I Beynəlxalq PR Yaradıcılığı Forumu işə başlayacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yaxın günlərdə ölkəmizin paytaxtı Bakıda daha bir
beynəlxalq miqyaslı tədbir öz işinə başlayacaq. Belə ki, bütün
dünyada aktuallığı günü-gündən artan İctimaiyyətlə Əlaqələr sektoru
Azərbaycanda da mövqeyini möhkəmləndirməkdədir.

2018-ci il fevralın 17-18-də Bakıda ilk dəfə olaraq
gerçəkləşəcək Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu
da dünyanın bu çağırışına səs vermək təşəbbüsüdür.

Forumun təşkilatçısı PRoloq İctimai Əlaqələrin İnkişafı Mərkəzi
və mərkəzin PRoloq (www.proloq.az) online jurnalıdır. Forum
“Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən tədbir”
xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə
gerçəkləşəcək. Forum Azərbaycan Respublikası Mətbuat Şurası və
Beylnəlxalq Karyera İnstitutu tərəfindən də dəstəklənir.

Müxtəlif yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə
əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli
mütəxəssislərlə yanaşı, Beynəlxalq İctimaiyyətlə Əlaqələr
Assosiasiyasının prezidendi (IPRA) Bart de Vries başda olmaqla
Amerika, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya,
Bolgarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa ölkələrdən
olan peşəkarlar təqdimatlar edəcəklər.

Forumun proqramında “Qarşılıqlı münasibətlər erasına xoş
gəlmisiniz”, “ PR-da yaradıcılıq: strateji zərurət”, “Yaradıcılıqda
mükəmməllik gerçəkliyi”, “Yaponiyanın PR təcrübəsi”, “PR-da uğur,
rəqabət və tərəfdaşlıq kifayət qədər innovativdirmi?” və başqa
mövzularda kreativ təqdimatlar var.

Bütün sahələrdə olduğu kimi, müasir dünyada çox önəm verilən
təhsil sahəsində də İctimaiyyətlə Əlaqələrin böyük rolu var. Odur
ki, Forum çərçivəsində ayrıca Təhsil paneli də gerçəkləşdiriləcək.
Məşhur təhsil və PR ekspertləri bir araya gələrək “Beynəlxalq
təhsil brendinin formalaşmasında PR-ın gücü”, “Təhsildə Finlandiya
modeli niyə maraqlıdır?”, “Dünyanı dəyişdirəcək uşaq sizin
sinifinizdə ola bilər”, “Şagirdlərdə özünə inam yaratmaq və onların
yaradıcılığına təkan verməyin yolları” “Öyrədən müəllimdən ilham
verən müəllimə çevrilmək” və başqa mövzularda təqdimatlar
edəcəklər.

Forumun təşkilat komitəsindən Publika.az-a
verilən məlumata görə, belə bir beynəlxalq miqyaslı tədbirin
keçirilməsində məqsəd Azərbaycanda özünün inkişaf mərhələsini
yaşayan ictimaiyyətlə əlaqələr sahəsində mövcud vəziyyəti təhlil
etmək, atılan müsbət addımları təqdir etməklə yanaşı,
çatışmazlıqları aşkara çıxarıb onların aradan qaldırılması
yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, beynəlıxalq
əməkdaşlıqlara vəsilə olmaqdır.

Foruma bu sahədə təhsil verən universitetlərinin müəllimləri,
tədqiqatçılar, alimlər, elm və sənət adamları da dəvət
olunublar.

Forumun ölkəmizdə bu sahədə çalışan insanlara töfhəsi təcrübə
mübadiləsi, dünyanın aparıcı PR mütəxəssisləri ilə ünsiyyət, yeni
işgüzar münasibətlərin formalaşdırılması, PR sahəsindəki ən son
tendensiyalarla tanışlıq imkanları olacaq.

Foruma çox sayıda iştirakçı qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp