“Cənub Qaz Dəhlizi” iqtisadiyyatımızı şaxələndirməyə kömək edən strategiyanın əsas elementidir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox
uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək
edən enerji strategiyasının əsas elementlərindən
biridir”.

Publika.az-ın xəbərinə görə, bunu Azәrbaycan prezidenti İlham
Əliyev bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası
çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı hökumətin enerji ehtiyatlarından istifadə edərək
qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya
yatırdığını, bununla da iqtisadiyyatın uzunmüddətli davamlı
inkişafını təmin etdiyini qeyd edib: “Sözsüz ki, bizim əvvəlki
illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz
Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim
enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra
başlanıb və artıq 3 il sonra – 1994-cü ildə Azərbaycan BP-nin
rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə
müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə
alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Ötən ilin
fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz
eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni
müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək
uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft
yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı
inkişafdan faydalanacağıq”.

Prezident İlham Əliyev qeyd edib ki, 1994-cü il faktiki olaraq
tariximizdə, Azərbaycanda və dünyada neftin inkişafı tarixində
dönüş nöqtəsi olub: “Bu, həmçinin Azərbaycanı dünya ictimaiyyətinə
təqdim etdi, iqtisadiyyatımıza, xüsusilə də ilkin mərhələdə neft və
qaz sektoruna nəhəng investisiyaların qoyulması üçün qapı açdı və
Azərbaycanın etibarlı tərəfdaş olduğunu və investorlar üçün
maksimum dərəcədə əlverişli investisiya mühiti yaratmaq iqtidarında
olduğunu nümayiş etdirdi. Mən sadəcə olaraq xatırlatmaq istərdim
ki, bizim bütün əsas neft və qaz müqavilələrimiz parlamentimiz
tərəfindən ratifikasiya olunur və qanun kimi imzalanır. Bu da
investorların investisiyalarına maksimum təminat verir. İki il
keçəndən sonra – 1996-cı ildə “Şahdəniz” qaz kondensatı layihəsi
üzrə müqavilə imzalandı və hazırda “Şahdəniz” hələ ki, Cənub Qaz
Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bu da bizim tariximizdə
mühüm hadisə oldu, çünki bu, bizə yenidən milyardlarla investisiya
cəlb etməyə kömək etdi və Azərbaycan neft istehsal və ixrac edən
ölkədən qaz istehsal və ixrac edən ölkəyə də çevrildi. Bu gün bu
iki əsas enerji layihəsi regional əməkdaşlıqla bağlı məsələlərdə
mühüm rol oynayır. Bu, regionları və qitələri birləşdirən əsas
kəmər infrastrukturunun tikintisini stimullaşdırdı. Bu gün bu iki
meqalayihə regionda və Avropada enerji təchizatını şaxələndirməyə
kömək edir. Sonra dənizə çıxışı olmayan ölkə kimi beynəlxalq
bazarlara çıxışımız olmadığından, biz kəmərlər tikməli olduq və
bunun üçün bizim artıq regional əməkdaşlığa ehtiyacımız yarandı.
Düşünürəm ki, bu da planlarımızı yaxşı nümayiş etdirdi. Beləliklə,
Bakı ilə Gürcüstanın Supsa dəniz limanını birləşdirən ilk kəmər
1990-cı illərin sonunda açılaraq xam neft nəql edən kəmərlə Xəzər
dənizi ilə Qara dəniz arasında ilk bağlantı yaratdı. Lakin bu,
yetərli deyildi, çünki bizim neft ehtiyatlarımızın tam şəkildə
işlənməsi üçün bu kəmərin tutumu kifayət etmirdi. Bu səbəbdən də
əsas neft kəmərinin tikintisi planlaşdırıldı və 2006-cı ildə Xəzər
dənizi ilə Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin uğurla açılışı oldu. Hazırda Bakı-Tbilisi-Ceyhan neft
kəməri təkcə Azərbaycandan deyil, Xəzər dənizinin o biri tərəfində
olan – Xəzərin şərq sahillərindəki yataqlardan neft nəql etməklə
artıq Azərbaycanı tranzit ölkəyə, tranzitdə etibarlı tərəfdaşa
çevirir”.

Dövlət başçısı 2007-ci ilin də ölkə tarixində mühüm il olduğunu
qeyd edib: “Çünki Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra bizim qazımız
Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni
zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və
“Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı. Biz “Şahdəniz”
yatağının işlənilməsinin yeni mərhələsi üçün yeni imkanların
yaradılması yollarını müzakirə edirik. Əlbəttə ki, bizim qazımızı
Türkiyə və Avropaya ixrac etmək üçün diametri daha böyük olan
kəmərə ehtiyacımız var idi və 2012-ci ildə İstanbulda Azərbaycan və
Türkiyə Trans-Anadolu – TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd
imzaladı. Düşünürəm ki, bu tarix regional inkişaf, əməkdaşlıq bizim
ölkələrimiz üçün iqtisadi faydalara güclü təsir göstərəcək. Çünki
bu da müasir tarixdə dönüş nöqtəsi oldu. TANAP Cənub Qaz Dəhlizinin
fundamental elementlərindən biridir və 2012-ci il faktiki olaraq,
“Şahdəniz-2”yə əsas investisiyalara qapı açdı. Çünki bundan sonra –
2013-cü ildə “Şahdəniz-2”yə investisiya yatırmaqla bağlı qərar
qəbul olundu. TANAP olmadan bu mümkün olmazdı. 2013-cü il
Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il
oldu. Beləliklə, bu, görülən işlərin qısa tarixçəsidir. Əlbəttə, bu
tarixçə onu göstərir ki, biz 20 ildən çoxdur Cənub Qaz Dəhlizinin
həyata keçirilməsi istiqamətində irəliləyirik. Bu 20 il uğur,
nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri
olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp