Aktyorlarımız Beynəlxalq Fəcr festivalından qayıtdılar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan Dövlət  Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. Festival öz işinə yanvarın 18-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində başlayıb. Sözügedən  festival dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir. Dünyanın bütün məşhur teatr kollektivləri bu festivalda iştirak edirlər. Yanvarın 21-də ADGTT-nın kollektivi İran paytaxtında yazıçı-dramaturq Tamara Vəliyevanın  “Cəza” təkadamlıq dramını  nümayiş etdirib.Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında qadın obrazını Əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşaya olan marağı nəzərə alan kollektiv səhnə əsərini yanvarın 22-də və 23-də yenidən nümayiş etdirib.

ADGTT-nın direktoru, nümayəndə heyətinin rəhbəri, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib ki, teatr kollektivinin festivalda iştirakı və dəvət  Azərbaycan teatr sənətinə olan maraq və eyni zamanda teatrımıza göstərilən etimaddır . Fəcr Festivalı İranın mədəni həyatında mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində  yaradıcılıq əlaqələrinin genişlənməsi istiqamətində bir sıra görüşlər keçirildi. Beynəlxalq miqyaslı bu tədbirdə Almaniya, Şotlandiya, Böyük Britaniya, Türkiyə, Polşa kimi ölkələrdən tanınmış teatr kollektivləri ilə bərabər İran İslam Respublikasının Təbriz, Ərdəbil, Urmiya və başqa şəhərlərindən də teatr truppaları iştirak edirdilər. Bütövlükdə festival çərçivəsində meydan tamaşaları ilə birgə 500-ə qədər tamaşa nümayiş olunacaqdır. Paytaxt Tehran şəhəri başda olmaqla İran İslam Respublikasının  digər şəhərlərində  də teatr sənətinə böyük maraq və sevgi hiss etdim. Bir sözlə, tam əminliklə demək olar ki, İran teatr sənəti inkişaf etmiş çox teatral ölkədir və teatra böyük maraq olan bir ölkədə tamaşa nümayiş etdirmək istənilən teatr kollektivi üçün çox əhəmiyyətli və vacibdir.

Qeyd edək ki, yanvarın 18-da başlamış festival yanvarın 28-dək davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp