“Prezidentimizin çıxışı Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Bu gün bütün dünyanın diqqəti Davosa yönəlib. Artıq 48-ci dəfədir ki, keçirilən Davos İqtisadi Forumunda bir çox mühüm məsələlər müzakirə edilir. Ümumiyyətlə, bu Forum ölkəmiz üçün xüsusi önəm kəsb edir. Çünki Azərbaycan da bu beynəlxalq tədbirdə təmsil olunur, möhtərəm Prezidentimiz Forum çərçivəsində mühüm görüşlər keçirir, qarşılıqlı faydalı müzakirələr aparılır. Bu görüşlər zamanı ölkəmizin gələcək inkişafı, yeni əməkdaşlıq imkanları ilə bağlı mühüm razılaşmalar əldə edilir. Davos Forumu çərçivəsində möhtərəm Prezidentimizin “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada iştirakını, “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda səsləndirdiyi fikirləri xüsusi olaraq vurğulamaq lazımdır. Hesab edirəm ki, Forum bizim üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha doğru şəkildə çatdırılması baxımından böyük önəm daşıyır”.

Milli.Az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmiz uzun illərdir ki, Davos İqtisadi Forumu ilə uğurla əməkdaşlıq edir: “Bu əməkdaşlıq bir sıra sahələri əhatə edir. Azərbaycan həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində regionda və dünyada sülhün və təhlükəsizliyin təminatına mühüm töhfələr verir. Bununla yanaşı, ölkəmiz öz iqtisadi inkişafını təmin etməklə yanaşı, regional və qlobal inkişafa da dəstək verir. Bu reallığı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr də təsiq edir. Qeyd etdiklərimizin məntiqi nəticəsi olaraq Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabətqabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Sözsüz ki, bu amil bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır”.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, hazırda Azərbaycanın müstəqil siyasət yürütməsi bir sıra dairələrdə qısqanclıq yaradır: “Sözsüz ki, Qərbdə bir sıra qüvvələr ölkəmizin artan nüfuzuna, uğurlu xarici siyasət kursuna mane olmağa cəhdlər göstərirlər, əsası olmayan dezinformasiyalar yayırlar. Lakin bütün bunlar reallıqlara söykənmir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır. Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında aparıcının suallarını cavablandıran möhtərəm Prezidentimiz İlham Əliyev bu cür dairələrin əsassız iddialarını ifşa etdi. Ölkəmizin başçısı bildirdi ki, Azərbaycanda bütün fundamental azadlıqlar, mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır”.

“İki sahil” qəzetinin baş redaktoru bu cür qərəzli yanaşmaları siyasi motivlərlə əlaqələndirib: “Əgər sənin ölkənin milli maraqları bəzi dairələrin maraqları ilə toqquşursa, o zaman haqsız tənqidlərə, təzyiqlərə məruz qalırsan. Guya Azərbaycanda söz azadlığı, fikir sərbəstliyi yoxdur. Bunların hamısı cəfəngiyyatdır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirir. Azərbaycanda söz və mətbuat azadlığının olmaması barədə uydurmalar Qərbdəki müəyyən siyasi qrupların fəaliyyətinin məhsuludur. Hesab edirəm ki, ölkəmizin başçısının dərin məzmunlu, faktlara əsaslanan bu fikirləri Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp