Bizim şirin cinayətkarlar və amerikalı qatillər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ulucay Akif

Hərdən fikirləşirəm ki, nə yaxşı bizim insanların çoxu
varlı-karlı deyil. Hətta əllərimi göyə qaldırıb, dua edirəm ki,
Allahım, nə olar, bizə pul göndərmə, həmişə belə
qalaq.

Dünən yenə Amerikadan çox böyük cinayət xəbəri gəldi.
Deməli, 18 yaşlı yeniyetmə məktəbdə 17 şagirdi öldürüb, 16-nı isə
yaralayıb. Artıq belə xəbərlər adiləşsə də, üzərində düşünsək, nə
qədər ciddi məsələ olduğunu görərik. Uşaqların asanlıqla silah tapa
bilməsi bir cür bəla, belə vəhşiliklə cinayət törədə biləcək
psixoloji duruma çatmağı isə başqa cür bəladır.

Bizdə nəinki uşaqların, heç əksər vaxtlarda polislərin də silahı
olmur. Dəfələrlə polis görəndə silah qabına baxmışam ki, görüm
bunun silahı var, ya yox. Həmişə boş olub. Uzağı rezin dəyənəklər
olur, o da ekstremal hallar üçün lazımdı.

Bir dəfə avtobusda uşaq polisin boş silah qabını göstərərək sual
etdi:

– Polis əmi, o nədir? Tapançadır?

Polis silah qabından telefon çıxardı və uşağa dedi:

– Tapança nədir? Telefon qabıdır.

Bu dialoqu eşidib, elə sevindim ki… Deməli, insanlarımız o
qədər vəhşiləşməyib ki, onlara qarşı silahdan istifadə etmək gərəyi
duyula.

Əslində, polislərimiz kimi, cinayətkarlarımız da çox şirin
olurlar. Keçən səfər bir nəfər marketdən iki yumurta, bir çörək
oğurlamışdı. Xəbəri oxuyanda fikirləşdim ki, oğurluğu edən şəxs
tutulmasa, bəlkə də çörəyin yarısını doyduğu üçün geri
qaytaracaqdı. Hətta buna əminəm də.

Bir həftə əvvəl telekanallarımızdan birinin xəbər buraxılışında
belə anons eşitdim:

“Şok! Şok! Şok! Bakıda uzun müddətdir axtarılan cinayətkar dəstə
yaxalandı!”

Tez həyəcanla televizorun səsini artırdım. Cinayətkarları
göstərərək, dəstə haqqında danışmağa başladılar. Sən demə, üzlərini
gizlətməyə çalışan bu gənclər mağazalardan siqaret və kontur
oğurlayırlarmış. Dəstənin “başçısı”ndan oğurlanan malları nə
etdiklərini soruşanda, “Neyləyəcəyik e, rəis? Siqareti çəkirik,
konturla da dost-tanışa zəng edirik, ya qıza. Olar sevgilimə salam
göndərim? Leyla səni sevirəm, məni gözlə!” – deməsi məni həm çox
güldürmüş, həm də çox sevindirmişdi. İçimdən dedim ki, “Allah evini
tiksin, sənin tay-tuşların nələr oğurlayır. Bir özünə bax, bir də
onlara! Hələ utanmır bu fərasətsizliyi ilə Leylaya da salam
göndərir!”.

Həmişə cəmiyyəti təkcə qınamağı bacarmaqda ittiham etmişəm.
Deyəsən, özüm də bu dəfə onlara qarışmışdım.

Sonra düşündüm ki, məncə, ölkəmizin elm, incəsənət, idman və
digər sahələrində baş verənləri xaricdə baş verənlərlə müqayisə
etdiyimiz kimi belə hadisələri də müqayisə edə, hətta qınaya
bilərik. Təsəvvür et, yumurta oğurlayan dayıya deyirsən ki, “Ay
dayı, heç olmasa, bir mayonezdən, “ketçup”dan da oğurlayardın da!
Quruca yumurtanı necə yeyəcəkdin?! A fərasətsiz!” Ya da o
cinayətkar dəstədəki gənclərə deyirsən ki, “Dünyada sizin
tay-tuşlarınız kompüterlə banklardan milyonlar oğurlayırlar,
cahillər!”

Hələ dünən də bir xəbər oxumuşam:

“Sevgililər günündə qanunsuz şəkildə gül satan gənc saxlanıldı!
(FOTO)”

Şəklini də paylaşmışdılar. Bölmədə, əlində güllər, boynunu büküb
durmuşdu. Sən demə, bu gənc satdığı gülləri qəbiristanlıqdan
oğurlayırmış.

Sən bu yaramazın hərəkətinə bax e!

Ölülər qala-qala, dirilərə gül satmaq nə deməkdir?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp