DİM vəkillik imtahanı ilə bağlı statistik məlumatları AÇIQLADI

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi yanvarın 28-də Vəkillər
Kollegiyasına üzv olmaq üçün keçirilən test imtahanında iştirak
edən namizədlər və onların imtahan nəticələri haqqında bəzi
statistik məlumatları açıqlayıb.

DİM-dən Publika.az-a verilən məlumata görə,
namizədlərin 11,5%-i xarici, 88,5%-i yerli ali təhsil
müəssisələrində təhsil almış şəxslərdir.

İmtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93
namizəd imtahana gəlməmişdir. İmtahanda iştirak edən 1873
namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək
bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərdən
müxtəlif illərdə DİM (keçmiş TQDK) tərəfindən ali təhsil
müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək
yalnız bakalavriat və ya bakalavriat və magistratura səviyyəsinə
qəbul olanların sayı 985 nəfər olub. Bu kateqoriyaya aid olan
iştirakçılardan 455 nəfər (46%) müsabiqə şərtini ödəyərək – 60 və
daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə
buraxılıb.

Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanında iştirak üçün
qeydiyyatdan keçən, lakin DİM-in (TQDK-nın) keçirdiyi qəbul
imtahanlarında iştirak etməyən namizədlərin sayı 669 nəfər olub. Bu
namizədlər əsasən 1950/60/70-ci illərdə doğulan və ya xaricdə
yerləşən ali təhsil müəssisələrini bitirmiş şəxslərdir. Bu
kateqoriyaya aid namizədlərdən imtahanda uğur qazananların sayı 105
nəfər (16%) olub.

28 yanvar tarixində keçirilən imtahanda iştirak edən namizədlər
sırasında DİM (TQDK) tərəfindən ali təhsil müəssisələrinə
keçirilmiş qəbul imtahanlarında iştirak edərək heç bir ali təhsil
müəssisəsinə qəbul olmayan namizədlər də var. Bu namizədlər əsasən
əvvəlki dövrlərdə ali təhsil müəssisələrinin daxili əmrləri ilə
universitetə qəbul olunan, köçürülən və ya xaricdə təhsil alan
şəxslərdir. Bu kateqoriyaya aid olan 312 namizəddən yalnız 15%-i,
47 nəfər Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanda uğur əldə
edə bilib.

Göründüyü kimi DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanlarında
iştirak edərək ali təhsil müəssisələrinə qəbul olan namizədlərin
təqribən yarısı, digər iki kateqoriyaya aid olan namizədlərin isə
15%-i Kollegiyaya üzvlüyə qəbul imtahanında müsbət nəticə
göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir