Xoşbəxtliyimizə mane olan texnologiya



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Birbaşa mətləbə keçirəm. Söhbətimiz nə qədər kəsə olsa, o qədər yaxşıdır.

Müasir insan, xüsusilə müasir gənclik hiss və həyəcanını itirib, getdikcə soyuqqanlı, laqeyid, diqqətsiz varlıqlara çevrilir. Bu cümləni oxuduqdan sonra küçədə rastlaşdığınız insanların ifadəsiz baxışlarını, yeniyetmə övladınızın bütün gün telefonla, kompyüterlə vaxt keçirməsini xatırlayın. Uzun müddət görüşmədiyiniz uşaqlıq dostunuzla çay süfrəsi arxasındakı görüşü yada salın. Onu yenidən gördüyünüz üçün sevinclisiniz, ancaq o, sizinlə söhbət etsə də, diqqəti telefondadır. Və yaxud sevgilinizlə romantik şam yeməyini düşünün. Hər şey idealdır. Siz onun gözlərinə baxıb xoş xəyallar qurursunuz, o isə diqqətini cəmləyə bilmir, sizin qədər həyəcanlı, emosional, xoşbəxt deyil. Çünki əlindəki “ağıllı telefon” onu sizdən ayırır. Feysbuka, instaqrama, Tvitterə, Votsapa gələn bildirişlər onun fikirlərini dağıdır. Arada bu “xoşbəxt anı” şelfi ilə ölümsüzləşdirib, sosial şəbəkələrdə paylaşıb, bu dəfə də son paylaşıma gələn şərhlərə diqqət ayırır. Sizin xəyalını qurduğunuz xoşbəxt gecəni bərbad edən kimdir, nədir?  Bəli, o əvvəlki kimi həyəcanlı deyil. Qəfil telefonunuza gələn bildiriş səsinə diksinirsiniz. Olduğunuz məkan və siz hansısa fotoda “işarələnmisiniz”. Bəli, sevgiliniz sizə öz diqqətini, duyğusunu virtual şəkildə təqdim edir. Sizi sevsə də, əlindəki müasir texnoloji möcüzə ona daha cazibədar gəlir və hislərini müasir texnoloji imkanlarla ifadə edir. Maraqsızdır? Məncə, hətta çox mənasızdır. Hətta biyabırçılıqdır.

Ətrafınızdakı soyuqqanlı, biganə və laqeyid insanları yadınıza salın. İşdən evə gələn kimi televizorun qarşısına keçən atanızı, Votsapda tez-tez rəsmlər dəyişib, ibrətamiz kəlamlar payaşan ananızı, İnstaqram-da gün ərzində minimum beş foto paylaşan bacınızı, Feysbukda “layk” toplamaq üçün məntiqin sərhədlərini zorlayan qardaşınızı düşünün. Onlarla sizin aranızdakı baryeri yaradan səbəblərə nəzər salın. Amma, ilk öncə, telefonu internetdən ayırın – çünki əlinizdəki bu cihaz sizin üçün ən böyük maneədir. Çünki onlar da sizi laqeyid və biganə hesab edir. Bəli, əgər evə gəldikdən sonra telefonla, kompyüterlə daha çox vaxt keçirirsinizsə, ətrafınızdakı insanlardan bixəbərsiniz. Yeni dövrün ən böyük bəlası məhz bu biganəlik, laqeyidlik və diqqətsizlikdir.

Bütün bunların sosial, psixoloji və tibbi tərəflərini, şübhəsiz ki, bu sahənin mütəxəssisləri tərəfindən araşdırılır. Heyf ki, bu araşdırmaların və gəlinən nəticələrin faktiki olaraq bizim üçün ciddi faydası yoxdur. Çünki biz internet saytlarından psixologiyamız və səhhətimiz üçün faydalı olan informasiyaları nadir hallarda oxuyuruq. Ciddi araşdırma, psixoloji təhlil oxumaq, Yutubda yayılmış hansısa gülməli videoya baxmaq qədər maraqlı deyil. Beyniniz sizdən əyləncə, rahatlıq tələb edir. Çünki siz illərdir kitab oxumağı yox, kompyüteri, telefonu, planşeti, elektron poçtu, sosial şəbəkələri, internet oyunlarını seçmişiniz.

Oxumaq, düşünmək, təhlil etmək sizin üçün darıxdırıcıdır.

Mesaj gözləyəndə, Feysbukda şəklimizi bəyənən oğlanınqızın profilində “gəzişəndə”, yazdığımız sonuncu “tvitin” nə qədər “retvit” olunduğuna sevinəndə, növbəti Yutub videosunun bizi güldürə biləcəyini düşünəndə səhifələri yeniləməyə, yeni internet səhifəsi açmağa və əlimizdəki cihazı hərisliklə yoxlamağa başlayırıq. Etiraf edək ki, müasir texnologiya bizi real həyatdan ayırır, gözəl duyğulardan məhrum edir.

Müasir texnologiyalardan asılılıq, az qala narkotikdən asılılıq qədər təhlükəlidir. Bu cihazlar, sosial şəbəkələr, internet oyunları bizi əsir alır və biz onlardan istifadəni nizamlaya bilmirik. Biz daim nə isə axtarırıq.

Axtarmaq gözəldir, amma bu axtarışı yanlış yerdə, yanlış vaxtda və yanlış məqamda həyata keçiririk. Bu axtarışlar bizi doğmalardan, dostlardan, yaxınlardan və ən pisi özümüzdən uzaqlaşdırır.

Mən sizi texnologiyadan imtina etməyə dəvət etmirəm. Müasir dövrdə insan həyatını texnologiyasız təsəvvür etmək çətindir. Texnologiyanın imkanlarından normal və planlı şəkildə istifadə etmək, doğmalara, yaxınlara, dostlara daha çox vaxt ayırmaqla daha xoşbəxt yaşamaq mümkündür. Hər şey qədərində olanda daha gözəldir. Təklif edirəm ki, dostunuzla, sevgilinizlə görüşəndə, ailə üzvlərinizin ziyarətinə gedəndə əgər vacib bir zəng gözləmirsinizsə, telefonu səssiz rejimə keçirib, internetdən ayırın. Bütün diqqətinizi sizinlə vaxt keçirmək istəyən insana yönəldin. Özünüzü daha yaxşı hiss edəcəyinizə əminəm. Bunu sınayın, çünki iradəniz buna imkan verir.

Texnologiyanın xoşbəxtliyinizə mane olmasına imkan verməyin!

Cəlil Cavanhir

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp