“İnter Arena”da özbaşınalıq və hədə-qorxu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“İnter Arena”da xoşagəlməz hadisə ilə qarşılaşan jurnalistlər polisə müraciət etmək məcburiyyətində qalıblar.

Milli.Az xəbər verir ki, yanvarın 27-də, saat 15:45 radələrində stadionun mühafizə xidmətinin əməkdaşları yaxınlıqdakı meydançada mini-futbol oynamağa gəlmiş media mənsublarına qarşı təhqiramiz sözlər işlədərək onlara hədə-qorxu gəlib və zərər vurmağa çalışıblar.

Demək olar ki, hər həftənin şənbə günü əraziyə mini-futbol oynamağa gələn Day.Az İnformasiya Portalının əməkdaşı Salman Rəhimov və Milli.Az Xəbər Portalının müxbiri Adil Nəcəfov bu dəfə orada özlərini mühafizəçi kimi təqdim edən şəxslərin təhqir və təhdidləri ilə qarşılaşıblar.

Belə ki, həmişə olduğu kimi, avtomobilini arenanın ərazisindəki duracaqda saxlamaq istəyən jurnalistlərə yaxınlaşan Yusif adlı muhafizəçi bu dəfə onların 1 manat pul ödəməli olduğunu deyib. “Axı əvvəllər biz həmişə avtomobili burada saxlamışıq və heç vaxt ödənişli olmayıb”, – deyən jurnalistlərə mühafizəçi bildirib ki, ödəniş mütləq edilməlidir. Ödənişin qarşılığında, sadəcə, qəbz istəyən jurnalistlərin qanuni tələbinə isə mühafizəçi əsəbi və tərbiyəsiz şəkildə “voobşe, durun çıxın burdan, basın bayıra, küçədə saxlayın” – deyə qışqırmaqla cavab verib. Jurnalistlər isə əvvəla, duracaqda maşın saxlamaq olarsa, niyə küçəyə çıxmalı olduqlarını, ikincisi, küçədə avtomobil saxlamağın qeyri-qanuni olduğunu, üçüncüsü, əgər ödəniş edilirsə, niyə qəbz verilmədiyini soruşublar.

“Belə çıxır ki, ya tələb olunan pul qeyri-qanunidir və stadion vergidən yayınır, ya da arenanın rəhbərliyinin bu özbaşınalıqdan xəbəri yoxdur, pullar rəhbərliyi aldadan mühafizəçilərin cibinə gedir”, – deyən Salman Rəhimlinin sözlərinə görə, daha sonra yaranmış səs-küyə özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən Rüfət adlı şəxs yaxınlaşıb və kobud şəkildə mübahisə etməyə başlayıb, ardınca isə onları söyüşlə təhqir edib.

Həmin şəxsə özlərini təqdim edən zaman isə jurnalistlər “rəis”in gözlənilməz reaksiyası ilə qarşılaşıblar: “Elə bilirsiniz sizin jurnalist olmağınız məni qorxudur? Burada mən sizin qanunlarınızı “hərləmirəm”! Bura mənim ərazimdir!”

Adil Nəcəfov deyir ki, onları təhdid edən şəxsin kim olduğunu soruşanda “Sizə dəxli yoxdur mən kiməm, buranın rəisiyəm, durun çıxın çölə” cavabını alıb, üstəlik ağır söyüşlər eşidiblər: “Ondan normal, mədəni danışıq tərzi tələb etdikdə isə “rəis” təhqirlərini davam etdirərək bizdən dərhal ərazini tərk etməyi tələb etdi, hətta avtomobilə zərər vurmağa çalışdı. “İstəsəm, sizin çənənizi də qıraram, təhqir də edərəm. Siz jurnalistlərə elə belə lazımdır!” deyib. O, hətta “İstəsəm, sizin komandanızı, ümumiyyətlə, bura buraxmaram, mini-futbil turnirindən də uzaqlaşdıraram”, – deyə geninə-boluna öyünməyə başladı. Ondan baş vermiş hadisəyə görə üzr istəmələrini tələb etdikdə isə “mühafizə rəisi” bundan qəti imtina etdi”.

Belə olduqda jurnalistlər hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə şikayət ediblər. Polis bölməsində jurnalistlərin izahatı alındıqdan sonra məsələ ilə bağlı ən qısa zamanda qanuni tədbir görüləcəyi bildirilib.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə müşahidə kameraları da var. Jurnalistlər sübut kimi kameralar vasitəsilə qeydə alınmış görüntülərdən də itifadə etmək niyyətindədirlər.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp