Türkiyənin Suriyaya ordu yeritməsinin görünən və görünməyən tərəfləri – Nə dəyişəcək?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yanvarın 20-dən etibarən Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı hərbi əməliyyatlar həyata keçirir. “Zeytun budağı” şərti adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin çoxları tərəfindən birmənalı qarşılanmayacağı deyilsə də, sonradan verilən reaksiyalardan bəlli oldu ki, Ankara öz işini öncədən ehtiyatlı tutubmuş. Yəni buna görə Türkiyəni ciddi şəkildə qınayan və ona qarşı çıxan demək olar ki, olmadı. Nisbətən İranın etirazı müşahidə edilsə də, əksər dövlətlər, o cümlədən, Rusiya, ABŞ, Avropa Birliyi Türkiyəni dəstəklədi.

Bəs Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatları bundan sonra regionda hansı hərbi-siyasi dəyişikliklərə səbəb ola bilər? Məsələni Milli.Az-a şərh edən “Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib ki, Türkiyənin Suriyanın şimalında Afrin bölgəsinə ordu göndərməsi və orada təhlükəsizlik zonası yaratması əvvəla, antiterror koalisiyaları arasında yaranmış vəziyyət istifadə mərhələsidir:

“Çünki əvvəllər Türkiyənin hər bir addımı Rusiya və İran tərəfindən mənfi qarşılanırdı, indi isə Afrin əməliyyatları həm Rusiyanın, həm də Suriyada olan İran qüvvələrinin susqunluğu şəraitində keçir. Bu onu göstərir ki, Türkiyə Afrindəki hərbi əməliyyatları həmin ölkələrlə öncədən razılaşdırmağa nail olub”.

Ekspertin fikrincə, Türkiyə Suriya ərazisinə ordu yeritməklə bir neçə məqsədə nail olmaq istəyir: “Əvvəla, Türkiyə Suriyanın şimalındakı bu zolaqda nəzarəti ələ keçirməkdə məqsəd birincisi, ehtimal olunan kürd terror qruplaşmalarının və onların Aralıq dənizinə dəhliz yaratmasının qarşısını almaqdır. Çünki həmin ərazidən cəmi 40 km kənara Aralıq dənizidir. Əslində, Afrində kürdlərin çoxluq təşkil etməsi və hökmranlıq etməsi fikri tamamilə yanlışdır. Doğrusu isə budur ki, orada həm kürdlər, həm ərəblər, həm türkmənlər və ələvilər yaşayırlar. Sadəcə, Türkiyənin iddiasına görə, orada kürd terror qruplaşmaları ABŞ-ın dəstəyi ilə nəzarəti ələ keçirmişdilər.

Türkiyənin digər məqsədi orada millətlərarası ədavətin baş verməsinin qarşısını almaqdır. Türkiyə Afrinə ordu yeritməklə kürdlərin oradakı türkmənlərə və ərəblərə qarşı etnik təmizləmə həyata keçirməsinə imkan verməyəcək. Çünki bəzi məlumatlara görə, kürdlər də bizdə ermənilərin etdiyi kimi, nəzarəti ələ keçirdiyi bölgələrdə digər millətlərə qarşı etnik təmizləmə siyasəti aparır, kürdləri ora köçürür, həmin ərazidə özlərinin çoxluğunu təmin etməyə çalışırlar. Əslində isə, ABŞ-ın kürdlərdən istifadə etməsi kürdlərin maraqlarına uyğun deyil, çünki qonşularla əlavə ədavət yaradır. Ona görə də oradakı kürdlərdən siyasi divident əldə etmək üçün istifadə olunur. Amma təbii ki, bu, Türkiyəyə əl vermir.

Üçüncüsü, Türkiyə öz ərazisində məskunlaşmış 3,5 milyonluq suriyalı qaçqınları geri qaytarmaq niyyətindədir. Özü də həmin qaçqınları Suriyada Türkiyə ilə bütün sərhəd boyu yerləşdirmək niyyətindədirlər. Ona görə də Türkiyənin bu addımı gələcəyə hesablanmış və ciddi düşünülmüş böyük bir plandır. Bu baxımdan türklərin bu planı təkcə Afrinlə məhdudlaşmayacaq, yaxınlıqdakı digər əraziləri də əhatə edəcək.

Onu da əlavə edim ki, maraqlı da olsa, Türkiyə Suriyadakı kürdlərin bəzi qruplarını dəstəkləyir. Ona görə də Qərbdə türklərin guya kürdlərə qarşı milli ədavət aparması haqda yayılan məlumatlar həqiqətə uyğul deyil. Ən azından Türkiyə parlamentindəki deputatların təxminənən 15 faizinin kürdlər olması faktı özü çox şeydən xəbər verir”.

Ekspert hesab edir ki, Türkiyənin faktiki parçalanmış Suriyanın ərazisinə 30-40 km ordu yeritməsi hərbi baxımdan elə də ciddi dəyişiklərə gətirib çıxarmayacaq: “Lakin siyasi baxımdan bu, yeni bir elementdir. Bu göstərir ki, Türkiyə ABŞ-ın kürd terror təşkilatlarını silah-sursatla təchiz etməsi, onlara yardımları qarşısında əngəl yaradır. Türkiyə bu məsələdə çox sərt mövqe nümayiş etdirir. Hətta Türkiyə rəsmiləri bəyan edirlər ki, ABŞ kürd terror təşkilatlarına içi silah-sursatla doldurulmuş 5 minə yaxın iritutumlu yük avtomobili göndərib. Ona görə də Tramp-Ərdoğan danışıqlarında ABŞ müəyyən dərəcədə də olsa, Türkiyənin haqlı olduğunu qəbul edir və Ankara ilə ortaq məxrəc tapılması üçün yol axtarır”.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, TwitterYoutube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp