Azərbaycanda insanın ölüm anının müəyyən edilməsi meyarları və qaydaları müəyyənləşdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Səhiyyə Nazirliyinin Kollegiyası “İnsanın ölüm anının
müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması
meyarları və qaydası”nı təsdiq edib.

Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Abbas Vəlibəyovun
imzaladığı Qayda bu gündən – fevralın 7-dən qüvvədədir.

Qeyd olunub ki, ölüm zamanı insanın orqanizmində ardıcıllığa
malik mərhələli bioloji proseslər gedir. Buna müvafiq olaraq insan
olümü kliniki və ya beyin ölümündən sonra bioloji ölümlə başa
çatır. Kliniki ölüm mərhələsində ürəyin fəaliyyəti və tənəffüs
prosesi dayanır, orqanizmin həyat fəaliyyətinin xarici
əlamətlərinin heç biri müşahidə olunmur, lakin təxirəsalınmaz
reanimasiyon tədbirlər nəticəsində orqanizmin həyat fəaliyyətini
bərpa etmək mümkün olur. Kliniki ölümü tibb işçisi (həkim və ya
feldşer) müəyyən edir. Ürəyin işləməsi və ağciyərlərin süni
ventilyasiyası fonunda beynin bütün funksiyalarının tam
dayanmasının və geridönməz proseslərinin qeydə alınması beyin
ölümünün baş verməsini göstərir. Beyin ölümü diaqnozu xəstənin
olduğu tibb müəssisəsində həkimlərin konsiliumu tərəfindən qoyulur.
Konsiliumun tərkibinə öz ixtisası üzrə ən azı 5 il iş təcrübəsi
olan həkim anestezioloq-reanimatolo və həkim nevropatoloq daxil
edilməlidir. Konsiliumda insan orqan və toxumalarının
transplantasiyasını həyata keçirən həkimlər iştirak edə bilməzlər.
Bioloji ölüm orqanizmin həyat fəaliyyətinin geridönməz
dayanmasıdır. İnsanın bioloji ölümü orqanizmdə meydana çıxmış erkən
və (və ya) gec meyit əlamətləri əsasında müəyyən edilir. Beyin
ölümü və ya bioloji ölüm insanın ölüm anı hesab edilir.

Reanimasiya tədbirləri orqanizmin həyativacib orqan və
sistemlərinin funksiyalarının bərpasına, o cümlədən tənəffüs və qan
dövranı funksiyalarının süni surətdə saxlanmasına yönəldilir və
həkim və ya feldşer tərəfindən həyata keçirilir, onlar olmadıqda
isə ürək-ağciyər-beyin reanimasiya tədbirlərinin aparılması üzrə
tibbi təlim keçmiş və müvafiq vərdişləri mənimsəmiş şəxslər
tərəfindən (fövqəladə hallarda) həyata keçirilir. Reanimasiya
tədbirləri aşağıdakı hallarda dayandırılır:

– Beyin ölümünün müəyyənləşdirilməsi əsasında insan ölümünün
təsdiqlənməsi zamanı;

– reanimasiya tədbirlərinin insanın həyati vacib funksiyaların
bərpasına 30 dəqiqə ərzində yönəldilməsi nəticəsiz olduqda;

– reanimasiya tədbirlərinin tam həcmdə (ağciyərin süni
ventilyasiyası, ürəyin masajı, dərman vasitələrinin istifadəsi)
keçirilməsinə başlanmasından 10 dəqiqə ərzində, yenidoğulmuşlarda
ürək döyüntüsünün olmaması;

– bioloji ölümün əlamətləri aşkarlandıqda.

Bioloji ölüm anı ambulator-poliklinik (stomatoloji istisna
olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb
müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb
müəssisələrinin həkim və ya feldşeri tərəfindən müəyyən edilir və
“Ölüm haqqında tibbi şəhadətnamə” doldurulur. “Ölüm haqqında tibbi
şəhadətnamə’’ mülkiyyət formasından asılı olmayaraq
ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və
sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin
patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri
tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə
istisna olmaqla) baş veribsə Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə
çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini
təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb
müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə
ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Ölüm
hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə)
yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin)
həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir
və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı
ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış
sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in
həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi
və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının
nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə
“Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi
kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən
şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə
ambulator tibb müəssisəsi tərəfindən verilir. Aşağıdakı hallarda
tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə
aparan tibb müəssisəsi tərəfindən verilir:

– hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri
zamanı;

– infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;

– tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri
araşdırılmalı olan ölüm hallarında;

– zorakı ölümə şübhə olduğu hallarda;

– ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda;

– ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı
şikayət olduğu hallarda;

Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu
stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb
müəssisəsi tərəfindən verilir. Yenidoğulmuşun ölümü 168 saat
ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə”
doldurulur. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik,
travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş,
lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da
ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və
Sağlamlıqla Bağlı Problemlərin Beynəlxalq Statistik Təsnifatı
(XBT-10)” üzrə kodlaşdırılmalıdır.. Şəhadətnamə həkim və ya feldşer
tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən
təsdiq olunur. Şəhadətnamə 3 nüsxədə tərtib olunur. Birinci nüsxə
şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Səhiyyə
Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim
olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar
olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu
verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə
məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb
müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin
verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və
qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir.
(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir