Allah “Quran”da buyurub ki, yengə olmasa…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Kəramət Böyükçöl

Yaxın bir dostum var. Tez-tez görüşür, problemlərimi,
dərd-sərimi onunla bölüşürəm. O da eynilə məni özünə dərd qardaşı
hesab eləyir. Söhbətimizin mövzusu ən çox sevgidən olur. İkimizin
də maşallah, zəngin sevgi xatirələrimiz var. Hansı ki, bu
xatirələrin üzərində böyük bir imarət ucaltmaq olar. Dostumun
idmançı bir görkəmi də var. Xüsusən, kostyum geyinəndə, qalustuk
bağlayanda yanından keçənlərin hamısı elə bilir baş nazirin
mühafizəçisidir. Beyni çönəndə istənilən adamı bir yumruğa yerə
sərər. Di gəl ki, o boyda oğlan sevgidən danışanda məni gülmək
tutur. Nədənsə, mənə elə gəlir ki, sevən adamlar həmişə zəif
olurlar, həm xarakter, həm də fiziki cəhətdən sərçədən o qədər
fərqlənmirlər.

Sizə bir sirr açım, gülməkdən öləssiniz, dostumun sevgilisi kim
olsa yaxşıdır? Arvadı. Dəhşətli sevgi macəraları olub. Ata-anası
qızını Moskvada işləyən, əli pulla oynayan bir biznesmenə söz
veribmiş, dostuma vermirlərmiş. Bu da gedib qızın atası ilə kişi
kimi söhbət eləməyə, görüb ki, kişi deyil. Sonra gedib qızın
qardaşı ilə kişi kimi söhbət eləməyə, görüb ki, o da kişi deyil.
Dayı, əmi, xala oğlu, əmi oğlu… Nəysə, dostum o boyda nəsildə
oturub üz-üzə söhbət eləməyə bir kişi tapmayıb. Görüb ki, hamısı
qızın Moskva işləyən azərbaycanlı biznesmenə satılmasının
tərəfdarıdır. Amma qız mərd qızmış. Neyləsin? Görüb ki, ata kişi
deyil, qardaş kişi deyil, axırda məcbur olub ailənin kişilik
məsuliyyətini öz üzərinə götürsün. Bir gün dostuma deyib ki,
qoşulub qaçaq.

Dostum mental adamdır. Amma mentallığı o qədər bəşəridir ki, onu
bir insan kimi sevməyə bilmirsən. Məsələn, gecənin yarısı zəng
eləyib yuxudan qaldırarsan, deyərsən ki, dardayam, gəl. O saat
gələr, səni ən çətin bəladan xilas eləyər, canını qurban verər.
Amma, ancaq, lakin soruşsan ki, sən niyə bu qədər sədaqətlisən,
niyə bu qədər mərdsən? Başlayacaq danışmağa: “Allah “Quran”da
buyurub ki…” Dərhal deyirəm ki, dayan, dayan, ehtiyac yoxdur,
başa düşdüm. Qızın da qoşulub qaçmaq təklifinə dostum bu məntiqlə
yanaşıb. Düşünüb ki, Allah “Quran”da qız qaçırtmağı qadağan eləyib.
Siz Allah, onun öz sevgilisinə qovuşması üçün arada dayanan maneyə
baxın: Allah nə deyər? Hərdən hirslənib ürəyimdə ona deyirdim ki,
ay səy, bu boyda sevgidən sonra hansı yolla olur-olsun, sizin
bir-birinizə qovuşmağınıza heç bir varlıq Allah qədər sevinə
bilməz! Qayıdıb mənə nə desə yaxşıdır?

– Əstafurullah!

Guya mən Allaha qarşı getdim. Bir sözlə, dostumun hünəri
çatmayıb qızı qaçırtmağa və beləcə düz 14 il bir-birilərinə qovuşa
bilməyiblər. Qız orda, dostum da burda ömürlərinin ən qaynar,
emosional çağlarını bir-biriləri ilə yuxuda sevişə-sevişə bada
verdilər. Axırda qız tərəfdə nə qədər qeyrətsiz vardısa, hamısı
qeyrətə gəlib onların qovuşmasını razılıq veriblər. Dostum elə
sevinir, elə sevinirdi ki, o boyda eşşək “Nizami” metrosunun
qabağında necə tullanıb-düşürdüsə, camaat tamaşasına durmuşdu. Ən
çox ona görə sevinirdi ki, sevgilisinə adət-ənənə, qayda-qanunla
qovuşacaq. Mən yüz faiz bilirəm ki, toy gecəsində yengə məsələsi
ilə dostum şəxsən məşğul olub. O demək deyil ki, qızın təmizliyinə
inanmır, ona görə yengə təşkil eləyir. Yox! Sadəcə, bu səy elə
bilir ki, dinimiz belə buyurub.

Toyları üç ildir olub. İki uşaqları var. Gündə evə gələndə
arvadına gül alır. Deyirəm, qardaş, bu qədər də lazım deyil,
səninki artıq sevgi deyil, düşüklükdür. Səy oğlu səy, adam da
arvadına gül alar? Acığına gəlir. Hirslənib deyirəm ki,
ümumiyyətlə, sən nahaq o qızı aldın. Evlənib o boyda sevginin içinə
niyə zibil qoydun? Ayrılardınız da! Əziyyətinə heyfin gəlmədimi?
Niyə şərait yaratmadın ki, qız moskvalı biznesmenə gedəydi?
Biznesmen də iki ay işlədib dalına bir təpik vuraydı. Qız da qarnı
burnunun ucunda dədəsinin xarabasına gələydi. Dədəsini də ona
baxaydı, infarkt vuraydı, öləydi. Qız da Namiq Qaraçuxurlunun
meyxanasındakı qız kimi pis yola düşəydi. Qardaşı da xəcalətindən
başını qaldırıb gəzə bilməyəydi. Sən də bu mənzərəyə uzaqdan
baxaydın, kayf alaydın, axşam da içib səhərə kimi ağlayaydın…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp