Biz modernist olmaq istəyirik!



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Aqşin Yenisey

On doqquzuncu əsrin ortalarından başlayaraq, Qərbdə
məhdud dünyagörüşlü adamlar istənilən pornoqrafiyanı modernizmin
ayağına yazıb, ağız büzürdülər. Bu hal bizdə XX əsrin sonu, XXI
əsrin əvvəllərində postmodernizmə münasibətdə özünü göstərdi.
Postmodernizmi yerli məlliflər və oxucular səhv anlamışdılar.
Qərbin iki əsr əvvəl modernizm kimi anladığı və “dəyərlərə hücum”
vampirliyi kimi tənqid etdiyi şeyi biz postmodernizm kimi anlamağa
və aşağılamağa başladıq. Bu gün də yerli postmodernistlərin
cəmiyyətdə bir şarlatan, cüvəllağı, vampir obrazı var. Məhdud
dünyagörüşlü adamlarımız istənilən açıq-saçıqlığı, məişət
tərbiyəsizliyini postmodernizmin ayağına yazıb şəxsləri qaralayır.
Halbuki nə əsl moderinzm o vaxt Qərb cəmiyyətinin gördüyü idi, nə
də əsl postmodernizm bizim cəmiyyətin söydüyüdür.

Modernizm buxar mühərrikinin icadı ilə başlayan texnoloji bir
inqilabi düşüncənin epidemiya kimi həyatın digər sahələrinə
yayılması idisə, postmodernizm Naqasaki, Xirosimadan sonra nüvə
silahlanmasına qarşı geriyə dönüş kimi meydana çıxmış təbii, zəruri
ideya idi. Postmodernizm nüvəsiz dünya həsrətindən doğub həyatın
digər sahələrinə yayıldı. Bu, ilk dəfə elmdən qaçış idi, tarixə,
keçmişə, dinə qayıdış idi. Nüvə silahlanmasına baxanda keçmiş daha
təhlükəsiz bir dünya kimi görünürdü. Postmodernizm nüvəsiz keçmişin
“dirildilməsi” cəhdi kimi ortaya çıxmışdı. Həssas zəkalar gələcəyə
ümidini itirmişdi. Texnoloji inkişaf insanı təməl ideyalardan
uzaqlaşdırıb istehlak ünsürünə çevirmişdi. İnsan öz yaratdığının
qulu olmuşdu. Elm insanın ruhunu didərgin salmışdı. Postmodernizm
ruhun axtarışı, ruha qayıdış idi. Və söhbət ruha qayıdışdan
getdiyi, həm də ən populyar kult olduğu üçün həm modernizmin, həm
postmodernizmin ən çox müzakirə olunduğu mühit sənət, ədəbiyyat
mühiti oldu. Eyni müzakirələr bir zamanlar dinin heçə saydığı insan
bədənini “diriltmək” uğrunda moderizm yolunda aparılmışdı. O vaxt
da heç kim ilk dəfə kinetik enerjini mexaniki enerjiyə çevirən
buxar mühərrikinin yaradıcısı Ceyms Vattı söymürdü, söyüşlərin
hədəfində modernist düşüncəni sənətə daşıyan, ruhu aşağılayıb,
bədəni tərənnüm edən şairlər, yazıçılar, rəssamlar idi. O yaradıcı
şəxslər ki, sənət devizləri “məni təəccübləndir!”, “yeni olanı
yarat!” deyirdi və bu da bütün köhnələrin üstündən xətt çəkmək
demək idi. Sənətdə isə köhnə ilə keçmiş eyni mənanı verir. Sənətin
görünən hədəf olmasının bir səbəbi də mühərrikdən fərqli olaraq
şeirin evlərə daha rahat girə bilməsi idi. Amma bu gün bizim
insanın modernizm cildində görünən post modernizmi söyməsinin heç
bir mənası yoxdur, çünki bu gün artıq hər kəs ən vulqar
pornoqrafiyanı cibindəki telefonla özü ilə hər yerə daşıyır. Bu
günün insanının pornoqrafiya adlı problemi yox, yükü var. Bu günün
sadə insanından dünyanın hər yerində pornoqrafiya mənbəyi kimi
istifadə etmək olar. Əslində, bizdə postmodernizm deyə bir şey də
yoxdur. Biz hələ ruhdan qaçırıq, bir şərqli kimi ruhanilikdən təngə
gəlmişik. Bizi bədənimizin azadlığı və ehtiyacları düşündürür. Bu
“görməmişlik” isə təkcə sənətdə deyil, həyatımızın hər sahəsində
tüğyan edir. Biz, sadəcə, bədəninin ehtiyacları içində boğulan
acgöz modernistlərik. İstəsək belə bizdən postmodernist çıxmaz. Bəs
əsl postmodernizim nədir? Nə demək istəyir?

Son 50 ildir ki, modernizmin həm kefini, həm zülmünü yaşamış
dünyada elm haqqında intellektual mühitlərdə pessimist fikirlər
səslənməyə başlayıb. Kütləvi qırğın silahları, GMO qidaları, elmin
xaotik inkişafının insanların psixoloji suallarına cavab verə
bilmək əvəzinə, onları daha da anlaşılmaz bir gələcək bozluğu ilə
həyəcanlandırması kütləvi nəşrlərdə ruhani firavanlıq axtarışlarını
şiddətləndirib. Bu da öz növbəsində, dini keçmişə münasibəti xeyli
yumşaldıb. Çünki artıq elm də özünün mənəvi, fəlsəfi missiyasını
unudub. Bir vaxtlar özünün yaratdığı oturuşmuş dəyərlər sistemi
içində mənəvi, ruhani dəyərləri bazara çıxarıb alverçilik edən din
kimi maddi dəyərlərə sarılıb. Bu gün dünyanın ən savadlı insanları
illik gəliri 100-150 min dollar olan “Slikon Vadisi”nə qaçır.
“Slikon Vadisi” də artıq elmin Qüdsünə çevrilib. Firmalar 3 günə
böyüyən toyuqlar yetişdirmək, satıb, tezbazar varlanmaq üçün
laboratoriyalarda alim kölələr saxlayırlar. İllik gəlir
reytiqlərində yarışan şirkətlər elmi ictimai məsuliyyətdən məhrum
edib. İnkivizisiyadan sonra mönteskyölər, didrolar, volterlər
Avropa insanının minillik allahçı düşüncəsinin yerinə insançı
düşüncəni qoydular, bundan ötrü onlar da keçmişə üz tutdular,
xristianlığı qədim yunan mədəniyyəti ilə əvəzlədilər. Modernizmin
insan bədəninə verdiyi önəm də qədim yunan heykəltaraşlığından
gəlirdi. Özündə insan bədəninin qüdrətini cəmləmiş bir intibahdan.
Və dünyada “insanın allahlıq” etdiyi cəmi 3 əsrdən sonra Avropada
dalbadal iki Dünya müharibəsi baş verdi. Bu müharibələrdən sonra XX
əsr Avropa ədəbiyyatı təklənmiş, yadlaşmış, düşüncəsi qarışmış
obrazlarla doldu. Absurd teatr elmi inkişafın yalqızlaşdırdığı,
məqsədsizləşdirdiyi, taleyi nə allahın, nə də öz əlində olan insan
haqqında yarandı. İnsan hər yerdə itkin düşmüş özünü, öz ruhunu
axtarmağa başladı. Elmi inkişaf insanı absurda dirəmişdi. Teatrlar
səhnədə əşyaların arasında vurnuxan tənha qəhrəmanlarla doldu.
Monotamaşalar dəbə mindi, öz-özü ilə danışan dəlilər peyda oldu
pyeslərdə. Səs-küydən qaçan, künc, sığınacaq axtaran psixopatlara
çevrildi insanlar. Ən dəhşətlisi də onların artıq köməksiz
qaldıqlarını anlamaları idi. Çünki artıq allah da “ölmüşdü” və
adətən, belə qəhrəmanlar son pərdədə bu köməksizlik mühitinin
təsiri altında intihar edirdilər. Tarix boyu başqalarını öldürən
qəhrəmanlar indi özünü öldürən acizlərə çevrilmişdilər.
Postmodernizm bax bu zaman yarandı: keçmişə qayıdış, yaşaya bilmək
üçün gələcəyə deyil, keçmişə üz tutmaq. Çünki elm insan
psixologiyasında allahı yıxdığı yerə insanı yerləşdirə, bərkidə
bilməmişdi. Bu üç əsr ərzində insanın özünə inamı, insanın allaha
inamı qədər güclü olmadı. Elm həyatı anlaşılmaz bir illüziyaya
çevirdi. Bu gün dünya nüvə səksəkəsi içində yaşayır. Bu əndişəni
insana elm bəxş edib. Elm dünyanın, həyatın gözəlliyinə olan
etibarı sarsıdıb, insanı zövq yox, həzz alan bir canlıya çevirib,
əvəzində isə bizə vur-tut cib telefonu satıb. Bu dediklərim dünyada
elmə mövcud tənqidi baxışın bir qismini, bəlkə də, ən səthi qismini
ifadə edir.

Elmi proseslərdə iştirak etməyən cəmiyyət olduğumuz üçün bizdə
elmə hələ də görməmiş bir yanaşma var və bu təbiidir. Sözsüz ki,
zamanında nəhəng məbədlər, kilsələr, məscidlər tikən, dünyanın
möcüzələri deyilən abidələr ucaldan “Qaranlıq dövr”ün uğurları
kimi, elmin də öz böyük uğurları var. Amma bu uğurlar hər dəfə özü
ilə ümidsizlik dolu suallar da gətirir. Məsələn, son illər kitabı
dünyada bestseller olan bir yəhudi aliminin (unutduğum adını
axtarmağa həvəsim yoxdu, həm də bizi işin məğzi maraqlandırır)
kitabı əsaslandırır ki, gen mühəndisliyinin inkişafı sayəsində 200
ildən sonra insanlar 150-200 il yaşayacaqlar, ancaq məna, məzmun
problemləri olacaq. 200 yaşlı insanların cəmiyyətində, müəllif
yazır, ilk dağılan ictimai dəyər ailə insititutu olacaq. Çünki 200
il ömrü olan insanlar arasında diri ikən nəsillərarası münasibətlər
kəsiləcək. Dirilər ölü kimi xatırlanacaq. Həyat Saramaqonun “Təxirə
salınmış ölüm” romanındakı kimi olacaq. İnsanlar ölə də
bilməyəcəklər, tibbin inkişafı və kapitalizmin maraqları onları
ölməyə qoymayacaq. Əşyalar kimi ikinci əl, üçüncü əl insanlar
yaranacaq və s.

Belə şeylər bizim kimi ölkələrdə, ümumiyyətlə, müzakirə mövzusu
deyil. Biz hələ ki, elmin Miçurin mərhələsindəyik. Elmin psixoloji,
fəlsəfi problemləri bizə məlum deyil. Bizim üçün elm hələ də təhsil
hadisəsidir. Ölkədən kənara atılan hər addımda adamın önünü yeni
adamlardan əvvəl, yeni suallar kəsir. Dünya suallarla doludur və
suallarla dolu dünyada yaşamaq daha çətindir. Müşahidələrimdən
gəldiyim qənaət budur ki, biz dünyaya bu suallara cavab vermək üçün
can atmırıq, biz dünyada da məişət rahatlığı axtarırıq. Dünya ilə
psixoloji konfliktimiz də bu zaman yaranır; dünya postmodern
dövrünü yaşayır, öz ruhunu axtarır, biz isə məişətimizi məşəqqətə
çevirən öz ruhumuzdan qaçırıq. Biz postmodern dünyada modernist
olmaq istəyirik. Adam ola, oturub belə şeylərdən danışasan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp