Azərbaycanı qoyub qaçmış bir qrup insan…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən
www.ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək
prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya
yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov,
Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən
Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.

Petisiya AŞPA, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə,
ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.

Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə
petisiyanı hazırlayanların məqsədləri haqda fikirlərini
bildirib.

Millət vəkili qeyd edib ki, prezident seçkiləri Azərbaycan
Konstitusiyasına uyğun olaraq keçirilir və buna hər hansı digər
şərh verilməsinin heç bir əsası yoxdur. Onun sözlərinə görə,
Azərbaycandan kənarda yaşayaraq, belə bəyanatlar vermək
anti-Azərbaycan mərkəzlərinin növbəti layihəsindən başqa bir şey
deyil:

“Azərbayanda keçirilən tədbirlər zamanı anti-Azərbaycan
mərkəzlərinin tərəfdarları həmin tədbirləri pozmaq üçün addımlar
atırlar. Bir müddət əvvəl Azərbaycanı müdafiə edən italiyalı
deputatla bağlı böhtan yayıldı və sonda Milan Məhkəməsi onunla
bağlı bəraət qərarı çıxardı. İndi isə belə bir hərəkətin edilməsi
sadəcə olaraq, Azərbaycan qarşı qara piar kampaniyasıdır. Məqsəd
Azərbaycanda gedən prosesləri gözdən salmaq, beynəlxalq
ictimaiyyəti səhv məlumatlandırmaq və Azərbaycanın müstəqil siyasət
aparmasının qarşısının almaqdan ibarətdir. Azərbaycanda demokratik
hüququ dövlət qurulub, insan hüquqları qorunur, Azərbaycan açıq
cəmiyyətdir və dünya ilə sıx bağlıdır. Dünyada gedən proseslərdə
Azərbaycan da iştirak edir. Qarşıdan gələn seçkilər namizədlərdən
ən çox səs toplayanın qələbəsi ilə başa çatacaq və növbəti yeddi
ildə strategiyamızın müəyyənləşməsinə səbəb olacaq”.

Petisiyanı yaradan şəxslərin onu beynəlxalq təşkilatların
başçılarına ünvanlanmasına gəlincə, A.Mirzəzadə hesab edir ki,
sözügedən təşkilatlar ona heç bir əhəmiyyət verməyəcəklər:

“Çünki mahiyyəti üzrə deyil və həqiqəti əks etdirmir. Digər
tərəfdən, burada məqsəd beynəlxalq təşkilatların diqqətini cəb
etmək deyil. Məqsəd suyu bulandırmaq, lüzumsuz siyasi provakasiya
etməkdən ibarətdir. Azərbaycanı qoyub qaçmış bir qrup insanın
Azərbaycanın taleyi ilə bağlı xaricdə canfəşanlıq etməsi qəribə bir
təzad yaradır. Bu gün Azərbaycanda iş yerləri yaradılır, Azərbaycan
beynəlxalq birliyin layiqli üzvüdür, özünün müstəqilliyini
gündən-günə möhkəmləndirir və Azərbaycan regionda stabilliyin əsas
qarantıdır. Mən həmin insanları başa düşərdim ki, onlar 1 milyon
200 min məcburi köçkünü, Ermənistanın Azərbaycan torpaqlarının bir
hissəsinin işğalda saxlanılması və beynəlxalq təşkilatların
Ermənistanı qınamaq siyasətindən uzaq durması ilə bağlı öz
fikirlərini bildirərdilər. Amma nədənsə bu insanlar Azərbaycana
qarşı qarayaxma kampaniyası aparırlar. Nəzərə alaq ki, bu insanlar
kiçik bir qrupdur və nə Azərbaycan ictimaiyyətində, nə də
beynəlxalq aləmdə elə bir nüfuzları yoxdur. Hesab edirəm ki,
etdikləri növbəti dəfə kimlərinsə əlində alət olduğunu
göstərir”.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp