Donan su sayğaclarına görə kim məsuliyyət daşıyır?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Havaların şaxtalı keçməsi mənzillərdə də problemlər yaradır. Bir çox hallarda su xətlərinin donması sakinlərin susuz qalmasına səbəb olur. Hətta bu cür problemlər su sayğaclarının sıradan çıxması ilə nəticələnir.

Milli.Az xəbər verir ki, ARB TV-nin “Günə Doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Lənkəran Sukanal idarəsinin rəisi: “Hündürmərtəbəli binalarda qoyulmuş pilləkən qəfəsində qoyulmuş sayğaclar qış və şaxta vaxtlarında əgər sıradan çıxarsa buna məsuliyyəti yerli idarə daşıyır. Ancaq həyət evlərində sayğaclar şaxta nəticəsində sıradan çıxarsa, bu, birbaşa vətəndaşın abonentin öz üzərində qalacaqdır.

Bununla yanaşı sərt şaxtalı havalarda digər qabaqlayıcı tədbirlər də görmək mümkündür. İlk növbədə, su boruları və sayğac daxilində izolyasiya işləri aparılmalıdır. Həmçinin sayğacın üst hissəsi açılır və sayğacın ekranına qədər ağac yonqarı ilə doldurulur.

Rövşən Təhməzov – Lənkəran Sukanal idarəsinin rəisi: “Qış aylarında sayğacların qutuların açıq saxlamasınlar. Sərt hava olduqda sayğacların qutuların ağzı açıq qalmasın. Ən yaxşısı o olar ki, isti əşyalarla onun üstünü örtə bilsinlər”.

Sakinlər su sayğaclarını qarşıdan gələn şaxtalı havalardan qorumaq üçün gah üstünü bərk-bərk basdırırlar, gah da ətrafını sarıyırlar. Əsasən, həyət evlərində yaşayanlar sayğacların donma təhlükəsindən daha çox narahatdırlar.

Rükəxan Salayeva – sakin: “Qış aylarında donmasın deyə üstün örtürük ki, donarsa, məsuliyyət qalır bizim boynumuzda. Ona görə də həmişə özümüz bağlayırıq ki, suyumuz donmasın”.

Ağababa Abbasov – sakin: “Onun üstünü əskiylə bağlayıram, “şoçik”in üstünü. Sonra əlavə ona sellofanla üstünü bağlayıram”.

Rəhimə Zamanova – sakin: “Biz onun qabağını alırıq yun bir əski səririk üstünə ki, o donmasın, qapağı örtəndən sonra üstünə perfol da səririk bağlayırıq ki, o xarab olmasın”.

Akşin Əliyev – sakin: “Bizdə bina evidi, yəni su sayğacı donma söhbəti problemi olmayıb. “Padyez”in içindədi. Özü də yığ karobkanın içində”.

Nemət Səlimova – sakin: “Şaxtalı havalarda olar, bağlayırıq partlamsın deyə, su buraxmasın”.

İdris Ağayev – sakin: “Biz tədbir görmüşük ona. Bükmüşük onu bağlamışıq, müəyyən lentlər ki, “zalentləmişik” onu, yəni ki, donmasın”.

Sorğudan da məlum oldu ki, əksər sakinlər su sayğaclarında müəyyən izolyasiya işləri görməklə donmanın qarşısını almağa çalışırlar. Əgər su sayğacı donub sıradan çıxarsa, bəs sayğacın təmiri hansı qaydalar əsasında həyata keçirilir.

Rövşən Təhməzov – Lənkəran Sukanal idarəsinin rəisi: “Hər hansı problem olduqda sayğacadək bütün problemləri yerli idarə özü həll etməlidir. Ancaq sayğacdan abonentə tərəf gedən hissəsi vətəndaşın öz hesabına təmir olunmalıdır”.

Rəhimə Zamanova – sakin: “Biz ona yaxşı baxmamışıqsa, yəqin ki, bizim məsuliyyətimiz üstündə olar da”.

Ağababa Abbasov – sakin: “Təbii hadisədi mən sındırmamışam ya da ki, ona bir xətər yetirməmişəm. Təbii hadisədir. Əgər qanun qayda ilə onu izoliyasiyaya vermişiksə, o formada şaxta güclü olub partladıbsa, mənim nə günahım”.

İdris Ağayev – sakin: “Yox, heç kəsə müraciət eləməmişəm. Ancaq öz hesabımıza. Bilirik ki, suyu bağlayırıq, “opşi”dən bağlayırıq özümüz tədbir görürük”.

Rövşən Təhməzov – Lənkəran Sukanal İdarəsinin rəisi: “Problemlərdən ən çoxu budur ki, vətəndaş sayğacdan az istifadə edəndə “klapan”lar bağlanır. Onunla bağlı vətəndaşlar yerli idarələrə müraciət edə bilərlər”.

Qeyd edək ki, su sayğacları sıradan çıxdığı zaman sayğac təmir olunanadək vətəndaş su ilə təmin edilir. Lakin ödəniş nağd yolla həyata keçirilir. Bu isə bir çox hallarda sakinlərə sərf etmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Donan su sayğaclarına görə kim məsuliyyət daşıyır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp