Oxucusu olmayan yazıçı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Gənc yazarlarla tez-tez ünsiyyətdə oluram. Homerdən üzü bəri bu yaxınlarda Nobel mükafatı almış İşıquroya qədər dünya ədəbiyyatının bütün simalarıyla tanışdırlar. Yeraltı, yerüstü ədəbiyyatın bütün dolanbaclarına baş vururlar, Aristoteldən Haydeggerə qədər fəlsəfə meşəliyində gəzib-dolaşmaqdan zövq alırlar. Olsun. Amma onlarla söhbətlərim zamanı görürəm ki, Şərq klassik ədəbiyyatına bələd deyillər. Nizamini oxumayıb, Kafkadan söz düşəndə bülbül kimi ötür. Şərqin böyük filosofları haqda bilgiləri yoxdur, Nitşenin aforizmlərini əzbərləyib, yeri gəldi-gəlmədi, intellektual görünmək üçün ondan sitat gətirir.

Gənc dostlarımızın Azərbaycan ədəbiyyatı ilə tanışlığı qanedici səviyyədə deyil. Bəzən yetərincə tanınmış yazıçıların adları çəkiləndə tanımadıqlarını deyirlər. Dünya ədəbiyyatından bərbad şəkildə tərcümə olunan, dilimizin anasını ağladan qarışıq mətnlər onların düşüncəsində bir xaos yaradır, yad təsirlər onları çaş-baş vəziyyətdə qoyur. Mən həmişə bu fikirdə olmuşam ki, Azərbaycan dilinin incəliklərinə bələd olmaq üçün mümkün qədər öz yazıçılarımızı oxumaq lazımdır. Çünki ədəbiyyat hər şeydən əvvəl dil hadisəsidir. Hüseyn İbrahimov adlı yazıçımız olub. Onun “Əsrin onda biri” adlı möhtəşəm romanı var. XII əsr Atabəylər dövründən bəhs edir, əsasən Memar Əcəminin həyatını əks etdirir. İnanın ki, insanlarımızın əksəriyyəti Memar Əcəmini metro stansiyasının adı kimi tanıyır. Dəfələrlə bunun şahidi olmuşam və heyrətə gəlmişəm. İndi artıq heç nəyə heyrətlənmirəm. İnsanlar sanki düşünmək hissini yadırğayıb, yazıçılar bir-birinin əsərlərini oxumurlar, gənc nəsillə köhnə nəsil arasında uçurum yaranıb. Sosial şəbəkələrdə tez-tez oxucuların ittihamlarıyla rastlaşıram: “bizimkilər yaza bilmir”. Soruşursan ki, bizim yazıçılardan kimləri oxumusunuz? İkrah hissiylə “mən xarici yazıçıları oxuyuram” deyir.

Yaxud bizi qınayırlar ki, əsərlərinizdə dövrün mənzərəsi yoxdur. Azərbaycan ədəbiyyatında son dövrdə yaranan xeyli sayda əsər adı çəkə bilərəm ki, o əsərlər birbaşa bu günümüzün salnaməsidir. Sadəcə, o əsərləri oxumaq lazımdır. Yazıçı Nurəddin Ədiloğlu müstəqilliyimizin ilk illərində “Azərnur adlı bir roman yazıb. Əsər Zərdüştün “Avesta”sı üzərində qurulub, əsərdə oğuz elinin hay tayfalarıyla mübarizəsi öz əksini tapıb. Əsərdəki bütün hadisələr az qala, bu günümüzün mənzərəsidir. Yazıçı o dövrü yazır, bu günün dərdlərini göstərir. İsmayıl Rizvanoğlu adlı gənc yazıçı var, bu yaxınlarda onun “Nari” romanını oxudum. Əsərdə Amerika andeqraund ədəbiyyatının təsiri duyulsa da bu günkü gəncliyin tənhalıq hissi, daxili təbəddülatları, cəmiyyətdə özünə yer tapa bilməməsi çox gözəl əks olunub. Mən o əsərdə bu günümüzün mənzərəsini gördüm. Bu günkü gəncliyin düşüncələrini, hansı arzularla yaşadıqlarını, gələcəklə bağlı xəyallarını o əsərdə görmək mümkündür.  Xalq yazıçısı Elçinin “Bayraqdar”, Sabir Rüstəmxanlının “Akademikin son əsəri”, Məmməd Orucun “Atəşkəs yallısı”, Kamran Nəzirlinin “Dördüncü möhür”, Səxavət Talıblının “Adəm övladları” və onlarla digər əsərlərimiz var ki, Azərbaycanın müstəqillik qazandıqdan sonrakı dövrdə keçdiyi yol o əsərlərdə öz əksini tapıb. Bəs biz bu əsərlərdən xəbərdarıqmı? Hansını oxumuşuq?

Bu gün oxucu yazıçının yanında deyil, gənc nəsil isə Qərbin ekzistensial xaosunda öz milli oriyentrini itirmiş vəziyyətdədir.   

Kənan Hacı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp