“ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında” kitabının təqdimatı olub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön sözü və elmi redaktorluğu ilə nəşr olunan “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında” (1919-1920-ci illər) kitabının təqdimat mərasimi keçirilib.

Mİlli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ADR-in tarixinin araşdırılmasına böyük önəm verir: “Sovet dövründə buna icazə verilmirdi. Ancaq indi bu məsələyə dövlət səviyyəsində diqqət göstərilir. 23 ay fəaliyyət göstərən ADR-in yaradılması tariximizdə həmişə özünəməxsus yer tutacaq”.

A.Əlizadə deyib ki, ADR-in fəaliyyətinə dair mühüm sənədlər akademik Ramiz Mehdiyev tərəfindən toplanaraq “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında” (1919-1920-ci illər) kitabında cəmləşib.

“ADR-İran diplomatik münasibətləri haqqında yazışmalar və müasir dövr” məruzəsi ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, kitabda ADR-ə aid 98 sənəd ilk dəfə işıq üzü görüb: “Kitabdakı məlumatlar ADR-lə bağlı tədqiqatların aparılmasına yeni üfüq açır. Bu kitabda ilk dəfə Cümhuriyyət tarixi sistemli şəkildə, sənədlər əsasında ictimaiyyətə təqdim olunub”.

İ.Həbibbəyli qeyd edib ki, kitabda Cümhuriyyətin adı ilə bağlı da bəzi yeni məlumatlar var: “Yazılı sənədlər əsasında ictimaiyyətə ilk dəfə məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin adının əvvəlcə Oğuzustan olması təklif olunub”.

İ.Həbibbəyli bildirib ki, kitabda ilk dəfə olaraq, Cümhuriyyətin liderlərinin fəaliyyəti ilə bağlı yeni sənədlər də dərc edilib. Bu da həmin dövrlə bağlı liderlərin fəaliyyətinin yenidən qiymətləndirilməsinə imkan verər.

İ.Həbibbəyli kitabın tam olaraq, azərbaycançılıq mövqeyindən yazıldığını, onun Azərbaycanın dövlətçilik tarixinin araşdırılmasına töhfə verəcəyini söyləyib.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Azərbaycanın İranla müştərək tarixi var. Azərbaycan hər bir zaman bu tarixi qorumağa çalışıb: “Kitabdakı sənədlərdən görünür ki, tarix boyu Azərbaycana qarşı 3 qüvvə – şimal, cənub dairələri və ermənilər birləşib. Cümhuriyyətin tarixi ilə bağlı öyrənilməsi vacib olan məsələlərdən biri də ADR-in İranla olan münasibətlərini aydınlaşdırmaqdır. Bu kitab Azərbaycanın İranla olan münasibətlərinə bir daha gözəl şəkildə aydınlıq gətirib. Məlum olur ki, Azərbaycan İrana qarşı hər zaman təmkinli siyasət aparıb”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp