Elnur Hüseynovun bir anda hamını tanınmaz hala sala bilən bacısı: “Ya falçıya, ya da…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bəzən “Qardaşınız “O Səs Türkiyə”də birinci yeri
tutdu, siz niyə onun kimi irəli getmirisniz?” deyə sual verirlər.
Nə olsun ki, Elnurun bacısıyam. Bu, onun öz uğurudur. Hər kəs öz
nailiyyətini öz zəhməti ilə qazanmalıdır. Onun adından istifadə
etmək istəmirəm, tanış-tunuşla daha çox pul qazanmaq mənə lazım
deyil. Təəccüblənirlər ki, niyə şansım olduğu halda əlaqələrdən
istifadə etmirəm. Mənim tək ehtiyacım sənətdir”.

Bu sözləri Azərbaycanlı qrim və makiyaj ustası, eləcə də məşhur
müğənni Elnur Hüseynovun bacısı Aytən Hüseynova Publika.az-a
verdiyi müsahibəsində deyib:

“Ailə qurduqdan sonra musiqi fəaliyyətimi davam
etdirmədim”

Aytən xanım, həm makiyaj ustası, həm də qrimyorsunuz.
Vizaj sənəti son illərin ən populyar və gəlirli peşələrindən
biridir, bununla belə siz daha çox qrim işi ilə məşğul olursunuz.
İstərdim ki, söhbətə bu peşəyə olan marağanızdan
başlayaq…

– Uşaqlıqda rəssamlığa və rənglərə böyük marağım olub. Həm də
musiqiçiyəm, Azərbaycanda fortopiano üzrə iki dəfə laureat olmuşam.
Müəyyən nailiyyətlər də qazanmağıma baxmayaraq ailə qurduqdan sonra
bəzi səbəblərə görə musiqi fəaliyyətimi davam etdirmədim. Odur ki,
birinci arzuma qayıtmağa və qrimi öyrənməyə qərar verdim. Lakin
təhsili böyüdüyüm dövlətdə – Türkmənistanda almışam. Orada həm
makiyaj, həm də qrim təhsilinə yiyələndim. Azərbaycana qaytdıqdan
sonra makiyaj ustası kimi fəaliyyət göstərməyə başladım. Onda
Azərbaycan kinolarında qrimə tələbat yox idi. Bununla belə
qrimyorluğu kənara atmadım, bu sahəni dərindən mənimsəmək üçün
tez-tez ustad dərslərinə gedirdim. Hazırda İstanbulda plastik qrim
dərsləri keçirəm. Türkiyə filmlərinin istehsalçılarından barmaq və
boğaz kəsimləri, yaralar, üzün əyilməsi, gözün çıxması, mulyaj və
sair sifarişlərim olur.

Təhsil almaq üçün niyə Türkmənistana üz
tutdunuz?

– Atam hərbçi olduğundan Almaniyadan tutmuş Türkmənistana qədər
bir çox ölkələri gəzmişik. Bir müddət də Türkmənistanda yaşamışıq.
Təəssüf ki, ölkəmizdə qrim sahəsi o qədər də inkişaf etməyib və
onun dərsi deyilmir. Kinostudiyada gözəl sənətkarlarımız var, amma
onlar qrim ustası sayılır. Qrimlə plastik qrimin fərqi var. Qrim
rənglər üzərində həcm yaratmaq deməkdir. Plastik qrimə silikon,
lateks, bal mumu kimi maddələr daxildir. Teatrda qələmlə çəkilmiş
yara uzaqdan yaxşı görünə bilər, lakin kamera üçün yaranı xüsusi
maddələrlə işləmək lazımdır.

Teatr və digər sənət sahələrindən fərqli olaraq kinoda qrim
operator texnikası, kinoplyonkanın həssaslığı, məkanın
işıqlandırılmasından asılıdır. Teatr və ya səhnə qrimi adətən şərti
xarakter daşıyır. Kinoda isə iri planları nəzərə alaraq qrim daha
dəqiq olmalıdır.

Əslində qrim özü də iki sahəyə bölünür: teatr qrimi və plastik
qrim. Plastik qrim indi o qədər inkişaf edib ki, insanın başının
sürətini çıxardırlar. Saçlar, qaş, göz və digər cizgilər real
insanın üzündən fərqlənmir. Buna mulyaj deyilir.

Siz də üzün sürətini hazırlaya
bilirsiniz?

– Bir neçə gün sonra Sankt-Peterbuqra yola düşürəm. Rusiyada bu
sahədə mütəxəssislər çoxdur. Orada tanınmış sənətkardan mulyaj
texnikasının dərslərini alacam.

Plastik qrim üzrə peşəkar olmaq üçün rəssamlıq
qabiliyyətlərinin olması vacibdirmi?

– Sözsüz. Həm rənglərdən anlayışın olmalı, həm heykəltəraş, həm
də rəssam olmalısan. Texniki məsələlər də vacibdir, müəyyən həcmi
istifadə etməyin öz qaydaları var. Öyrəndikcə görürsən ki, heç nə
bilmirsən.

Qrim üçün lazım olan məhsulları haradan
alırsınız?

– Türkiyədən və Moskvadan.

Qrimin dəriyə mənfi təsirləri varmı?

– Əlbəttə, makiyaj kimi qrim də uzun müddət qalarsa, dərini
nəfəs almağa qoymayacaq. Nəticədə üz yorğun görünəcək, bəzi
yerlərdə mimik qırışlar əmələ gələcək.

Əvvəlcədən kənarda hazırlanmış və insan üzərində düzəldilən
plastik qrim var. Əvvəlcədən hazırlanan qrim çox ağır maddələrdən
ibarətdir, onları dəriyə xüsusi yapışdırıcıyla otuzdururlar.
Yapışdırıcının tərkibi allergik problem yaratmasa da, dərini nəfəs
almağa qoymur, dəri qrim altında qalıb tərləyir.

Bütün bədənə geyindirilən qrim insanı bir günün içində dörd
kiloqram arıqlada bilər. Çünki dəri nəfəs ala bilməyəndə daim
tərləyir və tər vasitəsilə çəki atmağa başlayırsan.

“Ulduzlar məndən inciməsin, özümü təsdiq etmək
üçün…”

Məşhurlardan kimlərlə çalışmısınız? Makiyaj masası
arxasında onların hansı xasiyyətləri üzə çıxır?

– Mənim üçün fərqi yoxdur ki, yanıma gələn insan məşhurdur, ya
adi bir insan. Ətrafımda olanlar yaxşı bilir ki, onlar arasında heç
vaxt ayrıseçkilik salmamışam.

Azərbaycanda da, Türkiyədə də sənət adamlarının bir çoxu ilə
işləmişəm. Xasiyyətləri müxtəlifdir, insann özündən də çox şey
asılıdır. İcazə versən, o zaman məşhur da eqosunu nümayiş etdirməyə
başlayacaq. Əgər sən peşəkarsansa və özünə güvənirsənsə, onda iş
prosesində heç bir problem olmur. Tanınmış da insandır.

Ümumiyyətlə, müğənni və aktrisalarla işləməyə can atmamışam,
hədəfim bu sənəti öyrənmək və onu paylaşmaqdır. Müğənnilərlə
çalışmaq üçün dəqiq iş qrafikin olmalıdır. Mən isə daima
Azərbaycanda olmuram, təhsil məqsədiylə tez-tez Türkiyə və Rusiyaya
gedib gəlirəm.

Makiyaj ustaları məşhurlarla ona görə çalışır ki, təbliğ
olunsunlar. Amma o da həqiqətdir ki, müğənni və aktrisalar həmişə
eyni makiyaj ustası ilə çalışmır. Ulduzlar məndən inciməsin, özümü
təsdiq etmək üçün hansısa sənətçi ilə işləməyə ciddi ehtiyac
görmürəm. Sənətkar olmağım onlardan asılı deyil. Əl işlərimə
tamaşaçılar özləri baxıb qiymət verməlidir. Etiraf edirəm ki, bu
dövrdə reklamsız yaşamaq mümkün deyil. İnşallah özümü tələbələrim
və işlərimlə sübut edəcəyəm.

Bəzən “Qardaşınız “O Səs Türkiyə”də birinci yeri tutdu, siz niyə
irəli getmirisniz?” deyə sual verirlər. Nə olsun ki, Elnurun
bacısıyam. Bu, onun öz uğurudur. Hər kəs öz nailiyyətini öz zəhməti
ilə qazanmalıdır. Onun adından istifadə etmək istəmirəm,
tanış-tunuşla daha çox pul qazanmaq mənə lazım deyil.
Təəccüblənirlər ki, niyə şansım olduğu halda əlaqələrdən istifadə
etmirəm. Mənim tək ehtiyacım sənətdir.

Sizin kimi mütəxəssislər azdır, artıq neçə ildir bu
sənətdəsiniz, amma hələ də özünüzü inkişaf etdirmək barədə
düşünürsünüz.

– Moda, kino və gözəllik sənayesində daima yeniliklər baş verir.
Özünü peşəkar adlandırırsansa, bu yeniliklərdən xəbərdar olmalısan.
Hər yeni çıxan tekstura və texnikaları öyrənməlisən. Əgər öyrənməyi
dayandırdınsa, geriləməyə başlayırsan.

Tələbələrimə həmişə deyirəm ki, siz məndən bir addım öndə
olmalısınız. Çünki gəncsiniz, 25 yaşınız var, mən isə 36 yaşında
bildiklərimi sizə öyrədirəm. Bu, o deməkdir ki, onlar məndən də
güclü və enerjilidir. Tələbə istəsə, öz müəllimini də keçə
bilər.

“Pul xərcləməyəndə əlbəttə ki, qanın yerinə ketçup
vuracaqlar”

Azərbaycanda qrimyora nə dərəcədə tələbat var? Niyə
bəzi film və seriallarımızda qan əvəzinə hələ də ketçupdan istifadə
edirlər?

– Bu, büdcənin az olmasından irəli gəlir. Filmin büdcəsi az olsa
da, prodüserlər tammetrajlı film çəkməyə risk edirlər. Maddi
vəziyyətin yaxşı olmadığını görəndə işçilərin maaşını azaldırlar,
qan əvəzinə boyadan, yaxud da ketçupdan istifadə edirlər. Bəzən də
pullar lazımsız yerlərə xərclənir. Bütün bunlar təcrübəsizlikdən
irəli gəlir. Kino effektlərinin uğurlu olması üçün yaxşı pul
xərcləmək və keyfiyyətli məhsul almaq lazımdır. Pul xərcləməyəndə
əlbəttə ki, qanın yerinə ketçup vuracaqlar, nəticədə media onları
ələ salacaq. Belə işlərlə nüfuzumuz aşağı düşür. Nəzərə almalıyıq
ki, bu filmlərə tək Azərbaycanda deyil, başqa ölkələrdə də baxıla
bilər.

“Tamaşaçını obraza inandırmaq qrim ustasının
məsuliyyətindən xəbər verir”

Filmin uğurlu alınmasında qrimin rolu nə
qədərdir?

– Kinoda texnikanı bilmək və işıqlandırmanı nəzərə almaqla
bərabər tamaşaçını obraza inandırmaq qrim ustasının məsuliyyətindən
xəbər verir. Bunun üçün qrim texnologiyasına dərindən yiyələnməli
və daim yeniliklərdən agah olmalısan. Çünki tamaşaçı birinci
aktyorların zahiri görkəminə diqqət edir. Əgər aktyorun zahiri
görkəmi inamsızlıq yaradırsa, onun danışıqları da heç kim üçün
maraqlı olmayacaq. Təəssüf ki, Azərbaycanda birinci rejissorun,
işıqların, kameraların, aktyorların pulu sayılır. Ən axırıncı
qrimyor və geyim üzə rəssam işi hesablanır. Elə rejissorlar var ki,
ssenarini çəkilişə bir həftə qalmış gətirib verirlər. Halbuki, onun
hazırlıqlarına bir-iki ay vaxt tələb olunur.

Kino böyük bir ailə işidir, bütün komanda öz işini mükəmməl
səviyyədə görməlidir ki, nəticə yaxşı olsun. Sadəcə yaxşı qrimlə də
iş bitmir. Məsələn, peşəkar tərəfindən qrim edilmiş aktyor rolunu
təsirli oynamazsa, onda hamının işi puç olacaq. Odur ki, kinoda
hamı bir-birindən asılıdır.

Hər hansı obrazın yaradılmasında sizi nə ruhlandırır?
Əl işiniz digərlərindən nə ilə fərqlənir?

– Makiyaj bir neçə növə ayrılır: klassik, kino, biznes və salon.
Kino makiyajı klassik makiyajda istifadə edilməməlidir. Kamera
makiyajında küçəyə çıxmaq olmaz, çıxsanız da, kənardan qəribə
baxışlar dərhal üzərinizə hücum çəkəcək. Salon makiyajında da
kamera makiyajının məhsullarından istifadə edilməməlidir.

Ən çətin qrimləriniz hansı olub?

– “Dönərçi” filmində baş qrimyor və rəssamam. Ancaq filmin
çəkilişləri maddi problemlərə görə yarımçıq qalıb. Bu, Azərbaycanda
lentə alınan ilk qorxu filmidir, baş və barmaq kəsikləri aydın
şəkildə göstəriləcək. Bunlar hamısı protez üzərində əvvəlcədən
hazırlanmışdı. İlk qorxu filmi olduğuna görə bəzi problemlər
yaranırdı. Kameralar və işıq tam hazır olana qədər yapışdırılmış
plastik qrimlər qopurdu. Bu baxımdan sıxıntılar yaşayırdım, çünki
qrimi yenidən işləmək lazım gəlirdi. Bəzən bir qrimə 6 saatdan çox
vaxt sərf edirsən. İnstaqramda paylaşdığım şəkillərin çoxu yuxusuz
gecələrin əziyyətidir.

“Dönərçi” filminin büdcə məsələləri öz həllini tapandan sonra
çəkilişlərə davam edəcəyik.

İşinizdən zövq alırsınız?

– Bu işdən zövq almasan, onu görə bilməzsən. Qrim sənəti çətin
olduğu qədər də maraqlıdır.

“Qana baxa bilmirəm”

Belə çətin qrimlərin öhdəsindən gəlirsinizsə, yəqin
ki, rəsm əsərləri də çəkə bilərsiniz. Gələcəkdə rəssamlıqla məşğul
olmağı düşünürsünüz?

– Xeyr. Hədəfim odur ki, qrim sənayesini ölkəmizdə inkişaf
etdirim. Çünki Azərbaycanda qrim sənətini öyrədən kurs və məktəblər
mövcud deyil. Lakin sənət elədir ki, onun sonu yoxdur. Günbəgün
dərinləşir, axtarış tələb edir. Obraz ətrafında düşünməli, ona
təbiilik bəxş etməlisən. İstəyirəm ki, gələcəkdə kino çəkəndə qrim
ustalarını Moskvadan gətirməyə ehtiyac qalmasın, yerli
mütəxəssislərdən faydalanılsın. Bizdə qorxu filmlərinin
çəkilməməsinin bir səbəbi də bu sahə üzrə mütəxəssislərin az olması
ilə bağlıdır. Kifayət qədər peşəkar qrimyor olarsa, qorxu janrında
filmlər də çəkilər.

Kəsilmiş barmaqlar, kəsilmiş baş, qan… Siz
danışdıqca məndə qəribə qorxu yarandı. Müxtəlif orqanların
plastikadan da olsa, kəsilmiş variantı hazırlamaq sizdə hansı
hissləri oyadır?

– Qəribədir ki, qana baxa və ya iynə vura bilmirəm. Lakin
işlədiyim materialların qan olmadığını bildiyim üçün bütün gün
onların içində oynayıram. Qrim olmadığını bilsəm, təbii ki, narahat
olaram.

Televiziya aparıcılarının və ya efir adamlarının
makiyajı sizi qane edir?

– Bəzən hə, bəzən yox. Bu, normal haldır, həm də zövqlə
bağlıdır. Millətimizin qanında var ki, başqasında gördüyünün
eynisini təkrarlasın. Bəzən də gözəl xanımlar üzünə o qədər
kosmetik vasitələr sürtürlər ki, makiyaj təbii gözəlliyi örtür.
Gözəl xanımların üzünü rənglərin hücumuna məruz qoymasına ehtiyac
yoxdur. Makiyaj insanın daxili dünyasını əks etdirməlidir.

Qadın makiyajdan çox istifadə edirsə, deməli, özgüvən problemi
yaşayır. Bu, mənim fikrim deyil, dünyada aparılan sorğular
nəticəsində əldə edilən statistik göstəricilərdir. Qadın nə zaman
bəzənmək istəyir? Kiminsə xoşuna gəlmək istəyəndə. Bu isə o
deməkdir ki, nə qədər çox makiyajdan istifadə ediriksə, içimizdə
bir o qədər narahatçılıq var.

“Kukla” kimi qızdır, ona makiyaj etmək
günahdır”

Belə xanımlarla işləmək çətindir?

– Bəli, özünə nəyin yaraşdığına, nəyin yaraşmadığına dəqiq qərar
verə bilmirlər. Rəfiqələrinə zəng edib məsləhət istəyirlər.

Sirr deyil ki, azərbaycanlı xanımlar makiyajı çox
sevir, toylara gedəndə kosmetikanın gücündən maksimum dərəcədə
faydalanmağa çalışırlar. Bu, onu göstərir ki, xanımlarımızın çoxu
özgüvən problemi yaşayır?

– Bu, həm psixoloji problemlərdən, həm də fiziki qüsurların
olmasından irəli gələ bilər. Bəziləri diqqətə ehtiyacı olduğu üçün,
bəziləri də düşdüyü depressiyadan çıxmaq üçün makiyaja əl atır,
özünü bu yolla sakitləşdirir. Odur ki, bu faktı hamıya aid etmək
olmaz.

Ümumiyyətlə, işlədiyim müştəri kateqoriyası makiyaj etməyi
sevmir, sadəliyə meyilli olurlar. Bəzi xanımların üzündə qüsurlar
olduğu üçün onu makiyajla örtməyə məcburdur. Əslində dəri
problemlərini dekorativ kosmetika ilə örtməkdənsə, müalicə etmək
məsləhətdir. Xəstəliklərin müalicəsi ilə heç kim məşğul olmaq
istəmir, hamı makiyaja qaçır.

Bəzən də görürsən ki, “kukla” kimi qızdır, ona makiyaj etmək
günahdır, layner, tuş və pomada onun üçün bəsdir. Amma az makiyajla
qane olmur. Niyə bu qədər çox makiyaj etmək istədiyini soruşanda
“Daha gözəl görünmək istəyirəm”, – deyir. Bu, o deməkdir ki, həmin
xanım güzgüdə özünü görmür. Ya da mənəvi problemi var, uşaqlıqda
anası ona “Sən mənim gözəl qızımsan”, – sözlərini az deyib,
övladına layiqincə qiymət verməyib. Uşağın da şüuraltında qalıb ki,
qəşəng deyil. Belə xanımlar güzgünün qarşısında dayananda öz
məziyyətlərini görmədən süni gözəllik yaratmaq istəyirlər.

Lazım olduğundan artıq bəzənən bir qrup qadınlar da var ki,
bunun səbəbləri və onlar haqqında danışmaq istəmirəm.

Dəb və gözəllik tendensiyalarını həmişə dünya şöhrətli
müğənni və aktrisalar müəyyənləşdirir. “Oskar”, “Qızıl Qlobus”,
“MTV” və s. bu kimi önəmli mərasimlərdə Hollivud ulduzlarının
əksəriyyəti sadə makiyaja üstünlük verir. Siz bir mütəxəssis kimi
minimum, yoxsa maksimum makiyaja üstünlük verirsiniz?

– Təbiliyə daha çox önəm verirəm. Problem varsa, onu müalicə
etmək lazımdır, ağır makiyaj dərini qocaldır. Gündəlik CC və BB
tonal kremlərdən istifadə etsinlər. Əgər xanımlarımız cavan qalmaq
istəyirlərsə, iki detalı unutmasınlar. Birincisi, 20 yaşından sonra
dərilərini gündə iki dəfə nəmləndirsinlər, ikincisi isə günəşdən
qoruyucu krem çəkmədən evdən çıxmasınlar. Dərinin elastikliyini
qorumaq üçün daim günəş şüaları və quruluqla mübarizə aparmalısan.
Onda öz yaşınızdan cavan görünəcəksiniz. Bunu analar qızlarına izah
etməlidir. Analar çox makiyaj etdikdən sonra qızlar nə
etsinlər.

“Burunları Maykl Ceksonun burnuna oxşayır”

Plastik əməliyyatlara münasibətinizi bilmək
maraqlıdır.

– Yaralı yerimdir, lazım oldu-olmadı hər kəs plastik əməliyyata
qaçır. Başa düşmürlər ki, Koreyada yaşamırıq, hamımız eyni deyilik.
Azərbaycanda hər kəsin üz cizgizləri fərqlidir. Məsələn, burnumda
qüsur var, nəfəs almaqda çətinlik çəkirəm. Düz olmasa, belə bu
formanı itirməmək üçün əməliyyata girmirəm. Çünki özümü olduğum
kimi sevirəm, məni yaradan belə yaradıb. Bu qüsuru düzgün saç
düzümü və makiyajla bir qədər yumşaldıram.

Bizim qızların burnunda ciddi qüsur olmasa da, hamısı əməliyyata
qaçır. Nəticədə əməliyyat edilmiş burunlar Maykl Ceksonun burnuna
oxşayır. Çünki peşəkar həkim azdır. Elə bilirsiniz ki, hər
rinopalstik cərrah gözəl rəssamdır? Üz bir neçə yerə bölünür, burun
qısalanda üzün forması itir. Axırı ona gətirib çıxarır ki, hamı
bir-birinə bənzəyir.

“Silikonlarla, balaca burunlarla problem həll
olunmur”

Sizcə, qadınlar kişilərin gözündə gözəl görünmək üçün
əməliyyat edir, ya bir-birinin bəhsinə?

– Çoxu elə fikirləşir ki, burnu kəsdirməklə həyatında hər şey
düzələcək. Həyatda üzləşdiyi problemləri zahiri görkəmi ilə
bağlayırlar. Silikonlarla, balaca burunlarla problem həll
olunmur.

Azərbaycanda psixoloq adı gələndə qorxurlar, onu psixiatrla səhv
salırlar. Avropada normal ailələrdə böyüklərin və uşaqların
ayrı-ayrılıqda psixoloqu olur. Özünə inamsızlıqdan əziyyət çəkən
insanlar psixoloqla danışıb problemin həlli istiqamətini tapa
bilir. Həlli yolunu psixoloq göstərmir, mütəxəssislə söhbətdən
sonra problemin çıxış yolunu insan özü tapır. Bu, o deməkdir ki,
insanlar psixoloqa etibar edir. Bizdə isə xanımlar bir balaca
problemləri olan kimi falçıya qaçır.

Dəriyə qulluq neçə yaşından başlamalıdır?

– 20-25 yaşından sonra dəri xüsusi diqqət tələb edir. Saç düzümü
və makiyajı istənilən yaşda dəyişmək olar. Dəyişməyi sevən insanlar
zahiri görkəmində tez-tez cəsarətli eksperimentlər edir. Onlar uzun
müddət eyni obrazda qalanda darıxırlar. Mühafizəkar insanlar
dəyişməyi sevmir.

Türkiyədəki fəaliyyətiniz haqqında məlumat
verərdiniz.

– İstanbulda qrim məktəbinin açılması üçün hazırda bədəliyyə ilə
danışıqlar gedir. Bu, dövlət əsasında olacaq. Gələcəkdə belə bir
məktəbi Azərbaycanda da açmaq istəyərdim.

Müsahibə üçün minnətdaram, Aytən xanım. İnşallah
növbəti görüşümüz gələcəkdə Azərbaycanda açdığınız qrim məktəbində
baş tutsun…

– Çox sağ olun.

Aytən,

Foto: Elnur Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp