2017-ci ildə qiymətli kağızlar bazarında artım olub



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2017-ci ildə qiymətli kağızlar bazarında artımla yanaşı,
pozitiv kəmiyyət və keyfiyyət dəyişiklikləri qeydə
alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən
məlumata əsasən, 2017-ci ildə qiymətli kağızlar bazarı 2016-cı illə
müqayisədə 12% artaraq 15,7 mlrd. manat təşkil edib. Hesabat
dövründə dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə, korporativ
qiymətli kağızların təkrar bazarı isə 2,8 dəfə artıb.

Korporativ qiymətli kağızlar

Ötən il ərzində real sektor təmsilçilərinin və maliyyə
institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq
təşəbbüsləri nəticəsində korporativ qiymətli kağızlar bazarının
səhm seqmentində əqdlərin məbləği 2,2 dəfə artaraq 2 mlrd. manatı
üstələyib. Xüsusilə banklar tərəfindən kapital tələblərinin təmin
edilməsi məqsədilə nizamnamə kapitallarının artırılması səhm
bazarının artımını şərtləndirən mühüm amil olub. Korporativ
qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ
istiqrazlar bazarı ötən illə müqayisədə 79% azalaraq 1,6 mlrd.
manat təşkil edib.

Dövlət qiymətli kağızları

Hesabat dövründə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
tərəfindən daxildən borclanma siyasətinin həyata keçirilməsi, eləcə
də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən milli
valyutaya olan təzyiqlərin azaldılması məqsədilə not buraxılışları
dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım
dinamikasını müəyyən edib. Belə ki, dövlət istiqrazları bazarı 48%,
not bazarı isə 19,4 dəfə artıb. Hesabat dövründə Mərkəzi Bankın
notlarının yerləşdirilməsi üzrə fond birjasında 50 hərrac
keçirilmiş və nəticədə ilkin bazarda əqdlərin həcmi ötən illə
müqayisədə 19,3 dəfə artaraq 5,2 mlrd. manat olub. Dövlət
istiqrazlarının yerləşdirilməsi üzrə fond birjasında keçirilmiş 45
hərracda bağlanmış əqdlərin həcmi ötən illə müqayisədə 89% artaraq
795 mln. manat təşkil edib.

2017-ci ildə Bakı Fond Birjasının törəmə maliyyə alətləri
platformasında ümumi məbləği 5,5 mlrd. manat olan valyuta əsaslı və
ümumi dəyəri 402 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə
alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə
törəmə maliyyə alətləri bazarının ümumi həcmi 5,9 mlrd. manat olmuş
və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 33,8% artım
müşahidə edilib.

Repo və əks-repo əməliyyatları

Hesabat dövrü ərzində repo əməliyyatlarının ümumi məbləği ötən
ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə artaraq 51,5 mln. manat
olub. Dövlət istiqrazları ilə ümumi məbləği 30.8 mln. manat olan 37
repo əməliyyatı, korporativ istiqrazlarla isə 20,8 mln. manat
məbləğində 14 repo əməliyyatı keçirilib.

Qiymətli kağızların dövlət qeydiyyatı

2017-ci ildə 11,5 mlrd. manat və 4,1 mlrd. ABŞ dolları
məbləğində qiymətli kağızların dövlət qeydiyyatı həyata
keçirilib.

Qiymətli kağızlar bazarının 2017-ci ilin 31 dekabr tarixinə olan
əsas göstəriciləri qiymətli kağızlar bazarının icmal
göstəricilərində öz əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp