Orfoqrafiya lüğətinin hazırlanması ilə bağlı İşçi Qrup yaradıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsi ilə
əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil
olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün
ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu
yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya
Komissiyasından verilən məlumata görə, İşçi qrupu “Azərbaycan
dilinin Orfoqrafiya Qaydaları”na dair təkliflərin statistikasını
tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və
mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi qrupunun
imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün
Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasına
təqdim ediləcək.

AMEA Orfoqrafiya Komissiyasının tərkibində ölkəmizin tanınmış
dilçi alimləri – akademiklər və müxbir üzvlər, filologiya üzrə
elmlər doktorları, professorlar daxildir. Təqdim olunan təkliflər
paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin
iştirakı ilə geniş şəkildə müzakirə olunduqdan sonra qəbul edilən
dəyişikliklər təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim
olunacaq.

Azərbaycan dilinin Orfoqrafiya lüğətinin hazırlanıb nəşr
edilməsi üçün Respublika Nazirlər Kabinetinin qəbul etdiyi qərar
əsas hüquqi sənəd olacaq.

Orfoqrafiya Qaydalarının hazırlanması üçün əsas meyar yalnız
Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş
mənada azərbaycançılıq prinsipindən ibarətdir.

“Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsinə dair əlavə
rəy və təkliflər yazılı şəkildə AMEA Nəsimi adına Dilçilik
İnstitutuna təqdim oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir