“Bu il dəmir yolu nəqliyyatı ilə bağlı bir neçə önəmli layihə icra ediləcək”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu il dəmir yolu nəqliyyatı ilə bağlı bir neçə önəmli layihə icra ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlətimizin başçısı bildirib: “Qeyd etdiyim kimi, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşüb və artıq fəaliyyətə başlayır. Maraq da çox böyükdür, həm Davos Dünya İqtisadi Forumu çərçivəsində, həm digər forumlarda bu məsələ ciddi şəkildə müzakirə edilir. Demək olar ki, bu, dünyanın gündəliyində duran infrastruktur-nəqliyyat layihələri arasında xüsusi yer tutan layihədir. Şadam ki, təhlilçilər, ekspertlər bu layihənin icrasında Azərbaycan dövlətinin rolunu xüsusi qeyd edirlər və yüksək qiymətləndirirlər. İndi biz çalışmalıyıq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün lazımi tədbirlər görülsün və əlbəttə ki, görüləcəkdir. Yeni vaqonların, sisternlərin, gəmilərin istehsalı, konteynerlərin alınması istiqamətində müvafiq göstərişlər verilmişdir. Artıq Asiyadan Qərb istiqamətinə yüklərin sayı gündən-günə artmaqdadır. Beləliklə, biz Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına nail ola bilmişik”.

İlham Əliyev deyib ki, bu il Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması istiqamətində işlər görüləcək: “Təbii ki, bu yol fəaliyyətdədir. Ancaq biz bu yolu modernləşdirməliyik ki, sürət artsın. Çünki biz Bakı-Tbilisi-Qars yolu ilə göndəriləcək çox böyük yüklər gözləyirik. Ona görə qatarların sürəti yüksək olmalıdır və eyni zamanda, bu, vətəndaşlar üçün də çox önəmlidir. Sürət yüksək olduqda əminəm ki, vətəndaşlar qərb istiqamətinə, qərb bölgəsindəki şəhərlərə qatarla getməyə üstünlük verəcəklər. Xüsusilə nəzərə alsaq ki, yeni, müasir sərnişin qatarları da alınır və alınacaq, çox rahat gediş-gəliş təmin ediləcək”.

Prezident qeyd edib ki, Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri görüb: “Ancaq növbəti illərdə biz bu xətti də ölkə ərazisində tədricən yenidən qurmalıyıq. Çünki bu istiqamət üzrə də böyük yüklər gözlənilir. Mövcud dəmir yolu infrastrukturu bu yükləri ötürə bilməyəcək. Ona görə builki investisiya proqramında Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması, təmiri, çəkilişi nəzərdə tutulub, vəsait də ayrılıb və işlər dərhal başlamalıdır. Hesab edirəm ki, bu il Bakı-Yalama istiqamətində tikinti işləri aparılacaqdır. Bakı-Astara istiqamətində isə bu il daha çox layihələndirmə işləri aparılmalıdır. Çünki yolun bir hissəsi sahil boyunca gedir. Bu, həm vətəndaşlara narahatlıq gətirir, həm də cənub zonasının turizm imkanlarını məhdudlaşdırır, eyni zamanda, istədiyimiz həcmdə yüklərin daşınması üçün şərait yaratmır. Ona görə biz bu iki önəmli layihəni investisiya proqramımıza daxil etmişik. Bu il və gələn il bu işlər sürətlə aparılmalıdır.

Qeyd etməliyəm ki, bu il, eyni zamanda, Bakı şəhərətrafı dairəvi dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu da şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox önəmli layihədir. Əminəm ki, Bakının və Bakıətrafı qəsəbələrin sakinləri bunun nə dərəcədə böyük xeyri olacağını hiss edəcəklər”.

Dövlət başçısı əlavə edib ki, turizm sektorunun inkişafını nəzərə alaraq, bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır: “Çünki Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır. Əgər onu vaxtında tikməsəydik, bəlkə Qəbələyə bu qədər turist gəlməzdi. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlarımızda var. Eyni zamanda, yeni, müasir vaqonlar, lokomotivlər alınacaq və beləliklə, dəmir yolu infrastrukturu tam müasirləşəcək”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp