Lökbatan-Güzdək yolu yenidən qurulur – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyindən Milli.Az-a verilən məlumata görə, bu ilin ilk qəsələrarası avtomobil yolu layihəsi olaraq Lökbatan-Güzdək yolunun yenidən qurulması işlərinə başlanılıb. Yolun uzunluğu 9,1 km təşkil edir.

Lökbatan-Güzdək avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 7 m olmaqla, yol yatağının eni 12-13 m təşkil edəcək.

Artıq yolun 4,6 km-lik hissəsində yeni yol yatağı inşa olunub. Yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədi ilə kənardan xüsusi material gətirilərək yol yatağı ortalama 1 m hündürlüyə qaldırılıb. Hazırda sözügedən hissədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.

Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Asfaltlanma işləri yolun 60 min kv.m-dən çox sahəsində aparılacaq. Bundan başqa layihəyə uyğun olaraq 3 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü borular quraşdırılacaq və 1 ədəd mövcud 5 m uzunluğunda dörbucaqlı su keçidi əsaslı şəkildə bərpa olunacaq.

Uzun müddət istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti yolun hərəkət hissəsində dağılma və çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun yenidən qurulması ilə bu problemlər aradan qaldırılacaq, ən əsası 3 yaşayış məntəqəsinin 43 minə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yolun birləşdirdiyi qəsəbələrarası yük və sərnişin daşıması rahatlaşacaq.

Yenidənqurma və bərpa işlərindən sonra yol boyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp