“Nisyə də araq olar?” və ya Allahın nemətləri



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

 Milli.Az islam.az-a istinadən V.Əliyevin yazısını təqdim edir

“Allahın bəxş etdiyi nemət” ifadəsini tez-tez eşidir və ünsiyyət zamanı istifadə edirik. Bəs nədir bu nemət? Necə olur? Bəlkə dəbdəbəli villadır? Ya bank hesabında 1 milyon dollar? Yaxud ən son model brend avtomobil? Bəlkə xoşbəxt ailə, əməli-saleh övladlardır Allahın neməti?.. Əlbəttə, Allahın neməti bütün həyatımızı əhatə edir, hər addım, hər baxış, hər nəfəs İlahi nemətdir. Amma bəzən bu nemət elə formada təzahür edir ki, onun nemət olması bir yana, hətta bəla və dərd kimi dəyərləndirilir. Həyatda baş verən iki real hadisəyə nəzər saldıqdan sonra fikirlərimizi tamamlayarıq.

…Məhəlləmizdə kiçik dükan var idi. Həm müdir, həm satıcı, həm fəhlə funksiyalarını bir nəfər həyata keçirirdi. Piştaxtanın üzərində də qalın bir “nisyə” dəftəri olurdu həmişə (elə o dəftərə görə kişi dükanını bağladı, indi tikintidə fəhləlik edir). Günlərin birində dükandan xırda alış-veriş edəndən sonra satıcı ilə dünyanın gərdişi haqqında qonşulara xas olan söhbət aparırdıq ki, qapı açıldı. Qonşunun 10-11 yaşlı oğlu daxil olub piştaxtaya yaxınlaşdı: “Salam. Atam dedi ki, bunları da yazsın dəftərə, ayın axırında çatdıracam”. Uşaq əzilmiş kağız parçasını satıcıya uzatdı. O da çox həvəssiz ayağa qalxıb “sifarişi” yerinə yetirməyə başladı. Çay, konfet, çörək… Birdən elə bil ilan vurdu kişini: “Ayə, ay sənə qurban olum! Ayə, arağın da nisyəsimi olur, ayə!?” Uşaq dinmirdi, başını aşağı salıb susurdu. Dükançı bir qədər də qəzəb saçdıqdan sonra zənbili uşağa uzatdı: “Al, apar ver dədənə. Denən ki, nisyə araq olmur! Pulu olanda alıb içər!” Uşaq bir söz söyləmədən dükandan çıxdı. Tələsik mövzunu dəyişdim: “Ay qonşu, qurtar e bu zəhrimar arağı satmaqla! Günahdır axı…” Amma heç 5 dəqiqə keçmədi ki, həmin uşaq yenidən dükana daxil oldu. Piştaxtaya yaxınlaşıb başını aşağı saldı, titrək səslə pıçıldadı: “Atam deyir ki,… Atam deyir, qurban olum, heç olmasa bir dənə “çubuş” versin, çox lazımdı…” İçimdə sanki nə isə sındı. Ata necə övladı vasitəsi ilə özünü belə alçalda bilər? Özü də nəyə görə? Bir qurtum zəhərə görə?.. Çox şey verərdim ki, o an orda olmayam, bu baş verənləri görməyəm…  Dükançı bir qədər susdu. Bilmirəm nə düşünürdü. Abırlı adam idi, daha bir söz demədi. Dərindən köksünü ötürüb ayağa qalxdı, şüşəni uşağa uzatdı…

Gənc idim, əmək fəaliyyətinə yeni başlamışdım. Bir müdirimiz var idi. Cüssəli, Himalay ayısına bənzəyirdi. Elə xasiyyəti də müvafiq idi zahirinə: kobud, qaba. Bir adəti var idi: hər gün naharda mütləq masanın üzərində araq şüşəsi olmalı idi. Axtarırdı, ciddi cəhdlə arayırdı tərəf müqabillərini. Tapmadıqda da ənənəsini pozmurdu: tək süzüb içirdi. Amma Məhərrəmlik ki gəldi, vəssalam, daha içki məclisi yığışdırılırdı. Aşura günü isə mütləq məscidə gedib İmamın (ə) qatillərinə lənət oxuyardı. Səhəri gün o qədər şən gəlirdi ki! Səbəbini soruşanda da “nətəri sevinməyim! Dünən getdim məscidə günahlarımı yudum!” cavabını verərdi. Amma bir gün naxoşladı. Xəstəxanaya yerləşdirdilər, böyrəkləri əməliyyat olundu. Yenidən iş başına qayıdanda artıq arıqlamışdı, heç kefi yox idi. Səbəbi isə nə xəstəlik idi, nə də keçirtdiyi iztirablar: həkim spirtli içkilərin qəbuluna qəti qadağa qoymuşdu. Açıq şəkildə də demişdi: “İçsən öləcəksən!” Nahar vaxtı bu adamın çıxartdığı oyunları dil ilə vəsf etmək olduqca çətindir! Başını əllərinin arasına alıb, masa üzərindəki yeməyə baxaraq zırıldayırdı: “Allah ooooy! Allah ooooy! Ay Allah! Axı niyə məni bu cür nemətindən məhrum elədin, hə? Ay Allah, sənə canım qurban eee, amma niyə?” Bu mənzərəni görənlər təbəssümlərini, gülüşlərini gizlədə bilmirdilər. Amma adam həqiqi mənada əzab çəkirdi…

İndi isə fikirlərimizi tamamlayaq. Əslində, qeyd etdiyimiz hər iki halda Allahın neməti aşkar təzahür edib. Birinci halda yoxsulluq, ikinci halda isə xəstəlik Tanrının nemətidir, sanki günahlar girdabında çapalayan və məhv olma təhlükəsi ilə üz-üzə qalan bəndəyə son anda atılan xilasedici halqadır. Sözsüz ki, daha öncə digər xilasetmə vasitələrindən də istifadə olunub. Fəqət bəndə buna məhəl qoymayıb… Odur ki, fəqirlikdən, xəstəlikdən və bizim nəzərimizdə çətinlik kimi görünən digər problemlərdən şikayətlənməyə dəyməz. Anlasaq da, anlamasaq da, – hamısı nemətdir. Zatən Allah Ona iman edən bəndəsinə başqa bir şey qıymaz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp