Azərbaycanda Çin təqvimi möcüzəsi: Ayın 28-nə qədər vaxtınız var



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Qədim mədəniyyət mərkəzi olan Çin çoxsaylı özəlliklərinə
görə daim dünya xalqlarının diqqət mərkəzində olub. Bu əsrarəngiz
məmləkətin əsas atributlarından biri də 3 min ildən artıq yaşı olan
Çin təqvimidir.

Ənənəvi Çin təqviminin əsas maraqlı cəhəti odur ki, istənilən
zaman kəsiyinin insanın daxili və zahiri aləmi ilə vəhdətini,
həmçinin qarşılıqlı təsirini müəyyən edə bilir. Odur ki, təqvim Çin
cəmiyyətində kainatın, dünyanın yaradılışını təsvir edən əsas
nəzəriyyələrdən biridir. Çin təqviminin ilk baxışdan çox mürəkkəb
görünən xüsusi qanunları və hesablama qaydaları var. Lakin ətraflı
məlumat əldə etdikdən sonra həyat haqda təsəvvürlərimizi səhmana
salır.

Maraqlıdır ki, 3 min ildən çox tətbiq edilən bu təqvim 12 heyvan
ünsürünün bir-birini əvəzləməsi şərtilə 60 illik dövriyyə üçün
nəzərdə tutulub. Bu heyvanlar siçan, öküz, pələng, dovşan (pişik),
əjdaha, ilan, at, qoyun (keçi), xoruz, it və qabandır ki, bu da
təsadüfi sıralanma deyil. Əfsanəyə görə, Budda Yeri tərk edəndə
məhz bu heyvanlar onunla sağollaşmağa gəlmişdilər. Bu təqvimin
Qərbdə məşhurlaşması isə yaxın keçmişə təsadüf edir.

Картинки по запросу budda

Şərq inanclarına görə, Çin təqviminə daxil olan heyvanlar
onların ilində doğulan insanların xarakterinə birbaşa təsir etmək
iqtidarındadırlar. Vurğulamaq lazımdır ki, çinlilər bu uyğunluğa
çox inanırlar.

Ənənəvi təqvim Şərqi Asiya ölkələrində də geniş vüsət almağına
baxmayaraq, müəyyən təhriflərə uğrayıb. Həmçinin Qriqorian
təqvimindən fərqləndiyi üçün doğulduğunuz illə bürcünüz fərqli ola
bilər.

Bu təqvim adətən Şərqi Asiyada uğurlu günü müəyyən etmək üçün
istifadə olunur. Məsələn, toy və digər önəmli günlər üçün əlverişli
tarixin hesablanmasında “ay” təqvimi asiyalıların köməyinə
çatır.

Çində qriqorian təqvimi “standart”, yaxud “qərbi” adlandırılır.
Həmçinin milli və Qərbi təqvimi ayırd etmək üçün birinə “köhnə”,
digərinə “yeni” adı verilib.

Çin təqvimi haqda bir sıra əfsanələr mövcuddur ki, onlardan
ikisi çox məşhurdur.

Birinci fərziyyəyə görə, günlərin bir günü Budda doğum gününə
bütün heyvanları dəvət edir. Onlardan sadəcə 12-si dəvəti qəbul
edir. Çovğunlu hava olduğundan çayı keçib, Buddanın hüzuruna
yetişmək böyük çətinlik törədirdi. Məhz bu dəyərə görə, Budda gələn
heyvanları mükafatlandırıb, hərəsinə idarə etmək üçün bir il verir,
özü isə göylərə çəkilir.

Yəqin ki, hər birinizə maraqlıdır ki, niyə pişik və dovşan
ilində iki heyvanın adına rast gəlirik. Əfsanəyə görə, növbə ilə
çayı keçib, doğum gününə tələsən heyvanlar bir-birinin ardınca
Buddanın hüzuruna çıxırlar. Budda isə diqqətsizliyi ucbatından
dördüncü heyvanın pişik, yaxud dovşan olduğuna dəqiq qərar verə
bilmir. Odur ki, hələ də bir il altında iki heyvanın hökmranlığı
müşahidə olunur.

İkinci əfsanədə isə deyilir ki, Nefrit (yəşim daşı) İmperatoru
öz nökərini göydən yerə göndərir ki, 12 ən gözəl heyvanı seçib,
mükafatlandırsın. Nökər Yer üzünə enəndə qarşısına ilk çıxan siçan
olur. Daha sonra isə digər 10 heyvanı tapır. Uzun axtarışın sonunda
pişiyi görüb, gözəlliyinə aşiq olur və onu da göyün 7-ci qatına
sahibinin hüzuruna çağırır. Tənbəl pişiksə yatmağı çox sevdiyindən
siçandan xahiş edir ki, onu sübhdən oyatsın. Hiyləgər siçan özünə
bəzək-düzək verəndən sonra nə etsə də, pişikdən gözəl olmayacağını
anlayır və onu oyatmır.

Siçan mərasimdə musiqi alətində ifa edərək, hökmdar tərəfindən
ilk mükafatı alır. Beləcə ikinci yeri öküz, üçüncünü pələng,
dördüncünü dovşan, beşincini əjadaha, altı və yeddincini ilan və
at, səkkizincini qoyun, doqquzuncunu meymun, onuncunu xoruz, on
birincini isə it tutur. 12-ci yerin sahibi tapılmadığından
hökmdarın nökəri yerə enib, ilk rastına çıxan qabanı göy qatına
aparır. Yuxudan gec oyanan pişik tələsik görüş yerinə qaçır. Lakin
təəssüf ki, artıq çox gec idi və hökmdar pişiyə qəzəblənmişdi. Buna
baxmayaraq, sevimli heyvanı dovşanla bir sıraya qoyur. Siçanın
satqınlığını bağılşaya bilməyən pişiksə günümüzədək ona nifrətlə
yanaşır. Təbii ki, bu bir əfsanə olsa da, insan bəzən nağıl
dinləməyə mənəvi ehtiyac duyur.

Bu gün Çin təqvimi əsasən, ay və ay-günəş təqvimlərinə bölünür.
Hazırdə bu ölkədə qriqorian təqvimi tətbiq olunsa da, xalq öz
ənənələrinə sadiq qalır və ay təqvimi üzrə bahar bayramını, yəni
yeni ilini qeyd edir. Yeni il gecəsi adətən təzə ayın doğulduğu
gecəyə təsadüf edir.

Ölkəmizdə yaşayan müxtəlif xalqların adət-ənənələrinə hər zaman
hörmətlə yanaşan dövlətimiz Çin xalqının “ay təqvimi” ilə Yeni
ilini də unutmadı. Belə ki, fevralın 14-ü Azərbaycan Xalça
Muzeyinin “Xalçalar və əfsanələr” layihəsi çərçivəsində “Çin
təqvimi üzrə yeni il” sərgisi start götürdü. Məhz bu tarixdə Çin
təqvimi üzrə itlə birgə, yeni il daxil olur. Odur ki, sərgidə bu
heyvanın təsvir olunduğu xalça nümunələrimiz nümayiş edilir.

Muzeyin direktoru Şirin Məlikova tədbiri giriş sözü ilə açaraq,
iki dövlətin mədəniyyətləri arasındakı dostluq münasibətindən
danışdı və Çin xalqını bolluq-bərəkət gətirən Yeni il münasibətilə
təbrik etdi.

Çin Xalq Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Vey
Cinq Xua qonaqları salamlayaraq, göstərilən diqqətə görə,
Azərbaycan dövlətinə minnətdarlığını bildirdi. Səfir vurğuladı ki,
bu bayram Çin xalqı üçün Azırbaycanda böyük sevinclə qeyd olunan
Novruz bayramına bərabər əhəmiyyətə malikdir.

Daha sonra tədbirə qatılan qonaqlar, dövlət rəsmiləri,
mədəniyyət xadilmləri, eləcə də müxtəlif xalqların nümayəndələri
maraqla sərgi salonuna yollandılar.

İt Azərbaycan xalçalarında əsas təsvir nümunələrindən biridir.
Onun birbaşa gerçək təsviri ilə yanaşı, simvolik mənası da
mövcuddur. Belə ki, it sahibini nəinki gözlə görünən düşmənlərdən,
eləcə də pis ruhlardan qoruyur. Türklərin genealoji əfsanələrində
canavar, yəni türkərin ulu babası itin törəməsi sayılır. Odur ki,
bəzi xalçalarda təsvir edilmiş canavar (it) təsviri totem mənası
daşıya bilər.

Maraqlıdır ki, bəzi Çin xalqlarının nümayəndələri arasında da it
totem heyvan sayılır. Hətta qədim Çin əfsanəsinə görə, bir
hökmdarın sarayında Panxu adlı beşrəngli it yaşayırmış. Panxu öz
hökmdarını hətta ən güclü düşmənlərindən qoruyarmış. Ordunun ən
güclü döyüşçülərini şücaəti ilə geridə qoyan Panxu hökmdarın qızı
ilə evlənir. Bu gün Yao və Şi xalqları Panxu adlı itin və hökmdar
qızının törəmələri hesab olunur.

Qeyd edək ki, sərgidə təqdim olunan xalçaların bir neçəsi
muzeyin ehtiyat bölməsinə aiddir və ilk dəfə qonaqların diqqətinə
təqdim edilir.

Azərbaycan Xalça Muzeyinin Çin Xalq Respublikasının ölkəmizdəki
səfirliyi ilə birgə təşkil etdiyi “Çin təqvimi üzrə yeni il”
sərgisinin açılış mərasimi Çin mətbəxinə aid təamlardan ibarət
ziyafətlə sona çatdı.

“Çinsayağı” Yeni ilin ilk günü start götürən maraqlı sərgi
fevralın 28-dək davam edəcək. Güc-qüdrət və bərəkət rəmzi olan it
təsvirlərilə zəngin xalça nümunələrinin sehrinə düşmək
istəyirsinizsə, mütləq yolunuzu Azərbaycan Xalça Muzeyindən
salın.

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp