“Hüseyn Cavid – 135” şeir müsabiqəsi ilə bağlı antologiya təqdim edildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Kaspi” təhsil şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdiyi “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media rəhbərləri, şairlər və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasnın sədri Əflatun Amaşov Azərbaycanın böyük şairi Hüseyn Cavid haqqında məlumat verib. O bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının mühüm simalarından biridir.

Görkəmli şairin Naxçıvanın Şaxtaxtı kəndində anadan olduğunu deyən Ə.Amaşov məlumat verib ki, böyük dramaturq bir müddət Təbrizdə mədrəsədə, daha sonra isə İstanbulda təhsil alıb:

“Təhsil aldıqdan sonra böyük şair Azərbaycanda müəllimlik fəaliyyəti ilə məşğul olub. Lakin o dövrün amansız sürgün həyatı ondan da yan keçməyib. Böyük şairimiz Sibirə sürgün olunub. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində görkəmli şairin məzarı tapılaraq Azərbaycana gətirilib”.

Ə.Amaşov bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında əbədi iz qoyan sənətkardır:

“Hüseyn Cavid elə sənəktardır ki, onun əsərləri əbədi olaraq tariximzə həkk olunmalıdır”.

Daha sonra tədbirdə Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva deyib ki, Hüseyn Cavid çox xoşbəxt sənətkarlardandır.

Onun sözlərinə görə, sənətkarına böyük qiymət verə biləcək xalqa sahib olmaq xoşbəxtlikdir: “Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır ki, onun atası mütləq Şaxtaxtdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkürənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Hüseyn Cavidin taleyində türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkürənin nədən başlandığını və digər prinsipləri öyrənməli idi”.

S.Vəliyeva bildirib ki, Hüseyn Cavidin istər bədii, istər publisistik, istərsə də nəsrlə yazdığı əsərlərdə məfkürə hakimliyi var: “O nə yazıbsa, orada iki xətt var. Biri tanrıya, biri də milli məfkürəyə bağlılıq”.

“Kaspi” qəzetinin təsisçisi qeyd edib ki, Cavidin əsərlərində Allaha müraciətlər insanların diqqətini cəlb edir: “Bu çox vacibdir. Hüseyn Cavid yazılarında öz ideyalarına sadiq qalıb. O nə yazdısa, xalq onunla qürür duydu. Ümumiyyətlə, Caviddən danışanda onun acı taleyinə yanmamaq mümkün deyil. Böyük dramaturq Allahına, tanrısına bağlı idi. Onun böyüklüyü də onda idi. O sonuna qədər öz əqidəsinə, məsləyinə, arxalandığı məfkürəyə sadiq qaldı. Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq”.

Ümummilli liderin görkəmli şairin məzarının Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan S.Vəliyeva qeyd edib ki, ulu öndər ailəni böyük məqbərə altına topladı: “Ümummilli lider Hüseyn Cavid ideologiyasını dəstəkləməklə bu ailədən olduğunu sübut etdi. Bu, böyük şairə verilən böyük qiymət, tarixi xidmətdir”.

Müsabiqə haqqında məlumat verən “Kaspi” qəzetinin təsisçisi vurğulayıb ki, müsabiqəyə 108-ə qədər müəllif şeir göndərib: “Qaliblərin müəyyənləşdirilməsi üçün çox görkəmli söz adamlarında ibarət münsiflər heyəti təşkil olunub. Bildiyiniz kimi Cavidin əsas pinsipi ədalət idi ki, qaliblərin seçilməsində bu prinsipə əməl olunub. Qaliblər üçün diplom və pul mükafatı ayrılıb. Mən bütün qalibləri təbrik edirəm. Bu səpkidə tədbirlərimiz davamlı olacaq”.

Müsabiqənin münsiflər heyətinin üzvü, şair Sabir Rüstəmxanlı bildirib ki, Cavidin Azərbaycana qayıdışı, tarixi bayram idi.

Tədbirdə çıxış edən digər natiqlər bu cür müsabiqələrin keçirilməsinin mühüm və əhəmiyyətli olduğunu dilə gətiriblər.

Sonda müsabiqə qalibləri mükafatlandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp