Rezidenturaya sənəd qəvulu elan edildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili
üçün rezidenturaya qəbul elan edir.

DİM-in mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu
internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün
namizəd 2018-ci il fevralın 15-dən 22-dək Mərkəzin internet
saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet”
yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN)
“Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Namizədin “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan
istifadə etməklə 2018-ci il fevralın 15-dən 22 dək Mərkəzin
internet saytının müvafiq səhifəsinə
(http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub
“Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir
(etdirir).

Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında
baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb
sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş
xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test
üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanı 2018-ci il aprelin 1-də, ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2018-ci il
iyulun 8-də keçiriləcək.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər
iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı
1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan
nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha
çox olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği
“Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2018-ci il iyunun 4-dən
11-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan
suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri
elan olunduqdan sonra aparılır. Namizədlərin seçdikləri
ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan
topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.

Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında
dərc olunacaq. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə
ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test
tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda «Rezidentura»
jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron
ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir