Roman Qriqorçuk: Təmkinin hərəkəti xoşuma gəlmədi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Antalya hazırlığı çərçivəsində sınaq matçında Rusiyanın “Arsenal” klubu ilə qarşılaşan “Qəbələ” matçdan 3:3 hesablı bərabərliklə ayrılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk sualları cavablandırıb.

– Oyun haqqında nə deyə bilərsiz?

– Matçdan çox razı qaldım. Bütün komponentlərdən, müdafiədən, hücumdan, oyunun təşkil olunmasından, bir sözlə, qarşılaşmadan çox məmnun qaldım. Bizim üçün çox yaxşı məşq oldu. Lazımi informasiyalar aldıq.

– Maraqlıdı ki, 3 dəfə hesabda geri düşsəniz də, hər dəfəsində bərabərliyi təmin edə bildiz…

– Yoldaşlıq oyunlarında nəticə əsas deyil. Heç vaxt sınaq matçlarındakı hesabları ciddi qəbul etmirəm. Vacib olan odu ki, mən bu gün meydanda gördüklərimdən çox məmnunam.

– Bu gün, xüsusilə də ilk hissədə göstərdiyiniz emosiyaları digər hazırlıq matçlarında görə bilməmişdik…

– Məşq oyunlarında adətən emoisonal olmuram. Bu, elədi ki, hər iki komanda məşq edir. Mən də istəyirəm ki, komandam düzgün məşq etsin. İstəyirik ki, hər şey necə olmalıdısa, elə olsun.

– Penalti epizodunda topa Təmkin Xəlilzadə yanaşdı. Bu, sizin tapşırığınız idi?

– Xeyr, mən sadəcə olaraq ilk meydana çıxan heyətdə penaltini kimin vuracağını deməmişdim. İkinci hissədə isə Təmkin özü yaxınlaşdı topa. Sözün düzünü deyim, onun bu hərəkətini bəyənmədim. Özünə heç nə demədim, amma belə hərəkət lazım deyil. Komandaya yeni qoşulub, hələ təzədi. Məsələ onun penalti zərbəsindən istifadə edə bilməməsi deyil, hərəkətidi.

– Bəlkə psixologiyası belədi? “Zirə”də o komandanın lideri idi. Burda da özünü elə hiss etmək istəyir…

– Liderlik uğrunda oyunçuların mübarizə aparması yaxşı haldı. Amma mən düşünmürəm ki, penalti vurmaq elə də güclü hörmət qazandırsın oyunçuya. Buna görə onu danlamayacam, nəsə irad bildirməyəcəm, amma deyim ki, xoşuma gəlmədi.

– Komandadan gedənlər oldu. Onların yerinə yeni oyunçular gətirəcəksiniz?

– Düşünürük, amma hələ ki, ciddi variantlar yoxdu. Əsasən də hücumameyilli oyunçular üzərində düşünürük. Ancaq bizə lazım olan oyunçu dəvət edəcəyik, transfer xətrinə kimisə almaq fikrimiz yoxdu.

– Qurban Qurbanov milli komandanın heyətini açıqladı. 3 oyunçu dəvət etdi sizdən. Bu, “Qəbələ”yə mane olmayacaq?

– Xeyr. Bu barədə bizim Qurbanla söhbətimiz olub. Əgər iki oyun olsaydı, biz oyunçularımızı sadəcə ilk matça yollayacaqdıq. İndi də oyunçularımızı 4 günlük göndərəcəyik.

– U-21-in oyunundan sonra Rəşad Sadıqov müsahibəsində demişdi ki, Hacıağa Hacıyev çox xoşuma gəlib, amma mən Roman Qriqorçuka deyə bilmərəm ki, onu mütəmadi olaraq əsas heyətdən oynatsın… Siz nə düşünürsüz bu barədə?

– Bütün oyunçularımı çox yaxşı tanıyıram. Hacı da digərləri kimi əsas komanda ilə məşq edir. Son olaraq qərarı da mən verirəm ki, kim nə qədər oynamalıdı. İstəyirik ki, öz oyunçularımızı yüksək səviyyədə görək. Qisməti, Hacını və digər gəncləri daha çox meydanda görməyi istəyirik. Belə məsələlərdə kiminsə mənə nəsə deməsi qeyri-peşəkarlıq olar.

– Haqqınızda çıxan xəbərlər haqqında nə deyə bilərsiz?

– Əgər belə bir şey olsa, təklif gəlsə, bunu ilk olaraq siz yox, mənim rəhbərliyim biləcək. Bundan başqa nəsə demək artıq işdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir