Abituriyent seçim etməkdə sərbəst olacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi Nazirlər Kabinetinin “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu
Qaydaları”nda təsdiq etdiyi dəyişiklikləri şərh edib.

DİM-dən Publika.az-a verilən məlumatda
bildirilib ki, qəbul qaydalarında edilmiş əsas dəyişikliklərə görə,
qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay
sessiyaları şəklində keçiriləcək və abituriyent hər sessiyada I-IV
ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər.
Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları
daha da genişləndirilib.

“Belə ki, abituriyentə icazə veriləcək ki, məsələn yaz imtahan
sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III
ixtisas qrupu üzrə imtahanda iştirak etsin. Həmçinin abituriyent
əvvəllər olduğu kimi eyni ixtisas qrupu üzrə də hər iki qəbul
imtahanında iştirak edə bilər. Abituriyent seçim etməkdə sərbəst
olacaq. Qüvvədə olan qayda isə belə idi ki, abituriyent bir tədris
ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul
imtahanında iştirak edə bilərdi.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı
olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak
edə bilər qaydası da qüvvədə qalır”.

Bundan başqa, müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında
iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə
şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki
ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər.

“Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən
abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan
ixtisasları seçə bilərlər. Qaydaların 1 nömrəli əlavəsində I
ixtisas qrupu üzrə 5.1.1. “42 İnformasiya texnologiyaları və
sistemləri mühəndisliyi” hissəsi ləğv olunub və I ixtisas qrupu
üzrə siyahıya İnformasiya texnologiyaları, Sistem mühəndisliyi,
Sənaye mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları
mühəndisliyi, Şəhərsalma və Şərabçılıq, II ixtisas qrupuna Davamlı
inkişafın idarə edilməsi və İdman menecmenti və kommunikasiya, IV
ixtisas qrupuna Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik və Bədən
tərbiyəsi və idmanda reabilitasiya, V ixtisas qrupuna Məşqçi (idman
növü üzrə) və Rəqs müəllimliyi ixtisasları əlavə edilib”.

Qeyd edək ki, Nazirlər Kabinetinin son dəyişiklikləri Dövlət
İmtahan Mərkəzinin təklifinə əsasən həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp