Samir Əliyev: “Göz dəyməsin, artım var”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Səbail”in baş məşqçisi Samir Əliyev jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis əvvəlcə komandasının hazırda davam edən Antalya toplanışını dəyərləndirib.

– Ayın 20-dən toplanışdayıq. Fevralın 4-nə kimi burda olacağıq. Planla 4 yoxlama oyunu keçirməliydik. 2-sini oynamışıq, 2-si qalıb. Ümumi baxanda toplanışdan narazılığım yoxdur. Hər bir şərait var. Bizim işimiz çox çalışıb mövsümün ikinci hissəsinə hazır olmaqdır. Ən azı çempionatı 6-cı yerdə bitirmək istəyirik. Görürsünüz ki, turnir cədvəlində bizdən arxada olanda komandalar güclənirlər.

– Bəs “Səbail” özü bu mənada gecikmir?

– Yox. Məncə, yetərincə güclənmişik. Özümüzdə potensiallı futbolçular var. Son 2 yoxlama oyunu da göstərdi ki, göz dəyməsin, komandada artım var. Fərqli sistemlə oynayırıq. Heç bir narazılığım yoxdur.

– Transfer məsələsi nə yerdədir?

– Bu yaxınlarda bir moldovalı futbolçu götürmüşük. Yerlilərdən Kərim Diniyev, Rahil Məmmədov, Fəhmin Muradbəyli, Aqşin Qurbanlını tranfer etmişik.

– Bəs, Koçuk hansı keyfiyyətlərinə görə diqqətinizi çəkdi?

– Bizdə yarımmüdafiədə say çox idi, amma keyfiyyət yox idi. Koçuk sistemə uyğun futbolçudur. Hansı keyfiyyətlərinə görə götürdüyümü çempionatda görəcəksiniz.

– Onu nominal hücumçu kimi də oynada biləcəksiniz?

– Hansı sistemlə olur-olsun, dayaq yarımmüdafiəçisi və pleymeyker kimi oynaya bilər.

– Hücum xətti sizi razı salır?

– Yeni sistemdə 2 hücumçu ilə oynamağı planlaşdırırıq. Bu mövqedə çıxış edə bilən 4 yerli hücumçumuz var. Üstəgəl, bir afrikalı hücumçu da bizi Bakıda gözləyir. Viza məsələsi düzəlmədiyi üçün Antalyaya gələ bilmədi.

– Adı nədir?

– Adını müqavilə bağlayandan sonra biləcəyik. Bakıda fərdi qaydaday məşq edir. Məşqçimiz hər gün onunla dialoqdadır. Tapşırıqlarını verir.

– Belə çıxır ki, son vaxtlar oyun praktikasına malik olmayıb…

– Hə, bir az oynamayıb.

– Azərbaycan futbolsevərlərinin tanıdığı adlardandır?

– Bəli, tanıyırsınız onu.

– İki yoxlama oyunu keçirmisiniz. Hansından daha çox razı qalmısınız?

– Hər iki oyundan razıqalmışam. Futbolçular bütün bacarıqlarını ortaya qoyublar. Hər oyundan sonra səhvlərimizi analiz edirik. Yaxşı keyfiyyətlərimizi isə futbolçulara göstəririk ki, bundan maksimum istifadə etsinlər. Normal rəqiblərlə oynasaq da, onlara çox qol imkanı yaratmağa imkan vermədik.

– Özünüz də qeyd etdiniz ki, əsas rəqibləriniz güclənirlər. 6-cı yer uğrunda mübarizədə “Keşlə” və “Kəpəz”lə “Səbail” arasında səviyyə fərqi özünü göstərməyəcək?

– Bütün komandalar bir-birini izləyir. İmkan düşdükcə, digər yoxlama oyunlarına baxırıq. Amma sırf rəqibə görə taktiki-sxem qurmaq, hazırlaşmaq planımız yoxdur. Rəqibdən asılı olmayaraq, öz oyunumuzu oynamağa çalışırıq. Məqsəd sırf 6-cı pillə deyil. Ən azı mövqeyimizi qorumaq istəyirik. Amma eyni zamanda digər iddialı klublar da mübarizə aparacağıq.

– Bundan sonra daha çox hansı taktiki-sxemə üstünlük verəcəksiniz?

– Hazırda 2 sistemi sınaqdan keçiririk. 3-5-2 sitemi hələlik pis alınmır. Bu barədə çox danışmaq istəmirəm. Əsas sistem deyil. Əsas məşqçinin tələbini meydanda icra etməkdir. Eyni sistemlə bir neçə klub oynayır. Amma hər məşqçinin öz tapşırıqları olur.

– Komandaya yeni futbolçular gəldi. Aydın məsələdir ki, onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Bu, ikinci dövrə başlayanda sizə çətinlik yaratmayacaq?

– Xeyr. “Səbail” yeni klubdur. 30-a yaxın futbolçumuz var idi. Məcburiyyətdən sayı azaldıb, keyfiyyətə fikir verdik. Yeni gətirdiyimiz futbolçular mənim işimə, mən də onların potensialına bələdəm. Yeni gələn moldovalı komandaya çox tez uyğunlaşdı. Səviyyəli futbolçu olanda adaptasiya tez olur. Yeni oyunçular gəlsələr də, komandanın özəyini saxlamışıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp