Qadınların kişilərdən daha çox qarşılaşdığı psixoloji pozuntu: NECƏ QURTULMALI?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli.Az psixoloq-psixoterapevt Xanım Niftəliyevanın ailem.az-a məqaləsini təqdim edir.

Qış depressiyası bir növ affektiv narahatlıq, yəni emosional pozğunluqdur. Bu hal fəsil depressiyalarının bir növü hesab olunur. Əsas əhval-ruhiyyənin aşağı olması, həssaslıq, koqnitiv pozuntular, adaptasiya olunmada çətinlik, yaddaşın zəifləməsi kimi proseslərlə müşahidə edilir. Buna qış depressiyası deyirik, amma bəzən insanlarda payız fəslindən də özünü büruzə verməyə başlayır. Qadınlar kişilərə nisbətən daha həssasdırlar, daha tez qış depressiyasına düşürlər. Bu psixoloji pozuntu ilə daha tez qarşılaşırlar. Əsasən, 18-30 yaş arası insanlarda müşahidə edilir. Bir çox alimlər bunu qış aylarında lazımi qədər gün işığının alınmaması ilə əlaqələndirirlər. İşıq çatışmazlığı öz növbəsində beyində hipotalamusun (hipotalamus-bədən tempraturunu, periferik sinir sistemini və hipofizin işləməsini idarə edər) işinə mənfi təsir edir. Melaton və seraton arasında balans pozulur. Fəsil depressiyasının əlamətləri payızdan da başlayıb qışa qədər davam edə bilər. Bəzi insanlar buna çox ağır reaksiya verir. Elə olur ki, günlərlə yataqdan çıxmaq istəmir, heç kimlə danışmaq istəmir, özlərinə qapanırlar.

Bunun qış depressiyası olduğunu nədən bilirik?

Əsasən emosional sfera pozulur, əhval-ruhiyyə aşağı düşür. Bəzən özünü günahkar hiss etmə, özünü dəyərləndirmənin azalması, müxtəlif məşğuliyyətlərə marağın aşağı düşməsi baş verir. Hətta onlar işlərindən belə, imtina edə bilərlər. Daimi həyəcan hissi olur. Sanki nə isə panika yaşanacaq. Yuxu pozğunluğu, həssaslıq, oyanıqlıq, yaddaşın azalması, intellektual səviyyənin və iş qabiliyyətinin aşağı düşməsi, xüsusi ilə iştahanın azalması, çəki itkisi, həzm pozğunluğu, immun sisteminin zəifləməsi, sosial problemlərin yaranması (çevrəsində olan insanlara qarşı içində inciklik, küskünlük) kimi hallar da qış depressiyasının əlamətlərindəndir.

Burada bizim ən çox diqqətimizi çəkən nə olur?

Qış depressiyasına düşən insanlarda ən çox özünə qəsdlə bağlı müşahidələr aparılır. Onlar tez-tez ölümdən, intihardan danışırlar. Hansı ki, bunu həyata keçirən, özünə ziyan vuran insanlar da var. Qış depressiyası yaşayan bir insan tez-tez ölmək istədiyini, yaşamaqdan bezdiyini deyirsə, deməli, onun intiharla bağlı planı var.

Bu vəziyyətdən necə çıxmaq olar?

Hər kəs özünün psixoloqu kimi bu haldan çıxa bilər. Mən deyərdim ki, qış depressiyasının ən effektiv müalicəsi işıq terapiyası, bundan əlavə, idman, rəqs, musiqi dinləmək (pozitiv və sakitləşdirici musiqi), yoqa ilə məşğul olmaq, açıq havada uzun müddət gəzməkdir. Eləcə də qida rasionuna diqqət edilməsi yaxşı olar. Qış depressiyasında olan insanlar ən çox ət, balıq, süd, pendir, meyvə və tərəvəzlərdən daha çox istifadə etsələr, bədəndə xoşbəxtlik hormonları artmağa başlayar. Eyni zamanda ətirli bitkilərlə (darçın, mixək, jasmin) dəmlənən çaylar, ətirli yağlarla masaj, aroma terapiya müsbət təsir edən üsullardan biridir. Xüsusi ilə qeyd etmək istəyirəm ki, art terapiya böyük rol oynayır və bundan istifadə edilməlidir. Biz musiqini, rəqsi, gəzintini, üzgüçülüyü qeyd etdik, amma art terapiyanın daha geniş sahələrindən istifadə onların depressiyadan daha rahat çıxmasına kömək edir.

Qış depressiyası və depressiyanın istənilən növündə yaxınları, rəfiqələri, ailə üzvləri onların bu vəziyyətdən çıxmağına yardımçı olmalıdır. Çalışaq ki, istənilən vəziyyətdə gülümsəyək. Gülümsəməyin özü belə, depressiyadan uzaq olmağın bir roludur.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp