Balakəndə də tütünqurutma məntəqəsi yaradıla bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Balakəndə tütünqurutma məntəqəsinin yaradılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.

İ.Rzayev bildirib ki, ölkəmizin bütün regionları kimi, Balakən rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması nəticəsində rayonun sosial-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, son 4 ildə ümumi məhsul buraxılışı 12,0 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 21 faiz artıb. 2017-ci ildə rayon iqtisadiyyatına bütün mənbələr hesabına 52,4 milyon manat investisiya yönəldilib, 1469 yeni iş yeri açılıb ki, onlardan da 927-si daimi iş yeridir.

O vurğulayıb ki, Balakən tarixən qərzəkli meyvəçiliyin, o cümlədən fındıqçılığın inkişaf etdirildiyi bir rayondur: “Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, fındıq pöhrələrinin tədarük edilərək məhsul istehsalçılarına əvəzsiz verilməsi ilə bağlı imzaladığınız Sərəncam və verdiyiniz tapşırıqlar əhalinin bu sahəyə marağının artmasına səbəb olub. Son iki ildə rayondakı mövcud bağlardan 1,7 milyondan çox pöhrə tədarük edilməklə 3268 hektar sahədə fındıq bağları salınıb, bağların ümumi sahəsi 8934 hektara çatdırılıb. 2017-ci ildə 5,3 min ton fındıq tədarük edilib, məhsul satışından 14,5 milyon manatdan çox gəlir götürülüb, fındıq tədarükünə 2700 nəfərdən artıq işçi cəlb olunub. Növbəti illərdə daha 1700 hektarda fındıq pöhrələri əkilməklə yeni salınan bağların sahəsinin 5 min hektara çatdırılması nəzərdə tutulur”.

İcra Hakimiyyətinin başçısı qeyd edib ki, son illərdə rayonda tütünçülük sahəsində də xeyli işlər görülüb. 2017-ci ildə 528 hektarda tütün əkilib, 317,4 ton quru tütün istehsal olunub. Nəticədə 1426 nəfər mövsümi işlə təmin olunub, tütün istehsalından 650 min manatdan çox gəlir əldə edilib:

“Müvafiq Sərəncamınızla təsdiq olunan tütünçülüyün inkişafına dair Dövlət Proqramında digər rayonlarla yanaşı, Balakəndə də tütünqurutma məntəqəsinin yaradılması nəzərdə tutulur. Hazırda bu məqsədlə rayonda “Azərtütün” MMC-nin 540 ton gücü olan 60 yeni qurutma kamerasının tikintisinə hazırlıq işləri görülür. Buna görə rayon tütünçülərinin adından Sizə dərin təşəkkürümü bildirirəm”.

İ.Rzayev deyib ki, baramaçılıq da rayonun ənənəvi kənd təsərrüfatı sahələrindən biridir: “Baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin artırılması ilə bağlı qəbul olunmuş Dövlət Proqramı və imzaladığınız Sərəncam tənəzzülə uğrayan baramaçılığın yenidən dirçəldilməsini şərtləndirib, kümçülərdə böyük ruh yüksəkliyi yaradıb. Nəticədə 2017-ci ildə rayonda əvvəlki ilə nisbətən 3,4 dəfə çox, yəni, 11 ton barama istehsal olunaraq təhvil verilib. Cari ildə isə hədəfimiz barama istehsalını 25 tona çatdırmaqdır. Baramaçılığın yem bazasının yaradılması istiqamətində də işlər davam etdirilib, son iki ildə 231 min ədəd tut tingi əkilib”.

İcra Hakimiyyətinin başçısı bildirib ki, ümumilikdə, 2017-ci il üzrə kənd təsərrüfatına 13 min 700-dən çox işçi cəlb olunub, bu da rayon üzrə məşğul əhalinin 26,7 faizini təşkil edir: “Sizin tapşırığınızla regional inkişafda vətəndaş iştirakını təmin etmək üçün yaradılan “ABAD mərkəzi” 2017-ci ilin avqust ayında rayonumuza səfəriniz zamanı Sizin xeyir-duanızla istifadəyə verildi. Mərkəzdə zəruri istehsal avadanlıqları ilə təchiz olunmuş konteynerlərdə 7,3 tondan çox cem, mürəbbə və povidlo istehsal edilərək satış üçün Bakı şəhərinə göndərilib.

Sizin ixracyönümlü məhsul istehsalının təşviq edilməsi ilə bağlı verdiyiniz tapşırıqlara əsasən, ötən ilin sonlarında “Balxurma” MMC-nin rayonda fəaliyyətə başlayan və emal gücü həftədə 20 ton quru meyvə olan müəssisəsində yerli xurma sənaye üsulu ilə qurudularaq qablaşdırılır. Burada 120 nəfər sakinin məşğulluğu təmin olunub. Müəssisə istehsal etdiyi məhsulu 6 xarici ölkənin bazarlarında “Product of Azerbaijan” brendi altında satışa çıxaracaq”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp