Lənkəranskiyə yaxın avtoritetlər Şamaxıda – Amansız cəza, atışma…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Odlu silahla cinayət törətməkdə təqsirli bilinən Şamaxı
şəhər sakini Sadiq Hüseynov, Rusiya Federasiyasının Saxalin
vilayətində anadan olmuş Əziz Əzizov və Qobustan rayon sakini Lətif
Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən
şəxslər kriminal aləmin üzvləri olub. Sadiq Hüseynov və Əziz Əzizov
Rövşən Lənkəranski tərəfdalarına yaxınlıqları ilə seçiliblər.

Təqsirləndirilən şəxslərin törətdikləri cinayətlər xeyli əvvəl
baş versə də, bu işi üzrə məhkəmə instansiyalarında uzun zaman
araşdırma aparılıb.

Qadının evindən oğurluq…

İttihama görə, 9 avqust 2011-ci il tarixdə Sadiq Hüseynov Lətif
Nəbiyevlə yaxın dost münasibətlərində olan Famil Hümbətova zor
tətbiq edib, ona məxsus “Santa Fe” markalı avtomaşını əlindən
alıb.

Famil Hümbətovun xahişi ilə Lətif Nəbiyev Sadiq Hüseynovla
görüşüb, avtomaşının geri qaytarılmasına nail olsa da, həm
danışıqlar və avtomaşının qaçırılması zamanı, həm də sonra Sadiq
Hüseynovdan narazı qalıb.

Lətif Nəbiyev Sadiq Hüseynovu “cəzalandırmaq” barədə başqa
şəxsin xahişi ilə onu avqustun 11-də saat 18.00-da Pirqulu yolunda
yerləşən “Məlhəm” restoranının yaxınlığına çağırıb. Həm Lətif
Nəbiyev, həm də Sadiq Hüseynov görüşə başqa şəxslərlə gəlib.

Görüş zamanı Sadiq Hüseynov davaya gəlmiş şəxslərin gözü
qarşısında kəsici və küt əşyalarla Lətif Nəbiyevi vurub.

Bundan başqa, o, 18 avqust 2012-ci il tarixdə başqa bir şəxslə
Şamaxı rayonunun Göylər kəndinə gedən yolda “Azpetrol”
yanacaqdoldurma məntəqəsinin yanında Mirələm Daşdəmirova hücum
edib, döyərək ona bədən xəsarəti yetiriblər.

Həmin il sentyabrın 26-da Sadiq Hüseynov yaxın münasibətdə
olduğu Nuranə Üzeyirovanın Şamaxı şəhəri, Cavanşir Balayev
küçəsindəki yaşayış sahəsinə girib. Oradan 973,4 manat dəyərində
“Toshiba” markalı kompüteri, 230 manatlıq “Nokia C-3” markalı mobil
telefon aparatını oğurlayıb.

O, oktyabrın 31-də Əziz Əzizov və başqaları ilə Şamaxı şəhərində
“Turist” restoranında olarkən Nuranə Üzeyirovanın yaşadığı evdən
oğurladığı “Toshiba” markalı noutbukui geri almaq üçün Bakıdan ora
gələn Cəsur Səbzəliyevə qarşı xuliqanlıq edib, ona nalayiq söyüşlər
söyüb.

Daha sonra bıçaqla Cəsur Səbzəliyevin baş nahiyəsinə vurub,
yanındakılarla birlikdə bədəninin müxtəlif nahiyələrinə zərbələr
endirib. Cəsur onların əlindən çıxaraq restoran binasının qarşısına
qaçıb. Amma orada da ondan əl çəkməyiblər.

Cəsur Səbzəliyevə müxtəlif dərəcəli bədən xəsarətləri
yetiriblər.

Sadiq Hüseynov Lətif Nəbiyevlə şəxsi ədavət zəminində 20 noyabr
2012-ci il tarixdə onu öldürmək niyyəti ilə Əziz Əzizovla cinayət
əlaqəsinə girib.

Onlar ov tüfəngi götürərək “VAZ-21154” markalı avtomaşınla Lətif
Nəbiyevi axtarıblar. Saat 17.00-da Şamaxı şəhəri, S.Ə.Şirvani
küçəsində “Mebel” mağazasının qarşısında Lətif Nəbiyevi tapa
biliblər. Sadiq Hüseynov odlu silahla Lətif Nəbiyevə məxsus “Lexus
RX-350” markalı avtomaşına 2 dəfə atəş açıb.

Daha sonra Lətif Nəbiyev avtomat silahla Şamaxı-Bakı magistral
yolunda “Turist” restoranının yanına gəlib. Orada Sadiq Hüseynov və
Əziz Əzizova bir neçə dəfə atəş açıb. Sadiq Hüseynov qolundan, Əziz
Əzizov isə kürəyindən yaralanıb.

Əzizin maşını yolun sol kənarına çıxaraq ağaca dəyib. Lətif
Nəbiyev öz maşınında hadisə yerindən Şamaxı şəhərinə qayıdıb.

Maşına atəş açmamışam

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin
29,120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə
cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli
üsulla adam öldürməyə cəhd), 221.2.1-ci (bir qrup şəxs tərəfindən
və ya təkrar xuliqanlıq törətmək) və 221.3-cü (silahdan və ya silah
qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi
zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının
məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq
törətmək) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq Hüseynov
noyabrın 20-də Əziz Əzizovun maşınından Lətif Nəbiyevin maşınına
atəş açmadığını deyib: “Həmin gün ümumiyyətlə Lətif Nəbiyevi
görməmişəm və aramızda heç bir hadisə baş verməyib. Amma Əziz
Əzizovun “VAZ 21154” markalı avtomaşınına naməlum avtomaşından atəş
açılmasını təsdiq edirəm.

Həmin avtomaşının Lətif Nəbiyevə məxsus olub-olmadığı barədə
məlumatım yoxdur. Lətif Nəbiyevin avtomaşınında karteç qırıqları
aşkar edilməsini isə onun və tanışlarının mənə qarşı sübut
toplanması məqsədi ilə avtomaşına özlərinin atəş açmaları kimi
qiymətləndirirəm”.

Birlikdə “Turist” restoranına gəldik

Sadiq Hüseynov qeyd edib ki, zərərçəkmiş Nuranə Üzeyirova ilə
isə münasibətləri olub: “Lakin “Toshiba” markalı kompüteri
oğurlamamışam. Nuranənin mobil telefonunu dəyişib ona bahalı
telefon almışıq. Bundan sonra bir nəfər yaxınlaşaraq satılan
telefonun onun adına kreditdə olduğunu bildirdi. Mən də həmin şəxsə
şikayət etməyi təklif etdim. Həmin şəxslə mübahisə zamanı bıçaqdan
istifadə olunmayıb”.

Təqsirləndirilən Əziz Əzizov bildirib ki, Sadiq Hüseynovla dost
olub: “Daim Sadiqin yanında olan Elçini, “Mosu” ləqəbli
Dünyamalını, idmançı Elgünü, “Qarğa” ləqəbli Anarı yaxından
tanıyıram. Oktyabrın 31-də gündüz vaxtı Sadiqin təklifi və adlarını
çəkdiyim şəxslərlə “Turist” restoranına gəldik. Həmin gün
restoranda başqa şəxslər də vardı, həyətdə 5-6 avtomaşın
dayanmışdı. Qonşu çardaqlarda da oturanlar çox idi.

Restoranda bir çardaqda mən, Sadiq, Elgün, “Mosu”, Elçin,
“Qarğa” Anar və Natiq oturmuşduq. Çay içdiyimiz zaman həmin
restorana kənar şəxslərin gələcəyini bilmirdik. Sadiq bu barədə heç
bir söz deməmişdi. Mobil telefonuna tanımadığı şəxsdən zəng gələndə
Sadiq onu restorana dəvət etdi”.

Sadiq telefon zəngindən sonra qəzəbləndi

Əziz Əzizovun sözlərinə görə, Sadiq Hüseynov telefonla danışanda
söhbətin kompüterin qaytarılmasından getdiyini başa düşüb: “Ancaq
konkret hansı kompüterin nəzərdə tutulduğunui bilmədim. Çünki bu
barədə heç bir məlumatım yox idi.

Sadiq həmin şəxslə danışdıqdan sonra özünü çox aqressiv apardı.
Kompüterin qaytarılması söhbətinin xoşuna gəlmədiyini başa düşdüm.
15-20 dəqiqə sonra restoranın həyətinə “Mercedes” markalı avtomaşın
daxil oldu. Maşından düşən iki nəfərdən biri – tanımadığı şəxs
oturduğumuz çardağa tərəf hərəkət etməyə başladı, o biri isə
avtomaşının qapısını bağlamaq üçün ləngidi.

Bizə yaxınlaşan şəxs Sadiqi soruşdu. Sadiq onu qarşıladı və
kompüterlə bağlı söhbət başladı. Söhbətə diqqət eləmədim. Lakin
Sadiqin “kompüter qaytarılmayacaq” sözlərini eşitdim. Onların
söhbəti təxminən 3-4 dəqiqə çəkdi”.

Külqabını başına çırpdı

Əziz Əzizovun sözlərinə görə, Bakıdan gələn şəxs Sadiqdən
kompüterin dərhal qaytarılmasını tələb edib: “Bu zaman Sadiq,
Elgün, “Mosu” onu döyməyə başladılar. Süfrədə olan qab-qaşığı onun
başına çırpırdılar. Qonaq da müqavimət göstərdi, masada olan
qənddanı Sadiqin başına vurdu.

Bundan Sadiq, mən və yanmızda olan dostlar çox əsəbiləşdik.
Hamımız onun üstünə düşdük.

Həmin şəxs əllimizdən qaçmaq istədi, uşaqlardan biriylə Sadiq
onun dalınca getdi. Döyülən şəxs yerdən taxta parçası götürüb
Sadiqi vurmaq istədi. Dostlardan kimsə taxta parçasını alıb, bir
neçə dəfə onun özünü vurdu. “Mercedes” markalı avtomaşının sürücüsü
öz tanışını müdafiə etmədi. O, ümumiyyətlə bizə yaxınlaşmadı”.

Lətif maşını saxlamaq işarəsi verdi, Sadiq “sür”
dedi

Təqsirləndirilən şəxs qeyd edib ki, Bakı şəhərindən gəlmiş
şəxslər qaçdıqdan sonra dostlar restorandan çıxıblar: “Bir neçə
gündən sonra Sadiqi Bakı şəhərinə apardım. Sadiq orada döyülən
şəxsin dostu Rza ilə görüşərək xahiş etdi ki, şikayət olmasın.

Noyabrın 20-də saat 15 radələrində avtomaşınımla evdən çıxaraq
usta yanına getdim. Usta ilə söhbətdən sonra maşına tərəf gələndə
Sadiqi gördüm. O, mənim maşınıma oturdu, məscidin yanına
gəldik.

Bu zaman arxadan qara rəngli “Lexus RX 350” markalı avtomaşında
yaxşı tanıdığım Lətif gəlirdi. O, maşının işıqları ilə mənə
avtomaşını saxlamaq işarəsi verdi. Sadiq də Lətifin bizi saxlatmaq
istədiyini gördü. O, maşını saxlamamağımı istədi. Mən də sürəti
artırdım.

Lətiflə Sadiq arasında münasibətlərin çox gərgin və bir ildən
artıq düşmənçilik həddində olduğu mənə əvvəldən məlum idi”.

Maşının pəncərəsindən atəş açdı

Əziz Əzizov deyib ki, bir il əvvəl Şamaxı şəhərində olmadığı
vaxtda Lətiflə Sadiq dalaşıb və aralarında düşmənçilik yaranıb.
Eşitdiyinə görə, onlar bir-birilərinə Şamaxıda gəzməyə imkan
verməyəcəklərini, şəhərdə gördükdə “atacaqları” ilə hədə-qorxu
gəliblər: “Buna görə Sadiqin göstərişi ilə Lətifin işarəsinə
əhəmiyyət vermədim, avtomaşını saxlamadım. Sadiqi evinə
gətirdim.

Sadiq mənə gözləməyi tapşırdı, özü evə getdi. 1-2 dəqiqə sonra
ov tüfəngi ilə evdən çıxdı. Sadiqin Lətiflə yolda görüşəcəyini başa
düşüb ondan heç nə soruşmadım. Sadiq onu avtovağzal tərəfə
aparmağımı istədi. Lətifin orada olacağını başa düşdüm və
avtomaşını Şirvani küçəsi ilə avtovağzala sürdüm. Dördyoldan keçib,
mebel mağazasının qarşısına çatanda Lətifin “Lexus RX 350” markalı
avtomaşınının paralel getdiyini gördüm.

Lətif maşını irəli sürdükdə, Sadiq mənə yaxınlaşmaq göstəriş
verdi. Sadiqin Lətifə atəş açacağını başa düşdüm.

Sadiq əlinin altında atəş üçün hazır saxladığı tüfəngin lüləsini
pəncərədən çıxardı, mebel mağazasının qarşısında 1-2 metr məsafədən
Lətifin avtomaşınına iki atəş açdı.

Güllələr avtomaşının arxa sağ “stopfara”sına və arxa şüşəsinə
dəydi”.

Avtomaşına tək-tək atəş açırdı

Əziz Əzizov bildirib ki, Lətifin həmişə avtomatla gəzdiyini
bilib: “Bu səbəbdən qaçmaq üçün əyləci çəkərək avtomaşını yerində
180 dərəcə fırlatdım və geriyə sürdüm. Lətif də avtomaşınını geri
döndərdi, bizim getdiyimiz yola qayıtdı. Oradan avtomat silahdan
bir dəfə atəş açdı. Lakin güllə avtomaşınıma dəymədi. Magistral
yola çıxaraq sürətlə Bakı istiqamətinə döndüm və sürməyə
başladım.

Avtovağzalın dairəsini keçdim, “Turist” restoranına çatdıqda sol
güzgüdən arxadan Lətifin “Lexus” avtomaşını ilə bizə çatdığını
gördüm. Sürəti artırsam da Lətif bizə çatdı, avtomaşından atəş
açdı. Həmin gün xırda yağış yağdığından yer nəm idi, həmçinin sürət
yüksək olduğundan, avtomaşın sürüşərək yolun sağ hissəsinə çıxdı,
ağaca çırpıldı. Lətif dayanmış vəziyyətdə olan avtomaşına tək-tək
5-6 dəfə atəş açdı. Güllələr sağdan avtomaşını tutdu, biri mənim
belimi sağ tərəfdən, Sadiqi isə sol qolunun yuxarı hissəsindən
yaraladı.

Lətif getdikdən sonra Sadiq dostumuz Elçinə zəng etdi. 5-6
dəqiqə keçməmiş Elçin həmişə idarə etdiyi Dubay variantlı “VAZ
2121” markalı hadisə yerinə gəldi. Biz Elçinin avtomaşınına oturduq
və Bakı istiqamətinə getdik”.

Məni restorana dəvət etdi

Təqsirləndirilən Lətif Nəbiyev bildirib ki, 2010-cu ildə Rusiya
Federasiyasından deportasiya olunub: “Azərbaycana qayıtdığım
vaxtlarda Şamaxı şəhərində Sadiq Hüseynovla tanış oldum. Aramızda
normal dost münasibətləri vardı.

Lakin sonralar Sadiq Hüseynovun bəzi hərəkətlərinə görə
münasibətlərimiz pisləşdi.

Avqustun 9-da Sadiq Hüseynov heç bir səbəb və əsas olmadan
qohumum Mübarizin dostu Famil Hümbətovun avtomaşınını əlindən
alaraq naməlum yerə sürmüşdü. Famil Hümbətov Şamaxı rayon polis
şöbəsinə müraciət etdi. Eyni zamanda Mübariz əhvalatı mənə də
söylədi. Sadiqlə danışdım, Famil Hümbətovun avtomaşınının
qaytarılmasını tələb etdim.

Sadiq Şamaxı şəhərində “Çinar” restoranında olduğunu deyərək,
məni ora dəvət etdi, mən də getdim. Orada da Sadiqdən Familin
avtomaşınını qaytarmağı tələb etdim.

Sadiqin yanında 5-6 nəfər vardı, tanıdığım “Mosu” və Elgün də
ordaydı. Bildiyimə görə, Familin avtomaşınında 1600 manat olub və
həmin pulları Sadiq götürüb. Sadiq Familin avtomaşınının açarlarını
mənə qaytardı”.

Mütəşəkkil dəstəyə cəza və protest

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Hüseynov 13
il, Əziz Əizov 9 il 6 ay, Lətif Nəbiyev isə 12 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib,
təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını
istəyib.

Həmçinin təqsirləndirilən şəxslər də cəzalarının
yüngülləşdirilməsi məqsədilə apelyasiya şikayəti veriblər. Bir
müddət əvvəl tərəflərin şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində
baxılıb.

O zaman işə baxan hakim heyəti təqsirləndirilən şəxslərin
apelyasiya şikayətlərini təmin edib. Məhkəmə Sadiq Hüseynovun
cəzasını 5 il 6 aya, Əziz Əzizovun isə cəzasını 4 ilə endirilməsi
barədə hökm elan edib. Hökmə əsasən, Əziz Əzizovun ittiham olunduğu
qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işinə bəraət
verilib, o, xuliqanlıqda təqsirli bilinib.

Lətif Nəbiyevin istintaq təcridxanasında vəfat etməsi ilə bağlı
onun barəsində cinayət işinə xitam verilib.

Digər təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması
ilə bağlı prokurorun protesti təmin edilməyib.

Bu dəfə prokuror Ali Məhkəməyə müraciət edib. Prokurorun
protestinə baxan hakim heyəti təqsirləndirilən şəxslərin barəsində
olan hökmü ləğv edib, işin yenidən apelyasiya instansiyasında
araşdırılması barədə qərar qəbul edilib.

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Mövsümovun
icraatına verilən iş üzrə yenidən araşdırma aparılıb. Sadiq
Hüseynov və Əziz Əzizovun barəsində olan hökm yenidən dəyişdirilib.
Sadiq Hüseynovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.1,
29,120.2.4-cü maddələri həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif
edilib.

Onun ittiham olunduğu oğurluq maddəsi isə hökmdən xaric edilib.
Sadiq Hüseynovun cəzası 5 ilə endirilib.

Digər təqsirləndirilən Əziz Əzizov da Cinayət Məcəlləsinin
221.3-cü maddəsi ilə ittiham edilib və onun cəzası 3 ilə
endirilib.

Məhkəmə Əziz Əzizovun cəza müddətini bitmiş hesab edib və o,
məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorun protesti təmin edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp