Xalq Cümhuriyyətinə həsr olunmuş tədbirin vaxtı dəyişdi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr
olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları”
mövzusunda V beynəlxalq elmi konfransın vaxtı
dəyişdirilib.
Bu barədə Publika.az–a Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Nazim Xəlilov məlumat
verib.
Onun sözlərinə görə, beynəlxalq konfrans aprelin 25-dən 29-dək
Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi və Türkiyənin
Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə
keçiriləcək:
“Beynəlxalq konfransın “XX əsrdə Azərbaycan xalqına qarşı
soyqırımları”, “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas,
Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları” və “XX
əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı
soyqırımları və deportasiyalar” bölmələrində məruzələr
dinləniləcək. Konfransın materialları çap olunacaq və iştirakçılara
paylanılacaq. Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis
dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə
birlikdə) və fevralın 28-dək təşkilat komitəsinə
göndərilməlidir”.
Xatırladaq ki, bundan əvvəl beynəlxalq konfransın aprelin
11-15-də keçirilməsi nəzərdə tutulmuşdu.