Qurban Qurbanov: “Millidə yeni adlar ola bilər”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” ötən gün iki yoxlama oyunu keçirdi. Ağdam klubu əvvəlcə Makedoniyanın “Şkupi” klubu ilə heç-heçə etdi (0:0), ardınca Ukrayna “Mariupol”una məğlub oldu (2:3).

İkincilərlə görüşdən sonra komandanın baş məqçisi Qurban Qurbanov futbolpress-in suallarını cavablandırdı

Milli.Az xəbər verir ki, əvvəlcə hər iki matç haqda fikirlərini bildirən mütəxəssis daha sonra milliylə bağlı bir sıra məsələlərə aydınlıq gətirdi…

“Nəticə ürəkaçan olmadı. Amma oyunların hər ikisindən razı qaldım. Planlaşdırmışdıq ki, yorğunluq olsa belə bütün futbolçular 90 dəqiqə meydanda qalsın. Hər iki oyunda istədiklərimiz oldu. Bəzi texniki səhvləri normal qəbul etmək lazımdır. Çoxlu qol epizodu yaratdıq, ancaq onlardan yararlana bilmədik. Hər iki oyunda sonlara doğru yorğunluqla birgə texniki səhvlər də artdı. Təcrübəli futbolçular belə səhvlərə yol vetməməlidir. Amma bunlara görə çox narahat olmaq lazım deyil. Çünki onları düzəltmək mümkündür. “Mariupol”la matç daha baxımlı alındı. Komanda 90 dəqiqə topa nəzarət etdi və düşünülmüş hücumlar qurdu. Sadəcə şanslardan istifadə edə bilmədik. Bu da onunla bağlıdır ki, hələ hazırlıqda futbolçuların son nöqtəni ideal səviyyədə qoya biləcəyi səviyyəyə çatmamışıq. Bundan sonra yükləmələri azaldacağıq və əsas diqqətimizi texniki məsələlərə yönəldəcəyik. Futbolçuların indiyəqədərki hazırlığından çox razıyam. Hər iki oyunda nəzarəti əldən vermədilər”.

– Hazırda futbolsevərlərə daha maraqlı məqam millinin heyətinin nə zaman açıqlanacağıdır. Ümumiyyətlə, yeni simalar olacaq?

– Bu gün “Neftçi” və “Sumqayıt”ın da oyunlarını izləmişik. Səhər saatlarında heyəti açıqlayacağıq. Açığı, sabah axşam U-21 millisinin də oyununa baxmaq istəyirdim. Amma belə çox gecikəcəyik deyə, səhər saatlarında yəqin ki, milliyə kimlərin dəvət olunduğunu biləcəksiz.

– Debütant olacaqmı?

– Millidə yeni adlar ola bilər. Ümumi siyahı tutmuşuq. Orda futbolçu sayı çoxdu. Hamısını nəzarətdə saxlamaq üçün belə bir siyahı tərtib etmişik. Onun əsasında son heyəti müəyyənləşdirəcəyik.

– Kosovoya qarşı yoldaşlıq oyunu ləğv edildi. Alternativ rəqib axtarılır?

– Artıq yeni rəqib axtarmaq üçün gecdir. Bundan sonra komanda axtarmaq, danışıqlar üçün vaxt yoxdur. Ona görə də elə bir oyunla – Moldova ilə matçla kifayətlənəcəyik.

– Kosovo ilə oyunun ləğvi ideyası hansı tərəfdən gəldi?

– Millətlər Liqasının püşkatmasından sonra ümumi danışıqlar əsnasında ortaq qərara gəldik.

– Kosovo ilə rəsmi matça 8 aya yaxın vaxt qalıb. Oynamaq olmazdımı bu qarşılaşmanı?

– İlk oyunumuz olacaq. Futbol elə bir növdür ki, hər dəfə gözlənilməzliklər, xoşagəlməzliklər baş verə bilər. Bəlkə də hansısa oyunçular arasında mübahisə, xoşagəlməz hallar yaşana bilərdi. Ona görə də rəsmi oyunöncəsi komandalarda hər hansı prinsipiallığın, aqressiyanın olmaması üçün belə bir ortaq qərara gəldik.

– Bundan sonra hər hansı əcnəbi futbolçunun milliləşdirilməsi mümkündür?

– Açığı, indi fikrimiz elə bu toplanışdadır. Ancaq siz də bilirsiniz ki, bəzi problemlərimiz var. Həqiqətən də elə mövqelər var ki, ora futbolçu lazımdır. Bunun legioner, yoxsa yerli olacağını indi deyə bilmərəm. Hansısa mövqedə, xətdə problem görürüksə, onu yeni futbolçularla həll etməyə çalışacağıq.

– Millətlər Liqasının təqvimi sizi qane etdi?

– Təqvim məni həmişə qane edir. Ümumiyətlə, belə şeylərə o qədər də önəm vermirəm. Hansı rəqiblə nə vaxt oynayacağıqsa, ona uyğun da proqram qurub, hazırlaşacağıq.

– Martdakı toplanış zamanı Makedoniyadan başqa rəqib ola bilər?

– Bəli. İki oyun keçirmək istəyirik. Amma çalışacağıq ki, onların biri Bakıda olsun. Martın 24-ü və 27-si yoldaşlıq oyunları “pəncərə”sidir. Ona görə də hər iki gün üçün rəqib olsa, daha yaxşıdır. Oyunların birini də Bakıda oynamaq istəyirik.

– Makedoniya ilə oyun niyə Antalyadadır?

– Onlar həmin zaman burda olacaqlar. Bizdən əvvəl gələcəklər. Müzakirə apardıq və gördük ki, hər iki tərəfə uyğun yer Antalyadır. Ona görə də matçı bura saldıq.`

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp