“Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına
enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq.
Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının
üçdəbiri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan
öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa
hazırdır.

Publika.az-ın xəbərinə görə, bunu Azәrbaycan prezidenti İlham
Əliyev bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası
çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyi
layihəsi olduğunu qeyd edib: “Biz milli təhlükəsizlikdən danışarkən
əlbəttə ki, hazırda enerji təhlükəsizliyi ən vacib elementlərdən
biridir. Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir,
bizdə bu, marşrutların və mənbələrin şaxələndirilməsidir. Bu, əsl
şaxələndirmədir. Çünki təkcə marşrutların şaxələndirilməsi
bizimkindən bir qədər fərqlidir. Cənub Qaz Dəhlizi enerji sahəsində
əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu
göstərir. Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər
ondan faydalansın. Bu səbəbdən, başlanğıcda bizim əsas məqsədimiz
istehsalçılar, tranzit ölkə və istehlakçılar arasında yaxşı
balansın tapılmasıdır. Yalnız bu halda biz uğur qazana bilərik və
layihənin uğurlu icrası bizim doğru yolda olduğumuzu göstərir.
İstehsalçıların və ya istehsalçının, – hələ ki, cəmi bir istehsalçı
var – Azərbaycan, – tranzit ölkələrin və istehlakçıların maraqları
tam şəkildə nəzərə alınır və Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün
ölkələrdə bir neçə milyardlıq investisiyalara yol açır. Bu,
minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də
nəqliyyat infrastrukturu, nəqliyyat infrastrukturuna investisiya
yatırılması deməkdir. Cənub Qaz Dəhlizi marşrut boyunca yerləşən və
Cənub Qaz Dəhlizinin üzvü olan ölkələrin bir çox hissələrinin
qazlaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlar inkişaf,
sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol
açır. Çünki bu gün Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr
Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu
ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair
bəyannamələr imzalayıb. Hazırda biz Avropa İttifaqı ilə danışıqlar
aparırıq və yeni tərəfdaşlıq sazişi də Azərbaycanla Avropa İttifaqı
arasında əməkdaşlıq üçün yeni format yaradacaq”.

Prezident, əvvəlki layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi”
layihəsinin ölkəyə yeni faydalar verdiyini qeyd edib: “Azərbaycan
iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq,
iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından
səmərəli şəkildə istifadə edib. Hazırda ümumi daxili məhsulun
mütləq əksəriyyəti özəl sektorun payına düşür”.

“Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula
bərabərdir. Düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsinin ən
yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun
qiymətləndirməsidir. Son qiymətləndirmə göstərir ki, Azərbaycan
rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə
olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan
3-cü yerdədir. Bizdən əvvəl yalnız 30 inkişaf etmiş ölkə və 2
inkişaf etməkdə olan ölkə var. Bu, o deməkdir ki, biz rəqabətlilik
və inkişafa görə 33-cü və 35-ci yerdəyik. Bu, bizim enerji amili
ilə dəstəklənən siyasətimizin göstəricisi və siyasətimizin
nəticəsidir. Sözsüz ki, biz Azərbaycanda yeni enerji inkişafı ilə
bağlı tərəfdaşlarımızla fəal şəkildə işləməyə davam edəcəyik”, –
deyə dövlət başçısı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp