“Qurbanovla Prosineçki arasında yerlə göy qədər fərq yoxdu”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan millisi yoxlama oyununda Moldova ilə qarşılaşıb. 0:0 hesabı ilə bitən matçdan sonra yığmamızın futbolçusu Təmkin Xəlilzadə jurnalistlərin suallarını cavablandırıb

Milli.Az futbolpress-ə istinadən xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:

– İlin ilk oyunu idi. Yaxşı hazırlaşmışdıq. Rəqib də yaxşı komanda idi. Müdafiə olunmağı bacarırdılar. Üstünlük bizdə oldu. Daha çox topa nəzarət etdik. Lakin rəqibin müdafiə “beton”unu yara bilmədik. Düşünürəm ki, pis çıxış etmədik. İnşallah, bu komanda ilə yaxşı nəticələrimiz olar.

– Robert Prosineçkinin rəhbərliyi altında da top qovmusan. Bu matçda onun Qurbanovla fərqi nədə hiss olundu?

– Elə bir fərq hiss etmədim. Bu sual dünən də mənə brifinq zamanı verilmişdi. Orada da bunu vurğulamışdım. Hər iki mütəxəssis futbolçulardan topla oynamağı tələb edir. Top itiriləndə isə pressinq etməlisən. Yerlə göy qədər fərq yoxdur. Futbolun dili birdir. İnşallah, bundan sonra daha yaxşı olar.

– Ötürmələrdə bir qədər səhvlər çox oldu…

– Oyundan indi çıxmışıq. Nəsə deməyim düz olmaz. Baş məşqçimiz oyunu analiz edəcək. İradları da bizə bildirəcəklər. Sözsüz ki, birinci oyunla beşinci qarşılaşmamızda fərq olacaq. Oyundan-oyuna artıracağıq. Milli üçün ən yaxşısını etməyə çalışacağıq.

– Moldova da Millətlər Liqasında bizim kimi sonuncu səbətin sakinidir. Qrupu adlasaq, bu komanda ilə yenə qarşılaşa bilərik…

– Gəlin belə danışaq, biz hələ növbəti mərhələni düşünməyək. Öz qrupumuzu düşünməliyik. Elə bir şeylə də üz-üzə qalsaq, turu keçən tərəf biz olarıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp