Naxçıvanda turizmin ekoloji, ziyarət, müalicə və dağçılıq növlərinin inkişafı üçün böyük potensial var



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Naxçıvan Muxtar Respublikasında turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq növlərinin inkişafı üçün böyük potensial var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Muxtar Respublikadakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ” Müalicəvi İstirahət Mərkəzinin direktoru Novruz Novruzov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.

N.Novruzov qeyd edib ki, zəngin tarixi-mədəni irsi, nadir təbiət abidəsi olan Duzdağ, mədəni memarlıq abidələri, sabitlik və müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir: “Muxtar respublikada turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün böyük potensial var. Bizim şirkətin də əsas fəaliyyət istiqamətlərindən biri turizm sektorudur.

Tibb və sağlamlıq turizmi sahəsində fəaliyyətimizi davam etdiririk. Sizin iştirakınızla 2008-ci ildə istifadəyə verilən Duzdağ Fizioterapiya Mərkəzinə hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi turizmin bu sahəsi üçün geniş imkanlar açır. Mərkəz Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Gürcüstan kimi ölkələrdən gələn turistlərin istirahət və müalicə məkanına çevrilib”.

İstirahət Mərkəzinin direktoru əlavə edib ki, bu illər ərzində təmsil etdiyi holdinq xidmət sektorları ilə yanaşı, yerli xammala əsaslanan idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına da üstünlük verib: “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti belə müəssisələrdəndir. Burada arsenli quru qaz, karbon qazı və quru buz istehsal olunur. Məhsullarımız daxili tələbatı tam ödəyir. Mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları və ərzaq məhsulları istehsalı ilə məşğul olan şirkətlər məhsullarımıza daha çox üstünlük verirlər.

“Nəqşicahan Holdinq” şirkətlər qrupu məşğulluğun tam təmin olunmasına öz töhfəsini verir. Şirkət tərəfindən müxtəlif profilli sahələrin yaradılması yeni iş yerlərinin açılmasına imkan yaradıb. Hazırda şirkətimizdə 1100 nəfər çalışır”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp