq
verirdi. Əlisəmid onların yanında məni təhqir elədi, dedi, dur bu
stoldan… Əlisəmid bunu ona görə eləyirdi ki, söhbət Ramiz Rövşənə
çatsın. Mən ona baş qoşmadım. Fikirləşdim ki, dalaşaram, Oqtay
müəllim xəstə adamdır, birdən ürəyi gedər. Özü də yazıq Oqtay Rza
qonaqlıq verir, biz də burda bir-birimizə stəkan, qaşıq vuracağıq?
Ona görə də dinmədim. Amma çölə çıxanda Əlisəmidin yaxasından
tutdum, dedim ki, səni məhv eləyərəm. Gəlib səni evinin içində
döyərəm, döydürərəm, sadəcə, Oqtay Rzaya görə sənə dinmədim.

– Maraqlıdır, məclis söhbətini burada danışmağınızda
məqsəd nədir? Bəlkə adamlar bu xasiyyətinizə görə sizə hörmət
eləmir?

– Mən özümü həmişə sakit və üzüyola aparmışam deyə Əlisəmid kimi
adamlar mənə hörmət eləmirlər. Eləmirlər, cəhənnəmə eləsinlər.
Başqalarının da yanında məni gözdən salırlar. Yenə deyirəm, çox
səmimi olmuşam, kasıb olmuşam, vəzifəm də olmayıb. Azərbaycan
insanının xasiyyətini bilirsiniz, bu şeylərdən məhrumsansa,
vəssalam, sənə hörmət etməyəcəklər.

Feysbukda bir aptek firmasının müdiri var, guya şairdir. Mənasız
bir şeir paylaşır, 700 layk gəlir. Mən səviyyəli bir şeir
paylaşıram, 20-dən artıq layk eləyən yoxdur. Axırda layk
eləməyənləri dostluğumdan çıxarıram. Yaxud, biri mənasız bir şey
yazır, 200-300 adam bəyənir. Girib rəy yazıram, deyirəm ki, şair
ki, insanları intihara çağırır, bəs onda oxucu neyləsin? Bu nədi
yazmısan? Mən onların şeirinə münasibət bildirirəm, onlar mənə
əhəmiyyət vermirlər. Mən hər şeyi açıq deyirəm, açıq yazıram,
səmimiyəm, ona görə də heç kim məni sevmir. Niyə belədir, bilmirəm.
Bəlkə mənim bilmədiyim səbəblər də var.

– Bildiyimizə görə Əli Kərimin ailəsi tərəfindən başa
düşülməməsi onu çox incidirmiş. Sizdə də belə problemlər olub.
Xanımınız yenə də sizi anlamır, dərk eləmir?

– Mən hələ gənclik illərimdən şeirlər yazırdım, sonra
qaçqınçılıq həyatı başladı, uşaqları saxlamaq üçün bir müddət
ticarətlə məşğul oldum. Yaradıcılıq isə içimdə qaynayırdı, 1998-ci
ildən sonra özümü saxlaya bilmədim, Vahid Poeziya Evində şairlərin
məclisinə gəldim, sonra “Pərvanə” ədəbi məclisinə getdim.
Ədəbiyyata qayıtdığımı görüb evdə məni çox incitdilər. Arvadım,
qardaşım deyirdi ki, sən bu bazarı, ticarəti buraxıb hara gedirsən?
Sonra kitabım çıxdı. Jurnalistika sahəsinə üz tutdum, 5-3 manat pul
qazandım. Arvadım gördü ki, burdan da pul qazanıram, bundan sonra
məndən əl çəkdi.

Təxminən, 6-7 il məni evdə doğrudan da çox incitdilər. Qardaşım,
bacım, arvadım… Hətta iş o yerə çatmışdı ki, arvadım evdə
qabağıma çay-çörək qoymurdu. Deyirdi, iş-gücü, alveri buraxıb hər
gün hara gedirsən? Mən isə bayaq dediyim kimi ədəbi məclislərdən
başqa hara gedəcəm ki? Həm də arvadım mənə paxıllıq edirdi,
fikirləşirdi ki, gedib böyüyərəm, inkişaf eləyərəm, sonra onu
bəyənmərəm. İndinin özündə də belədir. Hər dəfə mən televizora
çıxanda evimizdə dava düşür. Arvadm paxıllıq eləyir, qısqanır,
deyir, ora niyə çıxırsan? Fikirləşirəm ki, arvadımdı, özü vəfası,
ailəcanlılığı ilə klassik Azərbaycan xanımıdır. Dözməkdən başqa
çarə yoxdur.

– Feysbukda profil şəklinizi tez-tez dəyişir, hər dəfə
bir gənc xanımla şəklinizi yayımlayırsınız. 64 yaşınız var. Bəzən
bu hərəkəti yaşınıza yaraşdırmırlar.

– Hə, düzdür, bir az yüngüllük çıxır. Amma neyləyim, layk yığa
bilmirəm. Ağıllı, fəlsəfi, mütəfəkkir səviyyəsində fikirlər, kukla
kimi şeir yazıram, 30-dan artıq layk gəlmir, amma xanımlarla
şəklimi qoyuram, bir də görürəm ki, 100-150 adam bəyəndi.

– Yafəs bəy, nə qədər yaşamaq istəyirsiniz?

– Bir dəfə özümə baxdırdım, baxıcı dedi ki, 86 il yaşayacaqsan.
Amma fikirləşirəm ki, “zapçastlarımı” dəyişə-dəyişə 150 il
yaşayacam. Çünki tibb elmi get-gedə inkişaf eləyir, qiymətlər də
ucuzlaşır.

– Bildiyimizə görə, yeni jurnal
çıxardırsınız…

– Bəli, “Yazar” jurnalım yaxınlarda çap olunacaq. Bilirsən ki,
“Yazar” əvvəl qəzet kimi çıxırdı, sonra saytlar meydana gəldi,
fikirləşdim ki, daha qəzetin yeri yoxdur. Sonra fikrimi dəyişdim,
jurnal çıxarmaq qərarına gəldim. Sayta yazı qoyursan, sabah da
silinib gedir. Amma ədəbiyyat səlnamələşməlidir. Yazıda, kitabda,
jurnalda qalmalıdır, təkcə saytla iş olmur.

– Bəs jurnalınız necə maliyyələşir?

– Düzü, sponsorluğu konkret öz üzərinə götürən yoxdur. Amma hər
nömrəsinə 50 manat, 100 manat söz verənlər var. Əvvəl iki aydan bir
çıxarmaq fikrindəyəm. Sonra aylığa keçəcəm. Bundan da əlavə, o
jurnalı o qədər maraqlı buraxacam ki, diqqət çəkməməsi mümkün
olmayacaq. Orda bir dənə də qeyri-ciddi imza ola bilməz, bir dənə
müəllifdən pul, qonaqlıq istəməyəcəm. “Yazar” Azərbaycanda yeganə
jurnal olacaq ki, müəllifdən heç bir təmənna güdməyəcək. Hesab
edirəm ki, xeyli də satılacaq.

– Bunu da əl-əl satacaqsınız?

– Yox, satışa qoyacam.

– Bayaq deyirsiniz ki, kitablarımı idarə müdirlərinə
əl-əl satıram, 5-10 manat pul verirlər. Məhəmməd Hadi də
kitablarını əlində satırdı. Hadinin faciəsi, Yafəsin faicəsi…
Görəsən, zaman sizi də Hadi kimi xatırladacaqmı?

– Şairlərin mağazaya kitab qoyub satdırması 5-6 ildir çıxıb.
Ondan qabaq hamı kitabını çıxardırdı, bir-birinə hədiyyə eləyirdi.
İdarə müdirlərinə kitab satmaq məsələsinə gəlincə isə bunu təkcə
mən eləmirəm, 90 faiz şair və yazıçılarımız eləyir. Sadəcə, yenə
deyirəm, mən səmimiyəm, etiraf eləyirəm, onlar eləmir. Lazımdırsa,
idarə müdirlərinə kitab satıb 5-10 manat alan şairlərin bir-bir
adlarını çəkim…

– Məsələn…

– Hamısı…

– Məsələn, birini deyin…

– Deyirəm ki, hamısı…

– Birinin adını çəkin…

– Elxan Zal, Kənan Hacı, Əlisəmid Kür, Murad Köhnəqala, Mübariz
Məsimoğlu, Kəramət Şükürlü, Şaiq Vəli… Bilirəm ki, Şərif Ağayar
da 5-10 adama kitab verib, şirinliyini alıb. Burda pis bir şey
yoxdur. Onlar sadəcə, bunu dilə gətirmirlər.

– Qəşəm Nəcəfzadə necə?

– Qəşəm əl-əl kitab satmasa da, yəqin, olub ki, o da 5-10
dostuna kitab hədiyyə verib, şirinlik alıb.

– Ramiz Rövşən…

– Özün bilirsən ki, Ramiz mənim kimi 100 adama kitab vermir. Beş
adama verir, onlar da güclü kömək eləyir. Bunu deyirəm, xahiş
edirəm, olduğu kimi də yazasan. Azərbaycanda bütün şairlər idarə
müdirlərinə kitab paylayıb, pul alıblar. Xüsusən də muxbir kimi
fəaliyyət göstərənlər. Bu saat Azərbaycanda kitabını əl-əl satan
500 nəfər Məhəmməd Hadi var. Bütün idarə müdirlərinin otağı bizim
şair və yazıçıların kitabları ilə doludur. Hərəsi aparıb verir,
5-10 manat pul alır. Buna isə “kulturnu” rüşvət deyirlər.

– Son sualımı da verim, söhbətimizi yekunlaşdıraq. Siz
Elçin Əlibəylinin verilişlərinə tez-tez çıxırsınız. Yəqin xəbəriniz
var ki, bu yaxınlarda verilişlərin birində qalmaqal da baş verdi.
Şərif Ağayar da yazdı ki, özünə hörmət eləyən yazıçı Elçinin
verilişinə getməz…

– Mənim söz deməyə, danışmağa, tribunaya ehtiyacım var. Çünki
mən Azərbaycanda yeni fikirli adamlardan biriyəm. Elçin Əlibəylinin
verilişlərində isə mən qonaq kimi də, tamaşaçı kimi də prosesə
müdaxilə eləyirəm, fikir bildirirəm.

Şərif Ağayarın Elçinin verilişinə qadağa qoymağına gəlincə isə
bunu nə üçün elədi, deyim. Çünki Şərifin özünü “Speys”ə
buraxmırlar. Ümumiyyətlə, Şərif mənim 30 illik dostumdur, amma onun
bütün həqiqətləri özündən sonradır. Məsələn, Yazıçılar Birliyinə
girəndə ordan çıxanları tənqid eləyirdi. Çıxandan sonra ora
girənləri tənqid eləməyə başladı. Bir vaxt biz AYO-çular
iqtidarçıları tənqid eləyirdik, o, müdafiə eləyirdi. Çünki “Yeni
Azərbaycan” qəzetində işləyirdi. Sonra işdən çıxan kimi özü tənqid
eləməyə başladı. İndi balaca bir vəzifəsi var, susub oturub. Sabah
işdən çıxarsınlar, yenə danışmağa başlayacaq. Ona görə deyirəm ki,
Şərifin bütün həqiqətləri özündən sonradır.

Yenə deyirəm, Elçin Əlibəyliyə qarşı belə çağırış etməyinin
səbəbi də odur ki, Şərifi “Speys”ə buraxmırlar. Bu da onun şəxsi
ambisiyalarından irəli gəlir. Vaxtilə də deyirdi ki, özünə hörmət
eləyən yazıçı Yazıçılar Birliyindən təqaüd almaz, sonra özü gedib
ordan təqaüd aldı. Xahiş eləyirəm, bu fikirləri olduğu kimi
yazarsan. Şərif dostundur deyə, fikirlərimi təhrif eləmə.

Kəramət Böyükçöl

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir