Yapon dənizində azərbaycanlıların da içində olduğu gəminin geniş axtarışlarına başlanılıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yapon dənizində yoxa çıxmış və göyərtəsində iki azərbaycanlının da olduğu “Vostok” balıqçılıq gəmisinin sahibi “Okean” adlı digər gəmisini axtarışlara cəlb edib.

Milli.Az “Report”a istinadən bildirir ki, bu barədə “DV-Flot” şirkətinin direktoru Stanislav Malçevskiyə istinadən RİA “Novosti” məlumat yayıb.

“Gəmi artıq axtarışlara qoşulub, o, xilasedicilərlə əlaqə saxlayaraq axtarış qrupuna daxil olub və Dəniz Xilasedici-Koordinasiya Mərkəzinin göstərişi ilə axtarış nöqtəsinə istiqamət alıb”, – deyə o bildirib.

“Okean” axtarış ərazisindən 600 mil aralıdadır və gəmi 5 dəniz mili sürəti ilə gedir. Malçevski bildirib ki, şaxta səbəbindən gəminin buz bağlama riski var.

Eyni zamanda səhər saatlarından gəminin havadan axtarışlarının bərpa olunduğu xəbər verilib. Havadan axtarışlarda “Mi-8” vertolyotları və “Be-200” təyyarələri, həmçinin FHN-in Krasnoyarsk mərkəzindən bir təyyarə iştirak edir.

Son məlumatlara görə, gəmidə 20 heyət üzvü olub. Onlardan ikisi azərbaycanlı olmaqla, 11 Rusiya vətəndaşı, digərləri isə Moldova və Ukrayna vətəndaşlarıdır. Gəmidəki azərbaycanlılar 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadədir.

Gəmi ilə əlaqə yanvarın 25-də qəza siqnalından sonra itib.

01:29

Yanvarın 25-də Yapon dənizində, Rusiyanın Posyet dənizkənarı limanından 50-70 mil aralıda itən “Vostok” adlı balıqçı gəmisinin axtarışları səhər saatlarından genişləndiriləcək.

Milli.Az “Report”a istinadən bildirir ki, bunu TASS-a cümə günü Vladivostok dəniz xilasetmə və koordinasiya mərkəzinin nümayəndəsi deyib.

“Biz səhər tezdən “Vostok” gəmisinin axtarış dairəsini genişləndirəcəyik. Proqnozlara görə, hava 8:10-da işıqlanacaq. Dənizçilərin axtarışı son ümid itənə qədər davam etdiriləcək”, – deyə həmsöhbət bildirib.

Cümə axşamı Yapon dənizində qəza siqnalı işə düşüb. Göyərtəsində 20 heyət üzvünün, eləcə də iki azərbaycanlının olduğu “Vostok” trauleri ilə əlaqə kəsilib. Xilasetmə əməliyyatlarına Uzaq Şərq Dəniz Gəmiçiliyinin “Zaborşikov”, “Fesko-Diomid” gəmiləri, aviasiya, yaxınlıqdan ötüb keçən gəmilər cəlb edilib.

İki gün ərzində 7286 kv. km dəniz hövzəsi yoxlanılıb. Axtarışlar nəticəsində yalnız radioötürücü, yarıbatmış çəllək, buraz başlıqları, 2 xilasetmə jileti, 2 xilasetmə dairəsi və məişət zibili aşkar edilib.

Gəminin yoxa çıxması faktı üzrə ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümü ilə nəticələnən dəniz nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması maddəsi üzrə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp