ABŞ-da ADR-in 100 illiyi ilə əlaqədar qətnamə qəbul edilib – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar qətnamə qəbul edib. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Milli.Az-a verilən məlumata görə, ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası tərəfindən 26 yanvar 2018-ci il tarixində Azərbaycan Demokratik Respublikasının (ADR) yüz illiyi ilə əlaqədar qətnamə qəbul edilib. Sənəd Nümayəndələr Palatasının plenar iclasında təqdim edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul edilib. Azərbaycanın Nyu Meksikodakı fəxri konsulu Art Makhaffi plenar iclasda iştirak edib.

 

Qətnamədə, yüz il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir. Qətnamədə həmçinin, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Qətnamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir. Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.

Qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu və Nyu Meksiko ştatının paytaxtı Santa Fedəki fəxri konsulu vasitəsilə təmsil olunan Azərbaycan Nyu Meksiko ilə son illərdə güclü əlaqələr qurub.

Qətnamənin sonunda Nyu Meksiko ştatının Nümayəndələr Palatası tərəfindən ADR-in 100 illiyi münasibətilə Azərbaycana təbrik ünvanlanaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir, sənədin ABŞ prezidenti, Senat sədri və Nümayəndələr Palatasının spikeri, eləcə də Nyu Meksikodan olan ABŞ konqresmenlərinə göndəriləcəyi bildirilir.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp