Füzulinin “Divan”ının əlyazmasının surəti “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilib



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin türkcə
(azərbaycanca) “Divan”ının əlyazmasının surəti “Dünya Yaddaşı”
Proqramı Reyestrinə daxil edilib.

Bu barədə UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahından
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin adına
göndərilən məktubda bildirilir.

Təşkilatın universal çıxış və qorunma sektorunun müdiri Boyan
Radoykov tərəfindən göndərilən məktubda deyilir: “UNESCO-nun baş
qərargahının yerləşdiyi Paris şəhərində “Dünya Yaddaşı” Proqramının
Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Komitənin 2017-ci il
oktyabrın 24-dən 27-dək keçirilmiş 13-cü iclasında Baş direktor
tərəfindən Məhəmməd Füzulinin “Divan”ının əlyazmasının surətinin
“Dünya Yaddaşı” Proqramı Reyestrinə əlavə olunmasının təsdiqlənməsi
haqqında məlumatı verməkdən məmnunluq duyuram. Baş direktor
tərəfindən imzalanmış sertifikatı sizə göndəririk. Bu sənədli irsin
“Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsi onun müstəsna
dəyərini əks etdirir və bəşəriyyət üçün qorunmasının əhəmiyyətini
vurğulayır. Bu, həmçinin kollektiv yaddaşın əhəmiyyətinə və onun
mümkün qədər çox insan üçün əlçatan olmasına şəraitin yaradılması
məqsədilə qorunmasına diqqət yetirmək baxımından mükəmməl imkan
yaradır”.

Məktubda Azərbaycan tərəfi Mədəni İrs Ofisinin xüsusi
mərasimində və ya digər müvafiq tədbirlər təşkil edərək xatirə
lövhəsi vasitəsilə sertifikatın “Dünya Yaddaşı”nın bir hissəsi kimi
təyinatını ictimaiyyətə açıqlamağa dəvət olunur.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, haqqında
söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən
mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra – 1572-ci
ildə üzü köçürülən Bakı əlyazmasıdır.

Ölkəmizin mədəniyyəti və elmi üçün böyük əhəmiyyət daşıyan bu
əlamətdar hadisənin təqdimat mərasimi AMEA və UNESCO-nun Azərbaycan
nümayəndəliyinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun binasında keçiriləcək. (azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp