Balakən sakinindən 7 nəfərə qarşı AĞLASIĞMAZ ƏMƏL: dəfələrlə…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dələduzluqda təqsirli bilinərək həbs edilən Balakən
rayon sakini, 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin cinayət işi
üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Təbriz Аbdullаyev
2016-cı ilin fevralında Balakən rayonunun Xalat­ala kəndi
ərazisində, həmin kənd sakini Hacı Seriyevə məxsus iki baş
iribuynuzlu heyvanı idarə etdiyi avtomobillə vurduğ­unu deyib.

Həmin heyvanın tələf etdiyini yalandan bildirməklə, əvəzini
sahibinə qaytarmaq adı ilə pulunu sonradan verəcəyinə vəd verib. O,
Hacı Seriyevi aldadaraq, ona məxsus 1000 manat dəyərində iki baş
iribuynuzlu heyvanını dələduzluq yоlu ilə ələ keçirib.

Bundan başqa, Təbriz Abdullayev həmin ay həmkəndlisi Hacı
Seriyevi təkrar aldatmağı bacarıb. O, Hacı Seriyevi tanışının
vasitəsi ilə “Azəryem Sənaye” MMC-yə fəhlə işinə düzəldəcəyinə vəd
verib və onun 160 manat məbləğində pulunu alıb.

Qardaşına toy edəcəkdi…

Daha sonra Təbriz Abdullayev 2016-cı ilin sentyabrında Balakən
rayonunun Mahamalar kəndi ərazisində özünü yalandan Eşqin adlı şəxs
kimi təqdim edib, qardaşı olmadığı halda, Rusiya Federasiyasından
gələn qardaşının toyu olacağını, toy üçün heyvan lazım olduğunu
bildirib.

Bu yolla o, kənd sakini Məhəmməd Əhmədova pulunu sonradan
verəcəyinə vəd verib. Və aldatma yolu ilə Məhəmməd Əhmədova məxsus
700 manat dəyərində bir baş iribuynuzlu inəyi dələduzluq yolu ilə
ələ keçirə bilib.

Təbriz Abdullayev növbəti dələduzluq əməlini həmin ilin
sentyabrında Balakən rayonunun Tülü kənd sakini İlkin Süleymanova
qarşı törədib. O, İlkin Süleymanova dağ ərazisində özünə məxsus 700
baş xırda buynuzlu heyvanı olduğunu yalandan bildirib, ona toy
etməsi üçün 7 baş xırdabuynuzlu heyvan verəcəyinə vəd verib. Təbriz
Abdullayev aldatma yolu ilə zərərçəkmişdən 700 manat alıb.

Bacısını toyuna necə hazırlıq görüb?

Təbriz Abdullayev daha sonra Balakən rayonunun Gərəkli kəndi
ərazisində bacısının toyu 2008-ci ildə olduğu halda, yalandan
bacısının toyu olacağını və toy üçün heyvan lazım olduğunu
bildirib. O, həmin kənd sakini Rafiq Abdullayevə pulunu sonradan
verəcəyinə vəd verib, aldatma yolu ilə 660 manat dəyərində 7 baş
xırdabuynuzlu heyvanı ələ keçirə bilib.

Bundan başqa, Təbriz Abdullayev 2016-cı ilin oktyabrında Balakən
şəhəri ərazisində İsa Məmətiyevə yalandan qoz-fındıq ləpəsinin
satışı ilə məşğul olduğunu bildirib. O, İsa Məmətiyevə qoz ləpəsini
sonradan verəcəyinə vəd verib. bu yolla o, İsa Məməyiyevdən 120
manat məbləğində pul alıb.

Təbriz Abdullayev bundan bir neçə gün sonra dələduzluq
hərəkətlərinin davamı olaraq İsa Məmətiyevə yalandan arvadının
dünyaya ölü uşaq gətirdiyini və əməliyyat üçün pul lazım olduğunu
bildirib. O, İsa Məmətiyevdən 400 ma­nat məbləğində yenidən pul
alıb.

Təbriz Abdullayev həmçinin bacısının toyu ilə əlaqədar ət almaq
üçün pul lazım olduğunu İsa Məmətiyevə bildirib və ondan sonda 40
manat alıb.

Təbriz Abdullayev daha bir dələduzluq əməlini 2016-cı ilin
oktyabrında Balakən rayonunun Katex kənd sakini Cuma Qocayevə qarşı
törədib. O, özünü yalandan Təbriz Paçalov kimi təqdim edərək,
bacısının toyu olacağını və toy üçün heyvan lazım olduğunu Cuma
Qocayevə bildirib. Bu adla o, Cuma Qocayevə pulunu sonradan
verəcəyinə vəd verərək, sonuncuya məxsus 750 manat dəyərində bir
baş iribuynuzlu heyvanı dələduzluq yolu ilə ələ keçirib.

Yol qəzası və dələduzluq

Təbriz Abdullayevin sonuncu dələduzluq əməli 2017-ci ilin ma­rt
ayına təsadüf edib. O, Balakən rayonunun Qullar kənd sakini İbrahim
Annaqiyevə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində üç baş
xırdab­uynuzlu heyvanı idarə etdiyi avtomobillə vuraraq tələf
etdiyini yalandan bildirib. O, zərərin ödənilməsini sahibinə
bildirib, pulunu sonradan verəcəyinə vəd verib. Təbriz Abdullayev
aldatma yolu ilə İbrahim Annaqiyevə məxsus 150 manat dəyər­ində iki
baş xırdabuynuzlu heyvanını dələduzluq yolu ilə ələ keçirib.

Dələduzluq və 3 il 6 ay cəza

Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar
dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Balakən rayon
Məhkəməsinin hökmü ilə Təbriz Abdullayev 3 il 6 ay mü­ddətinə
azadlıqdan məhrum edilib, onun cəzasını ümumi rejimli cəzaçəkmə
müəssisəsində çəkməsi qərara alınıb.

Həmçinin məhkəmə zərərçəkmişlərin təqsirləndirilən şəxsə qarşı
mülki iddalarını təmin etməyib. Hökmdə göstərilib ki,
zərərçəkmişlərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə
müraciət edə bilərlər, Təbriz Abdullayevdən şikayətçi ola
bilərlər.

Hökmdən narazı qalan Təbriz Abdullayev apelyasiya şikayəti
verərək, işinə yenidən baxılmasını, cəzasını həbs olmayan cəza növü
ilə əvəz edilməsini xahiş edib.

Təbriz Abdullayevin şikayəti araşdırılması üçün Şəki Apelyas­iya
Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrlik etdiyi
kollegiyada araşdırılıb.

“Ziyanı ödəyə bilməyib”

Təqsirləndirilən şəxsin vəkili Samir Şərifov bildirib ki, Təbriz
Abdullayev maddi imkansızlığı ilə bağlı Balakən rayon Məhkəməsinin
10 avqust 2017-ci il tarixli hökmü qəbul edilənədək zərərçəkmiş
şəxs­lərə vurduğu ziyanı ödəyə bilməyib: “O, işə baxan hakimdən
maddi ziyanın ödənilməsinə görə ona vaxt verilməsini xahiş etməsinə
baxmayaraq, onun xahişi nəzərə alınmayıb və iş üzrə hökm qəbul
edilib. Təbriz Abdullayev buna baxmayaraq, valideynləri vasitəsi
ilə iş üzrə zərərçəkmiş şəxsləri tapıb və onlara dəyən maddi ziyanı
tam həcmdə ödəyib, o cümlədən, onlarla barışıq əldə edib. Bundan
sonra, iş üzrə zərərçəkmiş Hacı Seriyev, Məhəmməd Əhmədov, İlkin
Süleymanov, Rafiq Abdullayev, İsa Məmətiyev, Cuma Qocayev və
İbrahim Annaqiyev Balakən rayon notariat kontoruna gedərək, onlara
dəymiş maddi ziyanın ödənilməsi, təqsirləndirilən şəxslə
barışmaları, ondan heç bir şikayətlərinin olmaması və ona cəza
təyin edilərkən həmin xüsusatların nəzərə alınması barədə Şəki
Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ərizə yazıblar. Onlar
həmin sənədləri imzalayaraq dəymiş ziyanın ödənilməsini
həqiqiliyini təsdiq ediblər”.

“Cəza yüngülləşdirilməlidir”

Vəkil daha sonra qeyd edib ki, Təbriz Abdullayevin zərərçəkmiş
şəxslərlə barışması və onlara dəymiş ziyanı tam həcmdə ödəməsi
cəzanı yüngülləşdirən hal olmaqla yanaşı, ona təqsirləndirildiyi
Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin saksiyasında nəzərdə
tutulmuş daha yüngül cəzanın, yəni cərimə cəzasının təyin edilməsi
üçün əsas yaradıb: “Ona görə də, Balakən rayon Məhkəməsinin 10
avqust 2017-ci il tarixli hökmünü Təbriz Abdullayevə cəza təyin
edilməsi hissəsində dəyişdirilməli, ona təqsirli bilindiyi Cinayət
Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş
cərimə cəzası təyin edilməli və təyin edilmiş cəza Təbriz
Abdullayevin həbsdə saxlanıldığı müddətlə əvəz olunmalıdır”.

Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırıb
ki, səhv edib, törətdiyi cinayət əməlindən çox peşman olub,
zərərçəkmiş şəxslərin hamısına vurduğu maddi ziyanı ödəyib və
onlarla razılıq əldə edib: “Ha­zırda zərərçəkmiş şəxslərin məndən
şikayəti yoxdur. Ona görə də, butün bunları nəzərə alaraq Balakən
rayon məhkəməsinin hökmünün dəyişdirilməsini, mənə təyin olunmuş
cəzanın yüngül­ləşdirilməsini, həbslə bağlı olmayan cəza təyin
edilməsini məhkəmə kollegiyasından xahiş edirəm”.

Yekin cəza: 3 min manat cərimə

Məhkəmə iclаsındа çıxış edən dövlət ittihаmçısı Surac Salmanov
apelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirib.
O, apelyasiya şikayətlərinin təmin edilməməsini və birinci
instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını tələb
edib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara
görə, Təbriz Abdullayev və onun müdafiəçisinin apelyasiya şikayəti
təmin edilib. Məhkəmə Təbriz Abdullayevin barəsində olan hökmü
dəyişdirilməsi barədə qərar elan edib.

Məhkəmə onu 3 min manat miqdarında cərimə edib. Təbriz
Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib
və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp