“Azərbaycan prezidenti Avropa paytaxtlarında seçilmir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Müxtəlif qüvvələri təşkilatlandıran kəşfiyyat
mərkəzilərinin olduğu hər kəsə bəllidir. Bu petisiya da məhz həmin
qüvvələrin, onların əlaltılarının işidir. Odur ki, bu petisiyalar
heç bir hüquqi və siyasi nəticə doğurmayacaq”.

Bu sözləri Publika.az-a açıqlamasında millət
vəkili Zahid Oruc www.ipetition.com saytında xaricdə yaşayan bir
qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək
prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiyaya
münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, ölkənin taleyini Avropa
paytaxtlarında həll etməzlər:

“Azərbaycan saatı, Meydan tv, Turan tv də belə qüvvələrin əlində
bir vasitədir. Berlin və ya Strasburqda Qarabağ televiziyası
yaratmaq istəyənlər bir dənə də olsun donor mənbə tapa bilməyəcək.
Belə olan təqdirdə, beynəlxalq siyasi gerçəkliyi daha yaxşı görüb,
qiymətləndirmək olur. Hesab edirəm ki, seçki kampaniyasına
hazırlaşan, prosesə qoşulan hər kəs bu dövlətin taleyini onun
sərhədləri çərçivəsində axtarmalıdır. Avropa paytaxtlarında
prezident seçilmir”.

Millət vəkilinin sözlərinə görə, bir vaxtlar Konstitutsiyanı
qəbul etməyən, onu dövlət quruculuğunun əsas kitabı hesab etməyən,
ali qanunda aparılan dəyişikliyi özlərinin əleyhinə olduğunu
düşünən qüvvələr bu gün Konstitusiyanı hökumətdən qorumaq uğrunda
sanki bir savaş elan ediblər:

“1990-ci illər prosesləri həmin qüvvələrin kafasında möhkəm bir
yer edib. Bu da başadüşüləndir, bəlkə də, o dövr dəyişilməsi mümkün
olmayan bir fenomendir. Yəni onların fikrincə, bu seçkinin
keçirilməsi üçün mütləq müharibə, fövqəladə şərait, daxili
toqquşmalar, vətəndaş müharibəsi olmalı imiş. Halbuki, XX əsr dünya
tarixinə diqqət yetirsək, Avstraliya və Kanadadan Asiya qitəsinə
qədər hakimiyyətin səlahiyyəti başa çatmadığı dövrdə seçkilər
keçirilib. Buna görə prosesi bu cür siyasi məsələ üzərində şərh
etmək də əsassızdır.

Müxalif qüvvələr dəfələrlə seçkilərin ərtələnməsi tələbi ilə
çıxış ediblər. Hətta Müsavat Partiyası sonuncu dəfə dilemma
qarşısında qalanda İsa Qəmbər seçkinin iyulda keçirilməsini irəli
sürmüşdü. Bəs bu təklif hansı məntiqə uyğundur? Əgər Konstitusiya
müqəddəs hesab edilirsə, nə üçün onların düşüncəsindən gələn
dəyişiklik qanuni olur, digər tərəf edəndə bu, qeyri-legitim
hadisəyə çevrilir. Demək, burada da onların mövqeyi yanlışdır və
ciddi əsaslara söykənmir”.

Z.Oruc bildirib ki, heç kim Konstitusiyanın müddəalarına
əsaslanaraq dövlət rəhbərinə növbədənkənar seçki təyin etmək
hüququnun yasaq edilməsi fikrini ortaya qoya bilməz:

“Bundan sonra irəli sürülən bəhanələr, arqumentlər,
təşkilatlanmalar, xarici qüvvələrin bu işə cəlb edilməsinin heç bir
hüquqi əsası yoxdur. Seçkilərin legitimliyini müəyyən edəcək hakim
Azərbaycan xalqıdır, hər hansı beynəlxalq təşkilat, yerli qurum,
partiyalar, demokratiya etiketli başqa təsisatlar deyil. Seçkilərin
nəticələri də ilk növbədə millətimiz üçün lazımdır.

Bu məsələnin təqvim hissəsindən uzaqlaşsaq, Azərbaycan insanı
üçün qarşıdakı dövrdə ən müxtəlif məsələlərlə bağlı onun üçün
gələcək həyatı önəmlidir. Dövlətin tutduğu kursun sürdürülməsi,
sabitlik, əminamanlığın təmin edilməsi, iş yeri, sosial tələbləri,
təhsil, səhiyyə məsələləri, karyera quruculuğu ilə bağlı
problemlərin həllini tapması insanlar üçün daha vacib
məsələlərdir.

Digər bir məqam var ki, müxalif qüvvələr seçkilərin vaxtının
uzadılmasını alqışla qarşılayacaqdılar? 25 ildir hakimiyyətin
astanasında durduqlarını deyirdilər, bir neçə aya qüvvələrini daha
yaxşı səfərbər edəcəkdilərmi? Onların məntiqini irəli aparanda bir
küfr meydana çıxır.

Petisiyalar heç bir halda Azərbaycan xalqının iradəsinə kölgə
sala bilməz. Önəmli olan iddiaçılara bərabər rəqabət mühitinin
yaradılması, bərabər efir vaxtının verilməsidir, cəmiyyət
düşüncələrinin tribunaya gəlməsidir, seçicilərlə görüşlərin
aparılmasıdır. Bunun kənarında müxalifətin məğlubiyyəti nə
petisiya, nə uydurulan alternativ seçki hadisəsi, nə də təqvimlə
ortadan qalxa bilməz. Müxalifət təqvimin istənilən günündə məğlub
olur”.

Onun sözlərinə görə, petisiyanı hazırlayanlar, seçkini qanunsuz
adlandıranların vətənpərvərliyi yalnız Azərbaycan hakimiyyətini
tənqid edəndə üzə çıxır:

“Xaricdə yaşayan bəzi azərbaycanlının ölkənin milli məsələlərinə
o cür savaş açmalarının şahidi olmamışıq. Bir dəfə görməmişik ki,
Strasburqu siyasi mühasirəyə alsınlar, Brüsseldə təşkilatlanıb
Qarabağ üzrə qətnamələr qəbul etdirsinlər, müxtəlif ümumxalq
problemlərini gündəmdə saxlasınlar, ölkənin mənafeyi üçün
Ermənistanla savaş aparsınlar. Əlbəttə, bunları etsələr və ondan
sonra Azərbaycan hakimiyyəti ilə savaşı Avropa paytaxtlarına
daşısalar, o zaman belə əməllərində bir məna görünər və əsasları da
yaranar. Rəsul Quliyev 22 ildir ABŞ-da əyləşib, hər gün kompüter
qarşısına əyləşib bəyanatlar verir. Bir dəfə də ağlına gəlmir ki,
doğrudan da onun Konqresdə o qədər əlaqələri varsa, bir abzaslıq
qətnamə qəbul etdirsin. Daha sonra həmin qətnaməni özünün siyasi
təbliğatının əsasına çevirsin. Bu gerçəkdən də siyasi mübarizənin
prinsiplərinə uyğun olardı. Hər kəs də onun 10 min kilometr
məsafədə də fədakarlığını anlayardı. Necə olur ki, onların
demokratlığı və vətənpərvərliyi ancaq hakimiyyəti tənqid edəndə
görünür. Ondan kənarda milli hissləri çoşmur. Bu, necə bir
məntiqdir?”

Qeyd edək ki, xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən
www.ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək
prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya
yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov,
Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən
Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp