Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı bizim üçün həmişə prioritet olub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı bizim üçün həmişə prioritet olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

İlham Əliyev bildirib: “Onu da deməliyəm ki, əgər biz 2004-cü ildə qəbul edilmiş birinci proqrama nəzər salsaq görərik ki, görülən bu işlərin böyük hissəsi orada əks olunmamışdır. Çünki biz bu proqrama və ondan sonrakı ikinci və üçüncü proqramlara əlavələr etdik. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində, vətəndaşlarla təmaslar əsnasında yeni təkliflər gəlir. Mən hər il onlarla rayona səfərlər edirəm, keçən il otuzdan çox rayonda olmuşam. Hər dəfə görülən işlərlə maraqlanıram, nəzarət edirəm, eyni zamanda, yerlərdən təkliflər alıram. Ona görə bu proqramlara bəzi hallarda zərurət yarandıqca əlavələr olunur. Odur ki, proqramların təhlilini apararkən biz mütləq əlavələri də nəzərə almalıyıq.

Əlbəttə ki, bizim məqsədimiz bu proqramları icra etməkdir. Ancaq əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq”.

Prezident söyləyib ki, on dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir:

“İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır.

2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bax, biz böyük regional inkişaf proqramına bu rəqəmlə start verdik. O vaxt mən yaxşı bilirdim ki, bu proqram çox böyük vəsait tələb edəcək. Bizim maliyyə imkanlarımız o qədər də geniş deyildi. Yəni, 1,8 milyard dollar valyuta ehtiyatlarımız var idi. Buna baxmayaraq, biz birinci regional inkişaf proqramına böyük vəsait ayırdıq. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp